Əxlaq İslamda ədəb qaydaları

Qul üzərində olan haqq…

photo3

“Ümmətim içində əsl müflis bu şəxsdir: o, Qiyamət günü qıldığı namaz, tutduğu oruc və verdiyi zəkatla Allahın hüzuruna gəlir. Ancaq birini söyüb, birinə zina iftirası atıb, kiminin malını yeyib, kimisinin qanını töküb, kimini də döymüşdür».

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”(Ali-İmran surəsi, 102)

İnsanlar arasında ata-ana və övlad, ər-arvad, qonşu, qohum, dost, işçi-müdir və s. kimi qarşılıqlı əlaqələr və fərdi münasibətlər tərəflər üzərinə müxtəlif haqlar qoyur. Bu haqlar qul haqları adlanır. Allah Təalanın yaratdığı varlıqların ən mükəmməli insandır. Çünki o, ən gözəl bir şəkildə yaradılmış, şüur-ağıl nemətinə sahibdir. Qul haqqı ilk insanın yaradılışından mövcuddur.

Bu haqqlar içində ilk haqq — Allahın haqqıdır və bu haqq hər bir müsəlman üçün ən mühüm olan haqdır. Uca Allah buyurur:

“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrabaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuza (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir”. (Nisa surəsi, 36). Allah-Təala bizə yalnız Onun təkliyinə inanmağımızı buyurur ki, biz insanlar Onun əmrlərini yerinə yetirmək və qadağan edilənlərdən çəkinək. O, buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!” (əz-Zariyat surəsi, 56-58).

Yəni, bizim yaranış qayəmiz Allaha ibadət etməkdir və bunu hər bir şəxs dərk etməlidir.

Allah  Adəmi (Allahın ona salamı olsun), onun qabırğasından zövcəsini yaratdı və hər ikisinə Cənnətdə ağacın meyvəsindən yeməyi qadağan etdi. Allahın rəhmətindən məhrum edilmiş və cənnətdən qovulmuş, qısqandığı və qarşısında əyilməkdən imtina etdiyi Adəmin (Allahın ona salamı olsun) və zövcəsinin Cənnətdə qalmasına razı ola bilmədiyindən: «Şeytan onun ağlını qarışdırıb belə dedi: “Ey Adəm! Sənə əbədilik və sonu gəlməz bir səltənəti təmin edəcək bir ağacı göstərimmi?» (Taha, 120). Həmçinin  insanları yoldan çıxaracağına and içərək dedi:

“Rəbbim! Məni azdırdığına görə, mən də yerdə olanları onlar üçün bəzəyəcək və hökmən onların hamısını yoldan çıxaracağam, Sənin seçilmiş (və ya səmimi) qullarından başqa”. (Hicr surəsi, 39, 40). Adəm (Allahın ona salamı olsun) və zövcəsi şeytanın vəsvəsəsinə uyaraq Allah tərəfindən qadağan olunmuş ağacın meyvəsindən yeməyə qərar verdilər və beləliklə, Allahın  öz üzərlərində olan haqqını pozdular.

Uca Allah  buyurur: “Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamır, amma bundan başqa (az ağır) günahları istədiyinə bağışlayır. Allaha şərik qoşan isə dərin zəlalətə düçar olmuşdur”. (Nisa surəsi, 116). Elə buna görə, hər bir məxluq səmimiyyətlə təkcə Allaha ibadət etməlidir. Çünki O, hərtərəfli və mütləq Kamilliyə malikdir, bütün kainata sərəncam verəndir, şəriklərə və ortaqlığa ehtiyacı olmayandır! Uca Allah Ona şərik qoşulmasını bağışlamır, çünki şərik qoşmaq aləmlərin Rəbbinə təhqir, tövhidin pozulması, hətta özlərinə nə kömək edən, nə də zərər vura bilməyən yaratdıqlarının Onunla, yenilməz güc, qüdrət, qüvvət və hikmət sahibi olan və heç bir şeyə Ehtiyacı olmayan Allah Təala ilə bərabərləşdirilməsidir. Şirkdən başqa günah və xətalar törədən şəxslərə gəldikdə isə, onların taleyi Allahın iradəsindən asılıdır. O, rəhm və mərhəmət göstərərək onları bağışlaya da bilər, lakin bu günahlara görə, müdrikcəsinə və ədalətlə rəftar edərək onları cəzalandıra da bilər.

Rəvayət edilir ki, Əbu Cuheyfə (Allah ondan razı olsun) demişdir: “Salmanla Əbu Dərda Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sayəsində bir-birilə qardaş oldular. (Bir dəfə) Salman Əbu Dərdanı ziyarət etdi və Ummu Dərdanın əynində köhnə paltar olduğunu görüb: “Niyə bu görkəmdəsən?”– deyə soruşdu. (Ummu Dərda): “Qardaşın Əbu Dərdanın dünyaya marağı yoxdur”– deyə cavab verdi. Sonra Əbu Dərda gəlib Salmanın qabağına yemək qoydu. Salman: “(Sən də) ye!”– dedi. Əbu Dərda: “Mən oruc tutmuşam”– dedi. Salman: “Sən yeməyincə mən yeyən deyiləm”– dedi, o da yeməkdən yedi. Gecə olduqda Əbu Dərda qalxıb namaz qılmaq istədi. Salman: “(Hələlik) yat!”– dedi, o da yatdı. Sonra yenə qalxıb namaz qılmaq istədikdə Salman: “Hələlik yat!”– dedi. Nəhayət, gecənin axır saatlarında Salman ona: -İndi qalxa bilərsən” dedi və onlar qalxıb namaz qıldılar. Sonra Salman ona dedi: “Rəbbinin sənin üzərində haqqı vardır, nəfsinin sənin üzərində haqqı vardır, ailənin sənin üzərində haqqı vardır. Elə isə hər bir haqq sahibinə haqqını ver.” Səhəri gün Əbu Dərda Peyğəmbərin  (Allahın ona salavat və salamı olsun) yanına gəlib hadisəni ona xəbər verdikdə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Salman doğru söyləmişdir”– dedi. (əl-Buxari, 1968)

Haqlardan biri də Muhəmməd Peyğəmbərin  (Allahın ona salavat və salamı olsun)haqqıdır. Uca Allah buyurur: “Peyğəmbər sizə nə verirsə (şəriət hökmü) onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin, Allahdan qorxun!” (əl-Həşr surəsi, 7). Başqa bir ayədə buyurulur: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik”. (Nisa surəsi, 80).

Sələmə ibn əl-Əkvəa  (Allah ondan razı olsun) Peyğəmbərin  (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitmişdir: “Kim mən demədiyim sözü mənim adımdan deyərsə Cəhənnəmdə oturacağını hazır bilsin”. (Səhih əl-Buxari 1/9).

Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (Nisa surəsi, 59).

Səhabələr Peyğəmbərimizin  (Allahın ona salavat və salamı olsun) adından hətta doğru danışmağın məsuliyyətli olduğunu dərk edirdilər. Lakin elə insanlar var ki, onun  (Allahın ona salavat və salamı olsun) adından yalan uydururlar. Halbuki Peyğəmbərin  (Allahın ona salavat və salamı olsun) adından yalan danışan Allahın adından yalan danışmış kimi olur. Çünki, Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) biz insanlara Allahın əmrlərini çatdırmışdır. Necə ki  Uca Allah buyurur:

“O, kefi istəyəni danışmır. Bu, ancaq ona təlqin edilən bir vəhydir”. (ən-Nəcm surəsi, 3-4). Ona görə də, Peyğəmbərin  (Allahın ona salavat və salamı olsun) adından yalan danışmağın günahı, adi insanların adından yalan danışmağın günahından qat-qat böyükdür. Allah Sübhanə Təala buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar”.(Əhzab surəsi, 70-71)

Peyğəmbərimiz  (Allahın ona salavat və salamı olsun) qul haqqına böyük əhəmiyyət vermiş və vəfatına yaxın əshabına son tövsiyəsini verərkən belə buyurmuşdur: “Mən də nəhayət bir insanam. Aranızdan bəzilərinin üzərimdə haqqı ola bilər. Mən kimdən nəsə almışamsa, malım ortadadır, gəlsin götürsün. Yaxşı bilin ki, mənim üçün ən sevimliniz, varsa haqqını məndən alan və ya haqqını mənə halal edən kimsədir. Çünki Rəbbimə ancaq bu sayədə halallaşmış olaraq və qəlb rahatlığı ilə qovuşa biləcəyəm! Allahım! Mən ancaq bir insanam! Müsəlmanlardan kimə ağır bir söz söyləmiş və ya bir qamçı vurmuşamsa sən bunu onun haqqında təmizliyə, əcrə və rəhmətə vasitə et!” (İbn Hənbəl, III, 400)

Peyğəmbərimiz  (Allahın ona salavat və salamı olsun) Allah Təalanın hüzuruna qul haqqı ilə çıxmamaq üçün çox böyük fədakarlıq göstərmiş və bizə bariz nümunə olmuşdur. Əbu Zura (Allah ondan razı olsun) rəvayət edir: “Rəsulullah  (Allahın ona salavat və salamı olsun) Taif səfəri əsnasında, Qarni-Mənazil deyilən yerdən ayrılarkən heyvanına minmək istədiyi zaman dəvəsi Qasvanı hazırladım. Qasvanın yüyənini əlimdə tutaraq, belinə minəndən sonra özünə verdim və tərkinə mindim. Rəsulullah  (Allahın ona salavat və salamı olsun) tərpətmək üçün dəvənin arxasına qamçı ilə vurur və hər vuruşunda qamçı mənə də dəyirdi. Sonra mənə tərəf dönüb: “Yoxsa qamçı sənə də dəyir?”-deyə soruşdu. –Bəli, atam-anam sənə fəada olsun!-dedim. Ciranə deyilən yerə çatdıqda kənarda (bir sürü) davarlar var idi. Qənimət mallarının başındakı məmurdan onlar haqqında nə isə soruşdu. Soruşduğu adam da ona məlumat verdi. Bundan sonra Rəsulullah  (Allahın ona salavat və salamı olsun)

-Əbu Zura haradadır?-deyə səsləndi.

–Buradayam!-dedim.

“-Bu davarları al! Axşam sənə dəyən qamçıların əvəzi olsun!”-buyurdu. Saydığımda həmin davarların yüz iyirmi baş olduğunu gördüm. Mənim əldə etdiyim və ən çox faydalandığım malım bunlardan ibarət idi”. (Vaqidi, III, 939).

Peyğəmbərimizin  (Allahın ona salavat və salamı olsun) qul haqqına çox böyük önəm verməsi növbəti hədisdə öz əksini tapmışdır. Rəvayət olunur ki, “Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) gecələrin birində səhərədək yata bilməmiş, yerində qıvrılmışdı. Aişə  (Allah ondan razı olsun) anamız səhər açılanda: “Ya Rəsulallah! Bu gecə yata bilməmisən. Özünü narahat hiss edirdin?” – dedi. Allah Rəsulu (Allahın ona salavat və salamı olsun): “Otaqda bir xurma tapdım, ağzıma atdım. Sonra da onun sədəqə xurması olması ehtimalı ağlıma gəldi. Buna görə iztirab çəkdim”, – deyir. (Əhməd b. Hənbəl, Müsnəd: 2/193) Halbuki həmin xurma çox ehtimal ki, öz xurmasından idi, çünki sədəqə xurmalarını ayrı yerə qoyurdu.

Bir gün Peyğəmbərimiz  (Allahın ona salavat və salamı olsun) əshabından: “Müflis kimdir”, – deyə soruşur. Onlar da: “Bizə görə, müflis heç bir malı və pulu olmayan insandır”, – deyirlər. Bundan sonra Peyğəmbərimiz  (Allahın ona salavat və salamı olsun)belə buyurur: “Ümmətim içində əsl müflis bu şəxsdir: o, Qiyamət günü qıldığı namaz, tutduğu oruc və verdiyi zəkatla Allahın hüzuruna gəlir. Ancaq birini söyüb, birinə zina iftirası atıb, kiminin malını yeyib, kimisinin qanını töküb, kimini də döymüşdür. Onun xeyirlərinin (yaxşılıqlarının, savablarının) bir qismini ona, bir qismini buna verirlər. Əgər üstündəki qul haqlarının hamısı ödənilmədən savabları qurtarırsa, bu dəfə haqq sahiblərinin günahlarının bir hissəsini götürüb onun boynuna yükləyirlər. Sonra da cəhənnəmə atırlar”. (Müslim, Birr, 59)

Hazırladı: Nazilə Daşdıyeva

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment