Əxlaq Fiqh Məqalələr

Pis yuxu gördükdə nə etməli?

yuxu

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Yuxuda həyəcan və qorxu keçirdikdə bəzi zikrləri etmək. İnsanın yuxu görməsi bir həqiqətdir. Bilmək lazımdır ki, insanın gördüyü hər yuxu doğru olmur. Lakin bəzən insanın yuxusu doğru da çıxa bilər. Hər bir şeyin Allahdan olduğuna, qədərə iman gətirmiş müsəlman həyatında baş verən hadisəni yuxusu ilə bağlamamalıdır. Bəzən isə insanın oyaq ikən görüb yaşadığı hadisə və faktlar onun yuxusunda təzahür edir. Bu sadalananlar baxımından yuxu üç qismə bölünür: Allahdan müjdə olan saleh yuxular, şeytanın təlqin etdiyi kədərləndirici yuxular, yaddaşa həkk olunmuş hadisələrlə bağlı yuxular.

Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Əməlisaleh adamın gördüyü gözəl yuxu peyğəmbərliyin qırx altı qismindən biridir.» (əl-Buxari 6983)

Həmçinin Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: «Zaman yaxınlaşdıqca müsəlmanın yuxusu az olsun ki, yalan çıxsın. Sizin ən gerçək yuxu görəniniz ən doğru danışanlarınız olacaq. Möminin (həyata keçən) yuxusu peyğəmbərliyin qırx beş əlamətindən biridir. Yuxu üç cürdür: biri saleh yuxu Allahdan müjdədir, digəri şeytandan olan kədərli yuxu, üçüncüsü isə insanın nəfsindən keçirdiyi şeylərdir. Əgər sizlərdən biriniz xoşlamadığı bir şey görərsə qalxıb namaz qılsın! Onu insanlara danışmasın!» Ravi (hədisi rəvayət edən İbn Sirin) belə demişdir: «Yuxuda qandal görməyi sevir, zəncir(çünki zəncir cəhənnəm əhlinin geyimi olacaq) görməyi isə xoşlamıram. Qandal dində sabitlikdir (çünki qandal günahlardan əl çəkmək mənasını verir).» (Muslim 6042, Əhməd 10598)

Yuxu barədə danışarkən qeyd etmək lazımdır ki, bir kəs yuxusunda Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) görərsə həqiqətən də onu görmüş sayılır. Əbu Hureyra (Allah ondan razı olsun) belə rəvayət edir ki, «Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: «Məni yuxuda görən ayıq vaxtda görəcəkdir. Və ya sanki ayıq vaxtı görmüş kimidir. Seytan mənim timsalıma girə bilmir.» (Muslim 6057)

Əbu Sələmə belə rəvayət edir: Əbu Qatədə (Allah ondan razı olsun) belə demişdir: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Məni görən haqqı (Allahdan olan haqq yuxu) görmüşdür.» (Muslim 6058)

İnsan bəzən gördüyü yuxunun təsirindən həyəcan və qorxu içində oyana bilər ki, bu zaman aşağıdakıları etməlidir:

a) Başını sol tərəfə çevirərək yüngülcə tüpürməli və gördüyü yuxunun şərindən Allaha sığınmalı. Əbu Qətadə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Gözəl yuxu Allahdandır. Xoşagəlməz yuxu isə şeytandandır. Əgər biriniz xoşagəlməz yuxu görüb əndişəyə düşərsə, qoy sol tərəfinə yüngülcə tüpürsün və bu yuxunun şərindən Allaha sığınsın. Belə etsə, həqiqətən də, bu yuxunun ona heç bir zərəri dəyməz.» (əl-Buxari 3292, 6995, Muslim 2261, 2262, Əbu Davud 5021, ət-Tirmizi 2277, İbn Məca 3909)

Həmçinin Cabirdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Sizdən bir kimsə xoşuna gəlməyən bir yuxu görsə, üç dəfə sola tüpürsün və üç dəfə Allahdan onu şeytandan qorumasını diləsin, sonra isə başqa tərəfə çevrilsin.» (Muslim 6041)

b) Sünnədə varid olan duanı oxumalı. Amr ibn Şueyb (Allahın ona rəhməti olsun) atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlara qorxduqda bu duanı oxumağı öyrədərdi:

أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ غَضَبِهِ وَعِقَابِهِ، وَشَرِّ عِبَادِهِ، وَمِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَنْ يَحْضُرُونِ

«Qəzəbindən və cəzasından, qullarının şərindən, şeytanların vəsvəsələrindən və mənə yaxın gəlmələrindən Allahın tam kəlmələrinə sığınıram! (Transkripsiyası: “Əuzu bi kəlimətilləhit-təmməti min ğadabihi və iqabihi, və şərri ibədihi, və min həməzətiş-şəyatın və ən yəhduru­ni).» (Əbu Davud 3893, ət-Tirmizi 3528, Əhməd 6657. əl-Albani hədisin həsən olduğunu bildirmişdir.)

c) Pis yuxu gördükdə bu haqda danışmamalı. Qeyd etdiyimiz kimi insanın həm yaxşı, həm də pis yuxu görməsi labüddür. Yuxu ilə bağlı hədislərə nəzər saldıqda Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun)yaxşı yuxuları müjdə olaraq danışmağa icazə verib, pis yuxunu danışmağı qadağan etdiyini görə bilərik.

Necə ki Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Mən Pey­ğəm­bərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşidim: “Peyğəmbərlikdə (yəni peyğəmbərliyin əlamətlərindən) yalnız müjdələr qalmışdır.” (Əshabələr): “Müjdələr nədir?”– deyə soruşdular. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) “Gözəl yuxudur!”– deyə cavab verdi.” (əl-Buxari 6990)

Ubeydullah ibn Abdullah ibn Utba (Allah ondan razı olsun) belə rəva­yət edir: “Abdullah ibn Abbas (Allah onlardan razı olsun) belə danışardı:  Bir kişi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)  yanı­na gələrək belə dedi: «Ey Allahın elçisi mən bu gecə yuxumda yağ və bal yağdıran bir bulud gördüm. İnsanların da bundan əllərinə ovuc-ovuc yığdıqlarını gördüm. Onlardan bəzisi çox, bəzisi isə az yığmışdı. Sonra səmadan yerə uzanan bir ip gördüm. Və sənin ondan tutaraq yüksəldiyini gördüm. Səndən sonra onu bir kişi götürdü və yüksəldi. Sonra onu başqa bir kişi götürdü və yüksəldi. Sonra onu başqa bir kişi götürdü və ip qopdu. Və onun üçün ipə başqa bir ip qoşularaq uzadıldı və o da yüksəldi. Əbu Bəkr (Allah ondan razı olsun) belə dedi: «Ey Alahın elçisi atam anam sənə fəda olsun! Mənə izin versən onu çox yaxşı yozaram. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Yoz!». Əbu Bəkr belə buyurdu: «Buluda gəlincə o İslamdır. Göydən yağan yağ və bal isə Quran və onun ləzzəti və yumuşaqlığıdır. İnsanların əlləri ilə yığdıqlarına gəlincə isə bu insanlardan Quranı az və çox oxuyanlardır. Səmadan enən ip isə haqdır sən ondan tutursan və Allah Təala səni onunla yüksəldir. Sonra onu səndən sonra bir kişi götürür və yüksəlir. Sonra başqa kişi götürür və yüksəlir. Sonra başqa kişi götürür və ip qour. Və onun üçün ipə başqa bir ip qoşularaq uzadılır və o yüksəlir. İndi Ey Alahın Elçisi atam anam sənə fəda olsun! Mənə düz və ya səhv dediyimi söylə! Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Bəzisini düz bəzisini isə səhv dedin!»  O (Allah ondan razı olsun) belə dedi: «Allaha and olsun Ey Allahın elçisi mənə nəyi səhv dediyimi danışacaqsan?» Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) ona: «And içmə!» — deyə buyurdu. (Muslim 6066)

Bəzən insanlar Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmrinə müxalif çıxaraq pis yuxuları danışır, yaxşı yuxuları isə gizli saxlayırlar.

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəm­bər (Allahın ona salavat və salamı olsun)demişdir: «Sizdən bir kimsə pis yuxu görsə heç kimə danışmasın. Qalxıb namaz qılsın.» (Muslim 6043)

Həmçinin rəvayət edilir ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun)demişdir: “Mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə de­di­yini eşit­mişəm: «Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmd-səna ilə təqdis etsin və onu (istədiyi) adamlara danışsın. Və əgər başqa bir xoşagəlməz yuxu görərsə, (bilsin ki,) bu ancaq şeytan tərəfindəndir. Belə olduğu halda həmin yuxunun şərindən (Allaha) sığınsın və onu heç kəsə danışmasın. (Belə etsə,) o yuxu ona zərər verə bilməz.» (əl-Buxari 6985)

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Ramil Soltanov`un «İslam Ədəbi» kitabından (hələ nəşr olunmayıb) 

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment