Ailə və Uşaq tərbiyəsi Fiqh İslamda ədəb qaydaları Məqalələr

Tərbiyədə cəza tədbirlərinin rolu

terbiye

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (ət-Təhrim, 6)

Əli İbn Əbu Talib (Allah ondan razı olsun) ayəni təfsir edərək bildirmişdir ki, «qorumaq» dedikdə qəsd olunan ailə üzvlərinin tərbiyə edilməsi və öyrədilməsidir. (İbn Kəsir təfsiri)

Şeyx Fauzan bir çox valideynlərin övladlarının tərbiyəsinə səhlənkar yanaşdıqlarını bildirərək bunun pis aqibətə gətirəcəyini bildirir və deyir: «İnsanlardan çoxu övladlarının tərbiyəsinə qarşı səhlənkar mövqedədirlər. Nəticədə bu uşaqlar özbaşına buraxılaraq avara, veyil, naqis həyat tərzi keçirir, pis əməllərə qurşanır, əxlaqsız insanlara dost olur, adamların haqqını tapdalayır, qadağan olunmuş şeylərə meyl edir, namazlarını tərk edirlər. Həmin valideynlər var-dövlətlərini, mal-qarasını hər növ qarətdən, itkidən qorumaq üçün onu mühafizə etmək üçün əllərindən gələni etsələr də, övladlarının tərbiyəsinə bundan daha az əhəmiyyət verirlər.» (İyənutu əl-Mustəfid bişərhi Kitəbi ət-Təuhid, 62)

Övladının barmağının ucunun yanan qaz plitəsinə toxunmasına ürəyi dözməyən hər bir ata-ana, onu dünya alovundan qat-qat dəhşətli olan Oddan qorumaq üçün də əlindən gələni etməlidir.

Tərbiyədə gözəl işlərə təşviq etmək kimi, pis əməllərdən qorumaq üçün onları nizam-intizamda saxlamaq, müvafiq cəza tədbirlərinin tətbiqi də mühüm məsələlərdəndir. Bu, uşaqda daim özünənəzarət və özünüidarə hissnin vərdiş səviyyəsində aşılanması üçün vacibdir. Əks halda uşaq yaşlarından pis əməllərin normal, daha da pisi yaxşı iş kimi qəbul olunması və dayandırılmaması nəticəsində, böyüyərkən belə insanları günahlara qarşı səhlənkar barmaqarası münasibətdə görmək olar.

Lakin cəza tədbirlərinin tətbiqi zamanı bir sıra şərtlərə riayət etmək, eləcə də hikmətli, mərhəmətli və ədalətli olmaq gərəkdir.

Şeyx Useymin (Allah ona rəhmət etsin) «Həqiqətən Allah bütün işlərdə mərhəməti buyurmuşdur.» (Müslim) hədisini şərh edərək, bildirmişdir ki, «İnsan övladını pis bir işə görə cəzalandırarkən də mərhəmətli olmalı, sərtliyi kənara atmalıdır. İnsanlar sərt cəzaların daha çox xeyir gətirəcəyini düşünsələr də bu yanlış təsəvvürdür. Fəqihlər övladını amansızca və ədalətsiz formada cəzalandırmağa görə Qiyamət günü valideynin sorğu-sual olunacağında həmfikirdirlər.» (əl-Ərbain ən-Nəvəvi li şeyx Muhəmməd ibn Saleh ibn Useymin)

Beləliklə aydın olur ki, pis vərdişə qurşanmış uşağa verilən cəza onun bilərək yaxud bilməyərək etməsi, təkrarlanmasından, yaş və fiziki bacarığından, ağlının kəsməyindən və s. kimi bir sıra faktorlardan asılı olaraq obyektiv şəkildə individual olaraq tətbiq edilməlidir.

Cəza tədbirləri arasında fiziki gücün tətbiq edilməsi məsələsi istər təbiyəçilər, uşaq psixoloqları, istərsə də validyenlər arasında daim birmənalı qarşılanmamış, müxtəlif fikirlərlə müşayət olunmuşdur.

Şeyx Fəuzən bildirir ki, «Əksər Qərb və qərbyönümlü mütəxəssislərin fiziki gücün tətbiq edilməsinin istənilən halda əleyhinə olmasına baxmayaraq, hər bir müsəlman üçün nümunə olan əxlaqlı, ədalətli, saleh müsəlmanların yetişdirilməsində Allahın izni ilə səbəb olan sələflər tərbiyədə bu cəza metodunun tətbiqini istisna etməmişlər.» (İyənutu əl-Mustəfid bişərhi Kitəbi ət-Təuhid, 62)

İbrahim ən-Nəxai (Allah ondan razı olsun) bildirir: «Biz uşaq olanda içimizdən şahidlik edən yaxud söz verənləri döyərdilər.» (Buxari)

İbn Həcər (Allah ona rəhmət etsin) hədisi şərh edərək bildirir ki, bu, onların yerli-yersiz, yalandan and içmək, söz vermək və s. kimi əməllərin vərdişə çevrilməsini, səhlənkarlığın qarşısını almaq üçün edilərdi.

Həqiqətən də hədis göstərir ki, saleh müsəlmanlar qəzəbinə, şəxsi antipatiyaya, nəfsinin istəyinə uyaraq yox, uşağı etdiyi əməlin gələcəkdəki zərərindən qorumaq üçün onları çəkindirməyə çalışardılar.

Aydın olur ki, hər bir valideyn «döymək» və «vurmaq» arasındakı fərqi dərk etməli, qəzəbinin əsiri olmamalı, konstruktiv nəticə hasil edib-etməyəcəyini əvvəlcədən hesablamalı, mərhəmətli, adil və hikmətli olmalıdır.

Eləcə də uşağın yaş həddi, ağlının kəsib-kəsməməyi, qəsdlə yaxud bilməyərək etməsi, xarakterindəki individual nüanslar də nəzərə alınmalıdır.

«Şübhəsiz ki, Allah ədalətli olanları sevir.» (əl-Maidə, 42)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət göstərməz.» (Buxari, Müslim)

Eləcə də Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) yanına ondan tövsiyyə istəmək üçün gələn kişiyə dəfələrlə «Qəzəblənmə» deyə nəsihət etməsi də hər bir müsəlman üçün diqqətəlayiq ibrətlərdəndir. (Buxari)

Digər hədisdə Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) mülayimliyin Allah tərəfindən sevilən xasiyyət olduğunu bildirərək, Abdullah İbn Əşəcc əl-Qeysə (Allah ondan razı olsun) buyurmuşdur: «Səndə, Allah taalanın sevdiyi iki xasiyyət: mülayimlik və səbr vardır.» (Muslim)

Tərbiyədə fiziki güc metodunun hansı yaşdan etibarən tətbiq edilməsinə gəldikdə isə İbn Müflih (Allah ona rəhmət etsin) bildirir: Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) demişdir: «Yeddi yaşında uşaqlarınıza namazı əmr edin, on yaşında bunu etmədikdə, onları vurun.» (Əbu Davud, şeyx Albani (Allah ona rəhmət etsin) hədisi səhihləmişdir)

Hədis göstərir ki, əgər İslamın ən böyük əhkamlarından, əməllərin ən əfzəli olan namaza görə yalnız on yaşdan etibarən tərbiyələndirmək üçün vurmaqdan söhbət gedirsə, hansısa digər dünyəvi əməllər bu yaşdan əvvəl uşağa əl qaldırmaq üçün səbəb kimi qiymətləndirilə bilməz. (Əl-Ədəb əl-Şəriyyəh, 1/506)

Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur: «Allahın buyurduğu həddlərdən (Şəriətlə varid olan cəza tədbirləri) əlavə heç kəsə on dəfədən artıq sayda vurmaq olmaz.» (Buxari, Muslim)

Əl-Qadi Şureyh Quran əzbərləməyə səhlənkar yanaşan uşağın üç dəfədən artıq vurulmamasını bildirmiş, eləcə də Ömər bin AbdulAziz (Allah ona rəhmət etsin) canişinlərə məktub göndərərək müəllimlərin uşaqları tərbiyə məqsədi ilə üç dəfədən artıq cəzalandırılmamasını tapşırmışdır. (İbn Əbi-d-Dünya «əl-İyal, 1/531)

Həmçinin gözlənilən şərtlərdən biri də üzə qəti şəkildə vurmamaqdır. Çünki Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) bunu qadağan etmişdir. (Əbu Davud, şeyx Albani (Allah ona rəhmət etsin) səhihləmişdir)

Onu da qeyd etmək lazımdır ki, cəza tədbirləri arasında fiziki güc digər metodların tətbiqi (gözəl nümunə, təlqin, təlim, təşviq, tərif, mükafat, nizam-intizam, bağışlama, hədə-qorxu və s.) heç bir fayda vermədikdə, ən son alternativ kimi istifadə edilməlidir. Əks halda uşaq buna alışdığı üçün konstruktiv nəticə hasil olmayacaq, həmçinin onda psixoloji və fiziki problemlərin baş qaldırması üçün zəmin yaranacaqdır.

Uca Allahdan bütün müsəlmanları saleh zürriyətlə nemətləndirməsini istəyirəm. Amin!

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment