Fiqh Fiqh Elmi Məqalələr Təharət

Təharət kitabı — 4-cü dərs

fiqh4
Müəllif - feqih

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra:

TƏHARƏT KİTABI

Təharət sözü ərəb dilində təmizlik deməkdir. Bu hissi və mənəvi təmizliyə aiddir. («əl-Misbəh əl-Munir» kitabı 2/379)

İstilahi mənada isə (fiqh alimlərinin öz aralarında istifadə etdikləri məna) belədir: «“Hədəs”-in və onun mənasında olanların aradan qalxması, «xabəs»-in isə yox olması.» («Zəd əl-Mustəqni fi İxtisar əl-Muqni» 1/25)

«Kitab» sözü ərəb dilində olan mənalarının kökü «cəm etmək» mənası üzərində qurulub (İbn Fərisin «Məqayis al-lüğah» kitabı 5/158).

Qələmlə kitab yazmaq – hərfləri və kəlimələri cəm etmək deməkdir. Elm əhlinin buyurduğuna görə, təharət kitabı ona görə belə adlanır ki, bu  mövzuda olan məlumatları, hədisləri, elmi məsələləri bir yerdə cəm edir. Həmçinin, «kitab» sözünün mənalarından biri də «yazılmış» deməkdir.

Buna görədə şeyx İbn Useyminin (Allah ona rəhmət etsin) «Təharət kitabı» ifadəsinin mənası haqqında buyurub: «Yəni təharət haqqında yazılmış deməkdir.»  («əş-Şərh əl-Mumti» kitabı).

Təharət (yəni təmizlik) namazın açarı hesab olunur və o olmadan namaz keçərli deyil. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: «Təharətsiz namaz qəbul olunmaz.»  (Muslim). Elə buna görə də bir çox müəlliflər öz kitablarına təharət kitabı ilə başlamışlar.

Yuxarıda qeyd edildiyi kimi, təharətin tərifi belədir: «“Hədəs”-in və onun mənasında olanların aradan qalxması, «xabəs»-in isə yox olması («Zəd əl-Mustəqni fi ixtisar əl-muqni» 1/25)

Tərifin izahı:

«Hədəs» sözü  ərəb dilində «yeni baş vermiş hadisə»-yə deyilir. («əl-Qamus əl-Muhit» səh 171).

İstilahi mənada isə: «Bədəndə baş verən,  namaza və ona oxşar ibadətlərə mane olan hallara deyilir.» («əş-Şərh əl-Mumti» kitabı).

Hədəs iki növdür: kiçikböyük hədəs. Kiçik hədəs dəstəmazla, böyük hədəs isə cənabət qüslu ilə aradan qalxır.

Oxucuya daha da asan olsun deyə hədəsin mənaları sxem şəklində təqdim olunur:

seymur33

«Xabəs» sözü isə «nəcasət» deməkdir. Ərəb dilində «xabis» sözü  yaxşının əksi və pis olan bir şey mənasını verir. («Lisən əl-Ərab» kitabı).

Oxucuya daha da asan olsun deyə xabəsin mənaları sxem  şəklində təqdim olunur:

seymur3

«Nəcasət» sözü isə ərəb dilində çirkli və təmiz olmayan deməkdir. («əl-Misbəh əl-Munir» kitabı).  İstilahi mənası isə belədir: «Ondan təmizlənilməsi vacib olan hər şeyə nəcasət deyilir (Şeyx İbn Useyminin (Allah ona rəhm etsin) «əş-Şərh əl-Mumti» kitabı).

Oxucuya daha da asan olsun deyə nəcasətin mənalarını sxem şəklində təqdim olunur:

seymur4

Təharətin tərifində keçən «və onun mənasında olanların aradan qalxması» ifadəsi ona görə deyilir ki, bəzən hədəsin aradan qalxması olmadığı halda təharət adlanan hallar var.

Məsələn: cümə qüslü. Bu qüsl hədəsin aradan qaldırılması üçün deyil, sünnədə varid olduğu üçün alınır.  Deməli, cümə qüslü hədəsin aradan qaldırılması üçün deyil, lakin onun mənasındadır. (ən-Nəvavi (Allah ona rəhmət etsin) «əl-Məcmu» kitabında «Təharət kitabı» və İbn Useyminin (Allah ona rəhmət etsin) «əş-Şərh əl-Mumti» kitabında «Təharət kitabı»).

Elm əhli buyurur ki, təharət (yəni təmizlik) iki növdür: zahiri təharət və batini təharət.

Zahiri təharət dəstəmazla və ya  qüsl edib yuyunmaqla, həmçinin bədənin, paltarın və yerin təmiz olması ilə əldə olunur.

Batini təharət isə tövhidlə, şirkdən təmizlənməklə, möminlərə qarşı həsəd, kin, paxıllıqdan uzaq olmaqla əldə edilir. Bunların ən əsası şirkdən təmizlənərək tövhidlə Allaha ibadət etməkdir. Allah təalə buyurur: «Mən insanları və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım.» (əz-Zəriyət 56).  Tövhid Allahı ibadətdə təkləşdirməyə deyilir. İslam dininin əsası tövhiddir. Buna görə də, hər kəs yalnız Allaha ibadət etməli və ondan başqa ibadət olunanları isə tərk etməlidir. Əgər Allah bizi yaradıbsa, ruzimizi verirsə, biz xəstələndikdə bizə şəfa verirsə, öldürən və dirildən yalnız Odursa, elə isə ibadət tək Ona olmalıdır. Allah Təalə buyurur:  «Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan rəbbinizə ibadət edin. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunları) bildiyiniz halda (heç bir şeyi) Allaha tay tutmayın!» (əl-Bəqara 21, 22).  «Lə iləhə illəllah» kəliməsinin mənası da budur. Allahdan başqa ibadət olunanları tərk edib, yalnız Allaha ibadət etmək.

Bütün bu sadalananları sxem şəklinlə təqdim olunur:

seymur5 - копия

Sonda Peyğəmbərimiz Muhammədə, onun səhabələrinə və ailəsinə Allahın salavatı və salamı olsun.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Seymur Camalov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment