Fiqh Namaz Təharət

Xəstə adamın təmizliyi və namazı

xeste

Aləmlərin rəbbi olan Allaha həmd-səna olsun. Peyğəmbəri Muhəmmədə, onun ailəsinə və cəmi  əshabələrinə Allahın salavatı və salamı olsun.

 

Bu məqaləmizdə sizə xəstə insanın təmizlənməsi və namazı necə qılması haqqında məlumat verəcəyik.

Uca Allah hər bir namaz üçün təmizlənməyi bizə əmr etmişdir. İbadətə başlamadan öncə insan bədənini və namaz qılacağı yeri murdar şeylərdən təmizləməlidir. Bu baxımdan əvvəlcə təmizlənməyin üsullarını bilmək lazımdır.

Böyük və ya kiçik subaşından sonra su ilə təmizlənmək lazımdır. Yatıb durduqdan, yaxud bədəndən çıxan  yeldən sonra ayıb yerlərini yumaq lazım deyil, sadəcə dəstəmaz almaq kifayət edir. Yumaq, bədənə dəymiş natəmizliyi təmizləmək üçündür. Əgər xəstə adam su ilə təmizlənə bilmirsə, salfetkadan istifadə edə bilər. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) daş ilə təmizlənməyə icazə vermişdir.

Sudan istifadə etmək mümkündürsə, su ilə təmizlənmək daha yaxşıdır.

Həmçinin təmizliyi sol əl ilə etmək lazımdır. Belə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  subaşından sonra sağ əl ilə təmizlənməyi qadağan etmişdir. Əgər xəstə adam sol əlindən istifadə edə bilmirsə, zərurət baxımından sağ əli ilə də təmizlənə bilər.

İslam şəriəti asanlıq və rahatlıq prinsiplərini üzərində qurulduğu üçün uca Allah üzrlü insanların ibadətini də asanlaşdırmışdır ki, onlar heç bir sıxıntı çəkmədən Allaha ibadət edə bilsinlər. Uca Allah buyurur: O, dində sizin üçün heç bir çətinlik yeri qoymadı…” (əl-Həcc: 78). “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər” (əl-Bəqərə: 185). “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun.” (ət-Tağabun: 16).

Xəstə insan dəstəmaz aldığı təqdirdə xəstəliyinin artacağından ehtiyat edərsə, təyəmmüm edə bilər. Təyəmmüm etmək üçün əlinin içini bir dəfə torpağa vurub, əlinin içi ilə bir dəfə üzünə və əllərinin üstünə sürtür. Uca Allah buyurur: “Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün.” (əl-Maidə: 5).

 Xəstənin təmizliyi

  1. Əgər xəstəliyi yüngüldürsə, sudan istifadə etməklə xəstəliyin şiddətlənməsi və ya ölüm təhlükəsi olmazsa, su ilə təmizlənməlidir. Buna baş ağrısı, diş ağrısı və s. misal çəkmək olar.
  2. Əgər ölüm, yaxud əzanın itirilmə təhlükəsi olarsa, yaxud da xəstəliyin ağırlaşıb ölümə aparacağı ehtimal edilərsə, təyəmmüm edə bilər. Uca Allah buyurur: “özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” (Nisa: 29).
  3. Tərpənmək imkanı olmayan, yaxud onun üçün su gətirəcək adam olmayan yataq xəstəsi təyəmmüm edə bilər. Əgər təyəmmüm də edə bilmirsə, yanındakılardan kimsə ona təyəmmüm edə bilər. Əgər xəstə adamın libası və ya yatağı nəcasətə bulaşıbsa və onu təmizləyə bilmirsə, elə o vəziyyətdə də namazını qılmalıdır. Uca Allah buyurur: “Allahdan bacardığınız qədər qorxun” (ət-Təğabun: 16).
  4. Sidiyini və yelini saxlaya bilməyən, yaxud daim qan ifraz olunan xəstələr namazın vaxtı daxil olduqdan sonra hər namaz üçün bir dəfə dəstəmaz almalı, bədəninə dəyəmiş natəmizliyi təmizləməlidirlər. Əgər imanı varsa, namaz üçün xüsusi geyim nəzərdə tuta bilər.
  5. Dərin kəsik yarası, sınığı, yaxud su istifadəsi zərər gətirən xəstəliyi olarsa, belə insan da təyəmmüm edə bilər. Əgər bədəninin sağlam hissəsini yuya bilirsə, yumalı, qalan hissə isə bağışlanandır.
  6. Əgər xəstə nə su, nə də torpaq tapa bilmirsə, o olduğu halda namazını qılır. Heç bir halda namazı gecikdirə bilməz. “Allahdan bacardığınız qədər qorxun” (ət-Təğabun: 16).

Xəstənin namazı

Elm adamları ittifaq ediblər ki, ayaq üstə namaz qıla bilməyən insan, oturan halda qılmalıdır. Oturub qıla bilməyən insan uzanan halda üzü qibləyə çevrilib qılmalıdır. Bu halda sağ tərəf üstə çevrilməsi daha yaxşıdır. Əgər çevrilə bilmirsə, arxası üstə uzanmış halda qılmalıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  İmran bin Huseyn (Allah ondan razı olsun) adlı səhabəyə belə demişdir: “Namazı ayaq üstə qıl, bacarmasan oturan yerdə qıl, onu da bacarmasan böyrü üstə qıl.” Buxari rəvayət etmişdir. İmam Nəsainin rəvayətində isə əlavə olaraq belə deyilir: “Əgər böyrü üstə qıla bilməsən, arxası üstə qıl.”

Ayaq üstə dayana bilir, lakin səcdə və rüku edə bilmirsə, qiyamı ayaq üstə dayanmalı, rüku üçün işarə olaraq biraz əyilməli, səcdə üçün isə oturub əyilməlidir.

Əgər xəstəliyi onu arxası üstə uzanmağa məcbur edirsə, elə uzandığı halda qılmalıdır.

Rüku və səcdə edə bilməyən insan, rüku üçün biraz, səcdə üçün ondan azacıq çox əyilməlidir.

Təkcə səcdə edə bilməyən adam, rükunu edir, sonra səcdə üçün az əyilir.

Namaza yatıb qalan xəstə oyanan kimi, namazını qılmalıdır.

Heç bir halda namazı tərk etmək olmaz. Xəstə insan xəstəlik günlərində namaza daha çox diqqət ayırmalıdır. Əgər ağlı yerindədirsə, heç bir halda namazı tərk etməli deyil. Ağlı başında olan xəstə namazı bilərəkdən qılmazsa, bu zaman böyük günah daşımış olur.

Əgər hər namazı öz vaxtında qılmaq onun üçün çətinlik yaradırsa, zöhrlə əsr, məğriblə işa namazlarını bir vaxtda qıla bilər.

Xəstənin təmizliyi və namazı haqqında sizə çatdırmaq istədiyimiz məlumatlar bundan ibarət idi.

Allah bütün xəstələrimizə şəfa versin.

Hörmətlə Feqih.com heyəti