Tibb

Tərk edilmiş sünnə — Hicamə

photo9

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) şəfanın olduğu üç şeyi sadalayarkən, qan aldırmağı da xatırlayır.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

 Muhəmməd (Allahın ona salavat və salamı olsun): «Kim məndən sonra tərk olunmuş bir sünnəmi canlandırıb ortalığa çıxararsa, o, həmin sünnəyə əməl edən bütün insanların aldığı savab qədər savab alar. Azğınlaşmış bir bidət icad edən isə ona əməl edərək günah qazanan bütün insanların günahlarının məcmusu qədər günahla yüklənər». Müslim, Tirmizi.

Ərəb mənşəli söz olub, «əl-həcm» kökündən əmələ gəlmişdir, mənası «sovurmaq» deməkdir. Şəriətdə isə bu söz Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) buyurduğu vacib sünnələrdən biri olan müalicəvi qan almanı nəzərdə tutur.

 Günü-gündən çoxalaraq nəfəs aldığımız hava, qəbul etdiyimiz qida, dərman preparatları, peyvəndlər və s. yollarla orqanizmimizə daxil olan toksik maddələri təmizləməyin labüd olduğu dövrümüzdə bu gözəl sünnə xüsusilə aktual məna kəsb edir.

Digər bir hədisdə isə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) şəfanın olduğu üç şeyi sadalayarkən, qan aldırmağı da xatırlayır.  Buxari

Həmçinin AbduLLah ibn Abbas (Allah ondan da, atasından da razı olsun) rəvayət edir ki, Muhəmməd (Allahın ona salavat və salamı olsun) hicamə vasisətilə müalicə olunar və Əbu Tayib adlı həccama (Allahın ona salavat və salamı olsun) xidmətinə görə əməkhaqqı ödəyərdi. Buxari, Müslim

Həmçinin məlumdur ki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «İstifadə edə biləcəyiniz ən gözəl müalicə hicamədir» Buxari, Müslim

Hicamə üçün tövsiyyə olunan günlər (hicri təqvimi ilə).

 AbduLLah ibn Abbasdan (Allah ondan da, atasından da razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə demişdir: «Hicamə ilə müalicə olunmaq üçün ən yaxsı vaxt (ayın) 17-si, 19-u və 21-dir.»

Anoloji məzmunlu hədislər müxtəlif variyasiyalarda İbn Macə, Əbu Davud və Beyhəqi hədis toplularında qeyd edilmişdir.

Baxmayaraq ki, hədislər müxtəlif mənbələrdə və bəziləri hansısa məqamlarda zəif şəkildə gəlmişdir, onlar bir-birini möhkəmləndirirlər.

İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: «Hədislərdə qeyd olunan zaman həkimlərin razı olduqları məqamla üst-üstə düşür: qan aldırmaq üçün ən yaxşı vaxt ayın ikinci yarisi sayılır və onun birinci hissəsi ayın əvvəlindən yaxud axırından daha yaxşı hesab olunur. Amma əgər hicamə zərurət olduğu üçün edilirsə, ayın əvvəli yaxud sonu olmasından asılı olmayaraq, səmərəli təsirə malikdir. Əhməd bin Hənbəl (Allah ona rəhmət etsin) hər dəfə qanı (təzyiq) yüksəldiyi zaman günündən asılı olmayaraq, hicamə etdirərdi».

Alimlər həmçinin xüsusən yemək ağır və pis olduğu zaman tox qarnına qan aldırmağı məsləhət bilmirlər, çünki bu, keçməzliyə və dəhşətli ağrılara gətirib çıxarır.

İbn Həcər (Allah ona rəhmət etsin) demişdir: «Təbiblərin rəyinə görə ən yaxşı hicamə çimdikdən iki yaxud üç saat sonra, nə tam tox, nə də tam ac qarnına edilən hicamədir.

Ən əlverişli günlərə gəldikdə isə İbn Macə çatdırır ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:«Allah sizə xeyir versin, hicaməni bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günlərinə təyin edin, çərşənbə, cümə, şənbə və bazar günlərində onu etməkdən çəkinin». Baxmayaraq ki, hədis təsdiqlənməmişdir, əl-Həllal rəvayət edir ki, İmam Əhməd (Allah ona rəhmət etsin) yuxarıda qeyd edilən günlərdə qan aldırmağı sevməzdi.

Həmçinin Əbu Davud Əbu Bəkrin (Allah ondan razı olsun) çərşənbə axşamı günləri qan aldırmadığını və belə dediyini nəql edir: «Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) dedi:»Çərşənbə axşamı günü — qanın günüdür, onda bir saat var ki, qan dayanmadan axır».

Həkimlər də öz növbəsində ayın ikinci yarısının ilk hissəsində qan aldırmağın ayın əvvəlindən və axırından daha faydalı olduğunu bildirirlər. Əl-Muvəffəq əl-Bağdadi demişdir: «Bədəndə qan ayın başında sürətlə axır və sonunda isə sakitləşir, ona görə də hicamə üçün ən yaxşı vaxt ayın ortasıdır».

Bütün bu qeyd edilənlərdən anlaşılır ki, qan aldırmaq Hicri təqvimi ilə ayın 17, 19 və 21-də — xüsusən əgər cümə axşamı gününə təsadüf edərsə- daha səmərəli olmasına baxmayaraq, bu Sünnəni digər günlərdə yerinə yetirməkdə də heç bir problem yoxdur.

 Həmçinin hicamə edən həccamın da təcrübəli, məşğul olduğu sahədə elmli olmağı və təmizlik qaydalarına diqqət etməyi də olduqca mühüm məsələdir.

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment