Məqalələr

Valentin “bayramını” qeyd etmək olarmı?

valentin-bayramini-qeyd-etmek-olarmi

Bildiyimiz kimi, İslamda cəmi iki bayram var…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Günümüzdə “Valentin günü” və yaxud “sevgililər günü” kimi qeyd olunan bu batil günün tarixinə nəzər salsaq bunun Bütpərəst Romalıların keçirtdiyi bir bayram olduğunu görərik. (Valentin bayramının tarixi)

Bildiyimiz kimi, İslamda cəmi iki bayram var və müsəlmanlar yalnız bu bayramları keçirtməlidirlər və bu barədə mübahisə etməməlidirlər.

Uca Allah buyurur: “Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.” (əl-Həcc, 67)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəbərdarlıq olaraq bildirmişdir ki, ümmətində özlərini qeyri-müsəlmanlara bənzətməyə çalışanlar bir toplum ortaya çıxacaq, bunu aşağıdakı hədisdən acıq aydın görmək olur.

Əbu Səid əl-Xudri (Allah ona rəhmət etsin) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Sizdən əvvəlkilərin yoluna qarış-qarış, arşın-arşın tabe olacaqsınız. Hətta kərtənkələ dəliyinə girsələr onların arxasınca gedəcəksiniz. Biz dedik: “Ya Rəsulullah, yəhudilər və xristianlar mı? O: “Başqa kimləri?!” — deyə cavab verdi.” (Buxari, 8/151; Muslim, 4/2054)

əl-Həfiz əz-Zəhəbi (Allah ona rəhmət etsin) demişdir: “Bir halda ki, xristianların və yəhudilərin onlara xas, məxsus öz bayramları var, elə isə müsəlmanlar o bayramların keçirilməsində onlara qoşulmamalıdır, necə ki, (müsəlman) bir kəs onların dininə qoşulmur (qəbul etmir) və yaxud onların qibləsinə dönmür”.(Təşəbbuh əl-Xəsis bi əhlil-Xamis, Hikmət jurnalı, 4/193)

Allah Təala buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” (əl-Maidə, 51)

Müsəlman olan kəsə istər yeməyində, istər geyimində, istərsə də hər hansı bir başqa əməldə özünü qeyri-müsəlmanlara oxşatmaq qadağandır. Həmçinin də, qeyri-müsəlmanların bayramlarını, dini ayinlərini nəinki keçirtmək, hətta iştirak etmək və ya təbrik etmək belə olmaz. Müsəlmanlar bu bayramı keçirməməli və yaxud onları keçirənlərə qoşulmamalıdır. Çünki Quran və sünnədə keçən dəlillər göstərir ki, qeyri-müsəlmanların bayramlarını keçirmək qadağandır.

Allah Təala buyurur: “…Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (əl-Maidə, 2)

Həmçinin Uca Allah buyurur: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır.” (Mücadilə: 22)

Ona görə də, ilk öncə nəfsimizə sonra isə bütün müsəlmanlara xatırlatmaq istəyirik ki, dinlərini yaxşı öyrənsinlər, Allahdan lazımınca qorxsunlar və bilsinlər ki, izzət qeyri-müsəlmanlara oxşamaqda deyil, əksinə izzət Allaha və Rəsuluna (Allahın ona salavat və salamı olsun) tabe olmaqdadır.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti