Məqalələr Önəmli günlər Ramazan ayı

Ramazan bayramının əhkamları

eidalfitr2
Müəllif - feqih

Diqqət: Camaat şəklində bir səslə təkbir etmək bidətdir. Belə etmək nə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun), nə də səhabələrindən sabit olmuşdur. Hər kəsin fərdi şəkildə təkbir etməsi isə daha düzgündür.

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Birinci: Bayram namazına qüsl və gözəl paltar geyməklə hazırlıq.

İmam Məlik (Allah ona rəhmət etsin) Muvəttə kitabında Nəfiidən belə rəvayət etmişdir: «İbn Ömər (Allah onların hər ikisindən razı olsun) Ramazan bayramında namaza çıxmazdan öncə qüsl alardı.»

İbn əl-Qayyim (Allah ona rəhmət etsin) belə demişdir: «İbn Ömər (Allah onların hər ikisindən razı olsun) sünnətə son dərəcə çox əməl etdiyi üçün bayram günü namaza çıxmazdan öncə qüsl alardı.» (Zədul Mə`əd 1/442)

Həmçinin, hər iki bayrama ən yaxşı paltarını geyməsi də sabit olmuşdur. İbn Cərir (Allah ona rəhmət etsin) demişdir: «İbn Əbi əd-Dünya və Beyhəqi səhih isnadla İbn Ömərdən onun hər iki bayrama ən yaxşı paltarını geydiyini rəvayət etmişlər.» (Fəth əl–Bəri, 2/51)

Bu iki və başqa əsərlərə görə alimlərin çoxu bayram günü bəzənmək və qüsl almağın müstəhəb olduğunu vurğulamışlar.

İkinci: Bayram namazına çıxmazdan öncə tək sayda olmaqla: üç, beş və tək sayda olaraq daha artıq xurma yemək müstəhəbdir.

Ənəsdən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə belə deyilir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayram günü xurma yeməmiş (namaza) çıxmazdı. Xurmaları tək sayda yeyərdi.» (Buxari)

Üçüncü: Evindən çıxdığı andan namaz qılınan yerə gələnə kimi kişilərə uca, qadınlara isə alçaq səslə təkbir etmək müstəhəbdir.

Abdullah ibn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət olunan bir hədisdə belə deyilir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ramazan bayramı günü evindən çıxdığı andan ibadətgaha gələnədək təkbir gətirərdi.» (Başqa hədislərin şahidliyi ilə səhihdir)

Nəfiidən (Allah ona rəhmət etsin) belə rəvayət olunur: «İbn Ömər Ramazan və Qurban bayramlarında evindən çıxdığı andan ibadətgaha çatana kimi təkbir edərdi. İbadətgaha gəldikdə imam gələnədək, imam gəldikdə isə onun təkbiri ilə təkbir edərdi.» (Dəraqutni və başqaları səhih isnadla rəvayət etmişlər)

Diqqət: Camaat şəklində bir səslə təkbir etmək bidətdir. Belə etmək nə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun), nə də səhabələrindən sabit olmuşdur. Hər kəsin fərdi şəkildə təkbir etməsi isə daha düzgündür.

Dördüncü: Namaza piyada (ayaqla) getmək müstəhəbdir.

Əli (Allah ondan razı olsun) belə deyir: «Bayrama piyada getmək sünnətdəndir.» (Tirmizi rəvayət etmiş və demişdir: “Bu hədis həsən hədisdir, alimlərin çoxu ona əməl etmiş, bayrama gəzərək getməyi və üzürlü olan kimsə də baş miniyə minməməyi müstəhəb görmüşlər”.)

Beşinci: Namaza gəldiyi yolla deyil, başqa yolla qayıtması müstəhəbdir. Cəbir (Allah ondan razı olsun) belə dedi: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayram günündə yolunu dəyişərdi.» (Buxari)

Altıncı: Bayram namazı günəş doğub yüksəldikdən sonra azan və iqaməsiz olaraq qılınar.

Bayram namazı iki rükətdir: Birinci rükətdə yeddi, ikinci rükətdə isə beş təkbir var. İmamın bu iki rükətdə səslə əl-Ə`lə və əl-Ğaşiyəh və ya Qaf və əl-Qamər surələrini oxuması müstəhəbdir. Bayram xütbəsi namazdan sonra olur. Qadınlar da bayram namazına gələ bilər. Söylədiklərimizə isə dəlil olaraq:

— Aişə (Allah ondan razı olsun) demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ramazan və Qurban bayramlarında birinci rükətdə yeddi, ikinci rükətdə isə beş təkbir edərdi.»(Səhih Sunən Əbu Dəvud)

— Nu`mən ibn Bəşir (Allah ondan razı olsun) demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayramlarda «Ən uca olan Rəbbinin adını pak tutub şəninə təriflər de!» (əl-Ə`lə) və «Bürüyəcək Qiyamətin xəbəri sənə gəlib çatdımı?» (əl-Ğaşiyəh) surələrini oxuyardı.» (Səhih Sunən ibn Məcə)

— Ubeydullah ibn Abdullahdan (Allah ondan razı olsun) Ömər ibn Əl-Xattab Əbə Vəqid əl-Leysidən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Ramazan və Qurban bayramlarında (namazda) nə oxuduğunu soruşdu. O belə dedi: «Hər iki bayramda «Qaf! Şanlı Qurana and olsun!» (Qaf) və «O saat yaxınlaşdı və Ay parçalandı!» (əl-Qamər) surələrinini oxuyardı.» (Muslim)

— Ummu Atiyyədən (Allah ondan razı olsun) belə rəvayət olunur: «Bayram günü bizə çıxmaq, heyzli və bakirə qızları da bayram namazına çıxartmaq əmr olunurdu. Heyzli (aybaşı) olan qadınlar namazgaha daxil olmadan müsəlmanların dualarını müşahidə edərdilər.» (Buxari və Muslim)

— İbn Abbas (Allah onların hər ikisindən razı olsun) belə dedi: «Ramazan bayramını Allahın Peyğəmbəri ilə, Abu Bəkrlə, Ömərlə və Osmanla qıldım. Hamısı namazı xütbədən qabaq qılardı.» (Muslim)

— İbn Abbas (Allah onların hər ikisindən razı olsun) belə dedi: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayram namazını azan və iqaməsiz qılardı.» (Səhih Sunən Əbu Dəvud)

Yeddinci: Bayram günü Cümə günü ilə bir günə düşərsə, bayram namazı qılana cümə namazı vacıb olmaz.

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Bu gün iki bayramınız cəm olub, kim Cümə namazını qılmaq istəmirsə onu azad edirəm, mən isə hər iksini qılacam.» (Səhih Sunən Əbu Dəvud)

Səkkizinci: Müsəlmanlarla birgə bayram namazı qılmağa çatmayan, özü bayram namazını olduğu kimi qıla bilər.

İnsanlar Bayram gününü yalnız zəval (günəşin zeniti keçməsi) vaxtından sonra bilsələr Bayram namazını növbəti gün qılırlar. Əbu Umeyr ibn Ənəsdən, o da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrindən olan əmisindən belə rəvayət etmişdir : «Bir karvanın adamlarından Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yanına gələrək onların dünən hilalı (Ayı-Ramazanın başladığını və ya sona çatdığını bilmək üçün yeni ayın çıxdığını görmək) gördüklərinə şahidlik etdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlara oruclarını açmağı və sabah Bayram namazı qılmaq üçün ibadətgaha getmələrini əmr etdi.» (Əbu Dəvud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, Beyhəqi, Nəvəvi, İbn Həcər və başqaları səhihləşdirmişdir)

Doqquzuncu: İnsanlar bir-birini  «Allah bizlərdən və sizlərdən qəbul etsin» deyərək təbrik edə bilərlər.

İbn Tərkəməni (Allah ona rəhmət etsin) demişdir: Bu fəsildə (təbrik etmə haqqında) yaxşı hədis vardır… Məhəmməd ibn Ziyad belə dedi: «Əbi Uməmə Əl-Bəhili və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) başqa səhabələri ilə birlikdə idim. Bayram namazından qayıtdıqları zaman bir-birinə «Allah bizlərdən və sizlərdən qəbul etsin» deyirdilər.» (İmam Əhməd “isnadı yaxşıdır” demişdir. Əl-cəuhər Ən-nəqi, 3/320)

Onuncu: Bayram günü sevinc və səxavət günüdür.

Ənəs (Allah ondan razı olsun) dedi: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə gəldiyi zaman Mədinə camaatının oynayaraq bayram etdiyi iki gün var idi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmin iki günün nə olduğunu soruşdu. Onlar cahillikdə ikən bu iki günü bayram etdiklərini söylədikdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə dedi: “Allah Təalə bunu sizin üçün bundan daha xeyirli olan bir şeylə, Ramazan və Qurban bayramları ilə əvəz etmişdir.”» (Səhih Sunən Əbu Dəvud)

On birinci: Müsəlman qardaşım! Çox insanların etdiyi şəriətə müxalif olan şeylədən isbal kimi (kiçilərək haram olan şalvarı topuqdan aşağı düşməsi) haram geyimlərdən, saqqalı qırxmaqdan, müsiqi dinləyərək keçirilən haram yığıncaqlardan, harama baxmaqdan, qadınların açıq-saçıq geyinərək kişilərə qatışmalarından çəkin! Ey namuslu ata! Ailəni qadın və kişilərin bir-birinə qatışdığı toplu yerlərə, dəniz sahilinə, açıq aydın münkər olan gəzinti yerlərinə aparmaqdan çəkin!

Hazırladı: Səid İsrafilov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment