Qadınlar üçün Səhabələr Sira

Ummu Sələmə (Allah ondan razı olsun)

photo1
Müəllif - feqih

Ummu Sələmə (Allah ondan razı olsun) əri ilə bərabər Həbəşistana hicrət edən ilk müsəlmanlardandır.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Adı Hind bint Əbi Ummeyyə`dir. Allahın qılıncı Xalid ibn Vəlidin (Allah ondan razı olsun) əmisi qızıdır. Qadınların ən gözəllərindən və ən soylularından olduğu qədər hicablı və pak bir xanım idi. Atası Səhl ibn Muğirə Qureyşli sayılan cömərdlilərdən idi.

Ummu Sələmə (Allah ondan razı olsun) əri ilə bərabər Həbəşistana hicrət edən ilk müsəlmanlardandır. Ömər ibn əl-Xattab`ın (Allah ondan razı olsun) müsəlman olmasıyla Məkkədəki müsəlmanların dinlərini izhar etməyə və Kəbədə açıq ibadət etməyə başladıqlarını öyrəndikdən sonra Məkkəyə geri döndülər. Ancaq geri qayıtdıqda müşriklərin düşmanlıqlarını artırmaları nəticəsində Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) icazəsi ilə dinlərini qurtara bilmək üçün mallarını və yurdlarını bir daha tərk edərək ikinci dəfə Həbəşistana hicrət edib dinclik və təhlükəsizliyə qovuşdular. Bir müddət sonra bir qisim muhacir ilə Əbu Sələmə və ailəsi Məkkəyə təkrar geri qayıtdılar. Ancaq bu qayıdışda da axtardıqlarını tapa bilmədilər. Müsəlmanlar üçün yeni bir hicrət axtarışından başqa çıxış yolu olmadığı başa düşüldükdə, Peyğəmbərdən (Allahın ona salamı və salavatı olsun) izn istədilər. Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) bu dəfə gözlənilənin əksinə hicrət yurdu olaraq Həbəşistanı yox, qonşu diyarda Mədinəni göstərdi.

Əbu Sələmə (Allah ondan razı olsun) xanımı tərəfinin maneə törətməsi səbəbilə zövcəsini və oğlu Sələməni Məkkəyə buraxaraq, Mədinəyə tək başına getdi və oraya gedən ilk mühacir oldu. Bir ilə yaxın bir vaxt sonar da qövmünün insafa gəlməsiylə rahatlayan Ummu Sələmə (Allah ondan razı olsun) dəvəyə minib, oğlunu da yanına alaraq Mədinəyə doğru yola çıxdı. Yolda onunla rastlaşıb vəziyyətini soruşan Osman ibn Talhanın nəzarətində Qubaya qədər gəldi və o da əri kimi mühacirə olaraq Məkkədən Mədinəyə gələn ilk dəvə yolçusu oldu. (Tirmizi, 3210)

Ondan sonra qruplar şəklində digər mühacirlər gəldi və sonda da Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun)hicrəti baş verdi. Burada Bədr və Uhud döyüşlərinə qatılan Əbu Sələmə (Allah ondan razı olsun) Uhudda aldığı bir yaranın daha sonra təkrar açılmasıyla vəfat etdi. Ərinin vəfatı üzərinə Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) tövsiyyəsinə qulaq asaraq:

“Həqiqətən də biz Allahdanıq və dönüşümüz Onadır.” ayəsini oxudu və:

“Ey Allahım, məni bu fəlakətlə mükafatlandır və bundan daha yaxşısı ilə əvəz et.” deyə dua etdi. Bir müddət sonra Allah Təalə duasına qarşılıq olaraq ona Peyğəmbəri (Allahın ona salamı və salavatı olsun)  ər olaraq ehsan etdi. (Muslim, 918/3)

Bu hadisə hicrətin 4-cü ili Şəvval ayında baş verdi və bu evlilik Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) vəfatına qədər təxminən 7 il davam etdi.

 Ummu Sələmə (Allah ondan razı olsun):

“Kişilər vuruşurlar, ancaq qadınlar vuruşmurlar. Həm də biz mirasdan yarım hissə alırıq” — dedikdə, Allah Təalə bu ayəni nazil etdi:

“Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir». (Nisa surəsi, 32)” (Tirmizi, 3210)

 Yenə Ummu Sələmə (Allah ondan razı olsun):

“Ya Rasulullah! Hicrət barəsində Allahın qadınlardan bəhs etdiyini eşitmirəm.” — dedikdə, Allah Təalə bu ayəni nazil etdi:

“Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır». (Ali İmran, 195) (Tirmizi, 3211)

Ummu Sələmə (Allah ondan razı olsun) hicrətin 6-cı ilində ümrə etmək üçün Məkkəyə hərəkət edən müsəlmanlarla birlikdə Peyğəmbərin(Allahın ona salamı və salavatı olsun) yanında idi. Bu dəfə də müşrik Qureyşlilər onların Məkkəyə girmələrinə izn vermədilər və sonda Hudeybiyyə müqaviləsi bağlandı. Bu hadisədə Ummu Sələmənin (Allah ondan razı olsun) İslam tarixi baxımından çox vacib bir rolu olmuşdur.

Hudeybiyyə müqaviləsinin şərtləri səhabələrə ağır gəlmişdi. Görünüşə görə bu bir zəfər deyil, müşriklərə boyun əymək idi. Peyğəmbər (Allahın ona salamı və salavatı olsun)müqavilənin yazımını və imzasını bitirdikdən sonra səhabələrinə buyurdu: “Artıq qalxın, qurbanlarınızı kəsib, başlarınızı təraş edin (saçlarınızı qırxın.).”

Səhabələrdən bir nəfər belə qalxmadı. Hətta Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) bu əmrini üç dəfə təkrarladı. Buna baxmayaraq kimsə qalxmadıqda Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) kədərli və əsəbi olaraq zövcəsi Ummu Sələmənin (Allah ondan razı olsun) yanına daxil oldu və səhabələrindən gördüyü laqeydsizliyi ona danışdı. Ummu Sələmə (Allah ondan razı olsun) dedi: “Ey Allahın elçisi! Sən bu əmri yerinə yetirmək istəyirsənsə, indi çölə çıx, heç kimlə bir kəlmə danışmadan qurbanını kəs və bərbərini çağıraraq başını təraş etdir (saçını qırxdır.).” Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) onun məsləhətinə qulaq asaraq çadırından çıxdı, qurbanını kəsdi və təraş oldu (saçını qırxdırdı.). Səhabələr də onun bu halını gördükdə dərhal qalxaraq qurbanlarını kəsməyə və təraş olmağa (saçlarını qırxdırmağa) başladılar. (Buxari, 2570)

Müsəlmanlar bir an hisslərinə məğlub olmuş və Nəbilərinin (Allahın ona salamı və salavatı olsun) sözünü dinləməyib ancaq gerçəyi tez görərək səhvlərindən dönmüş və Allaha tövbə etmişlər. Necə ki, Ömər (Allah ondan razı olsun) o hadisələr əsnasındakı reaksiyasına görə kəffarə olaraq bir çox yaxşılıqlar etdiyini xəbər verir. (Buxari, 2569)

Əslində Hudeybiyyədə bağlanan bu müqavilə Allah və Rasulunun xəbər verdiyi kimi əvvəlki fəthlərin hamısından daha böyük bir fəth idi. Çünki Hudeybiyyədən sonra Allahın dinini əvvəlkilərdən daha çox insan qəbul etmişdi. (Buxari, 2973, Muslim, 1785/94)

Ummu Sələmə (Allah ondan razı olsun) hicrətin 10-cu ilində Peyğəmbər`lə(Allahın ona salamı və salavatı olsun) birlikdə “Vida Həccində” oldu.

Qadın səhabələrin fəqihlərindən olan Ummu Sələmənin (Allah ondan razı olsun) parlaq bir zəkası və məqsədəuyğun görüşləri var idi. Ondan 378 hədis rəvayət edilmişdir. Bunlardan 13-ünü Buxari və Muslim bir yerdə rəvayət edib, ayrı-ayrılıqda 3-ünü Buxari və 13-ünü Muslim rəvayət etmişdir. Ravileri isə, uşaqları Ömər və Zeynəb ilə Səid ibn Müseyyəb, Əsvəd ibn Yezid, Şabi, Əbu Saleh Səmman, Mücahid, Nafi ibn Cübeyr ibn Mutim, köləsi Nafi, İbn Ömərin (Allah onların hər ikisindən razı olsun) azadlısı Nafi, Ata ibn Əbi Rabah, İbn Əbi Müleykə kimi məşhur şəxsiyyətlərdir.

Əbu Sələmədən (Allah ondan razı olsun) olan Sələmə, Ömər, Dürrə və Zeynəb adlı dörd uşağı da səhabə olan Ummu Sələmə (Allah ondan razı olsun) ən yüksək şərəflərdən bir qismini əldə etmiş olaraq, hicri 62-ci ilində 90 yaşında ikən Mədinədə vəfat etmiş və Cənnətul Bəqi qəbirstanlığında dəfn edilmişdir. Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) zövcələrindən ilk vəfat edəni Xədicə (Allah ondan razı olsun) olduğu kimi, sonuncu vəfat edəni də Ummu Sələmədir (Allah ondan razı olsun). (Heysəmi, 9/247)

Hazırladı: Abu Abdullah Tunar

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment