Aktual Müxtəlif Oruc Ramazan ayı

Oruc tuta bilməyənlər Ramazanda nə etməli?

photo8

«Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar».

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Ramazan ayını qarşılamaq, onu yaşamaq baxımından insanları iki qismə ayırmaq olar. Birinci qism o kəslərdir ki, Ramzan ayının necə gəlib getdiyindən xəbərsiz olarlar və bu ayı da digər ayların sırasına salarlar. Bu o kəslərdir ki, Uca Allah onları Öz kitabında qəlbləri möhürlənmiş adlandırır.

«Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir…» (əl-Bəqərə,7)

Halbuki il ərzində 12 aydan 11-ni Allahın verdiyi nemətlər sayəsində səhər axşam yeyən bu kəslər bir ay Allah üçün bu nemətləri tərk etməklə həm yedikləri nemətlərin şükrünü vermiş olarlar, həm də Allahdan mükafatlarını almış. Necə ki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:  “Allah Təala deyib: «Adəm oğlunun bütün əməlləri onun özünədir, yalnız oruc Mənimdir, onun savabını Özüm verəcəyəm». (Buxari)

Ramazanı yaşamaq baxımından ikinci qisim insanlar isə ayı səbirsizliklə gözləyən, günahlardan təmizlənmək üçün bu ayı bir fürsət hesab edən və bu fürsətdən bacardığı qədər yararlanmaq istəyənlərdir. O kəslər ki, bu ayda tutulan orucu Allahın əmri bilib, özlərinə vacib edər, nəfsi və mənəvi istəklərinə qarşı özlərini tərbiyələndirmək üçün bu ayı sanki bir “hazırlıq müddəti” hesab edərlər. Ramazanın gəlişini dərk edib, onu başqa aylardan seçən insanları da bu ayı layiqli yaşamaq baxımından 3 qismə ayırmaq olar.

 1) O kəslər ki, bu ayda oruc tutmağın vacib olduğunu anlayıb oruc tutar, amma buna baxmayaraq onun bu ayı yaşaması digərlərindən yalnız ac qalmasına görə fərqlənər, yəni günahları tərk etməz və necə deyərlər özünü tərbiyələndirməyə cəhd belə etməz.

Bu xüsusda Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim yalan danışmaqdan və ya yalan əməl etməkdən əl çəkməsə, yeməyinin və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur». (Buxari)

2) O kəslər ki,  Ramazan ayında oruc tutar, nəfsini hər an hesaba çəkməklə özünü düzəldər, hər bir əzasını günahlardan qoruyarlar. Çünki onlar həqiqətən də Allahın ayələri oxunduqda qəlbləri titrəyən və qorxuya düşən kəslərdir.

Uca Allah buyurur: «Möminlər o kimsələrdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər».  (əl-Ənfal,2)

3) O kəslər ki, Ramazan ayında oruc tutmaq və günahlardan çəkinməklə kifayətlənməyib xeyir işlərdə bir-birini ötməyə çalışarlar. Bunlara ən bariz nümunə səhabələrin həyatından olan misallardır.

Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) üzünü səhabələrə tutub soruşdu: «Hansı biriniz bu gün oruc tutub?» Əbu Bəkr : «Mən» –, deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yenə soruşdu: «Hansı biriniz bu gün  cənazəni təqib edib?» Əbu Bəkr : «Mən» –,deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yenə soruşdu: «Hansı biriniz bu gün kasıbı yedizdirib?» Əbu Bəkr: «Mən» – ,deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yenə soruşdu: «Hansı biriniz bu gün xəstəni ziyarət edib?» Əbu Bəkr : «Mən» – ,deyə cavab verdi. Peyğəmbər dedi: «Bu dörd gözəl xisləti özündə cəm edən Cənnətə daxil olar».

Rəsulullah (Allahın ona salavatı və salamı olsun) buyurur: «Hər bir xeyir əməl sədəqədir və xeyir əmələ səsləyən kəs onun icraçısı kimidir». 

Uca Allah buyurur: «Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq».   (ən-Nəhl, 97)

Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: «Ramazan ayı yetişdiyi zaman göyün qapıları açılır, Cəhənnəmin qapıları qapadılır və şeytanlara zəncir vurulur». (Buxari1899)

Bu ayda ibadətləri çoxaltmaq, gunahları tərk etmək və savabını Allahdan umaraq oruc tutmaq lazımdır.

Lakin bəzi müsəlmanlar müəyyən səbəblərə görə Ramazanda oruc ibadətini  yerinə yetirməkdən məhrumdurlar.

«Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar».  (əl-Bəqərə, 184)

Və bu səbəblərdən dolayı oruc tuta bilməyən müsəlman bəzən bu ayın fəzilətini hiss edə bilmir. Çünki bu ayı digərlərindən fərqləndirən ən əsas cəhət oruc tutmaq olduğu üçün, üzürlü səbəblərdən (xəstəliklər) bunu edə bilmir və günləri adi günlərə çevrilir. Amma nəzərə alsaq ki, müsəlman hər an Allahın nəzarətindədir,  hansı səbəb olursa olsun hər an günahlardan çəkinməlidir. Nəzərə alsaq ki, savabları artırıb Axirət üçün pay yığmaq hər an vacibdir daima xeyir işlərdə yarışmağa can atmalıyıq. Təbii ki niyyəti xalis etməklə.

Üzürlü səbəblərə görə oruc tuta bilməyən müsəlman bacı və qardaşlarımızın məhrumiyəti hiss etməmələri üçün bizim onlara nəsihətimiz onların bacardığı ibadətləri yerinə yetirmələridir ki, bununla da Ramazan ayını layiqincə Allahın izni ilə başa vura bilərlər.

«Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz». (əl-Bəqərə , 233)

Ramazan orucu tuta bilməyənlər bu ayı necə dada bilərlər?

1)Fərz namazlarını vaxtı-vaxtında, mütiliklə qılmaqla.

«O kəslər ki namazlarında mütidirlər».  (Muminun, 2)

«O kəslər ki namazlarını öz vaxtlarında qılırlar». (Muminun, 9)

Qüdsi hədisdə- Uca Allah buyurur: «Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir». (Buxari)

2)Allahı zikr etməyi artırmaqla.

«Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır».ər-Rad, 28)

«Kim mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və biz qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik». (Taha 124)

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) buyurur: «Dilə yüngül, çəkidə ağır və ər-Rəhmana sevimli kəlimələr bunlardır: Subhanəllahi və bihəmdihi, subhanəllahil-azim».

Digər hədisdə isə buyurur: «Günəşin üstünə işıq saldığı hər şeydən əzizdir. Bunlar «Subhanəllah, əlhəmdulilləh”, və lə iləhə illallah vallahu əkbərdir».

 3) Sünnə namazları qılmaq, nafil ibadətləri artırmaqla

Qüdsi hədisdə, Uca Allah buyurur: «Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü tutan əli və yeriyən ayağı olaram».

4)  Ailə üzvlərinə, qonşulara, ətrafdakılara yaxşılıq edərək ,gözəl əxlaq nümayiş etdirməklə günü davam etməklə

«Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaqdır».  ( Beyhəqqi, 21319. Albani hədisin səhih olduğunu bəyan etmişdir)

Allah yolunda həyat yoldaşı, övladı, müşrik olsa belə valideyni üçün malından xərcləmək xeyrə açılan qapılardan biridir. Allah yolunda ailəyə, onun namuslu olması və heç nədən korluq çəkməmələri üçün öz malından xərcləmək böyük savaba malik xeyir əməldir. Əbu Hureyrənin rəvayət etdiyi hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur:

«Allah yolunda xərclədiyin dinar, köləyə xərclədiyin dinar, yoxsullara sədəqə verdiyin dinar və ailəyə xərclədiyin dinar arasında ən böyük mükafatlısı ailən üçün xərclədiyindir». 

5) Bəyənilən əməlləri gün ərzində həyata keçirərkən niyyəti xalis edib savab qazanmaqla

Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) səhih hədisdə buyurur: «Sizlərdən birinizin öz həyat yoldaşı ilə cinsi münasibətdə olması da sədəqədir».

6)Əzaları günahlardan qorumaqla

Qeybət etməmək, böhtan atmamaq, sözgəzdirənlik etməməklə dili qorumaq.

Uca Allah qeybət barədə buyurur:  «Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı neçə-neçə yükləri daşıyacaqlar». ( əl-Ənkəbut , 13)

Yalan və boş sözlərdən dili qorumaq.

Uca Allah buyurur: «Yalan sözlərdən də çəkinin».  (Həcc, 30)

7) Quran oxumaqla

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Quran oxuyun! O, Qiyamət günü sahibinə şəfaətçi olaraq gələcəkdir» . (Muslim)

Abdul-Həmid əl-Həmməni  (Allah ona rəhmət eləsin) Sufyan əs-Sövrinin (Allah ona rəhmət eləsin) belə dediyini eşitmişdir: «Qəlbləriniz təmiz olarsa, Quran oxumaqdan doymazsınız».

Ay ərzində Quranı xətm etməyə nail olmaq üçün can atmaq. Bunu üçün hər gün bir qədər vaxt ayırmaq kifayətdir. Əsas olan isə Quran həriflərinin haqqını verməklə yanaşı, Onun hökmlərinin haqqını verməkdir. Quranı oxuyarkən ayələr barədə düşünmək və əməl etmək vacibdir.

«(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik». (Sad, 29)

8 Elm öyrənməklə

Əgər bir müsəlman Quran oxumağı bilmirsə onu öyrənməyi məhz bu ayda fürsət bilib öyrənməlidir.

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: «Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədən kimsələrdir» .    

Əgər Quran oxuya bilirsə ərəb dilini öyrənməyə can atmalıdır. Çünki ərəb dili islam elminə yiyələnə bilmək üçün bir açardır.

İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: “Bil ki ərəb dilini öyrənmək insanın ağlına, əxlaqına və dininə güclü təsir edir. Həmçinin, müsəlman bu dili öyrənməklə sanki özünü İslamın ilk dövründə yaşayan səhabə və onların davamçılarına bənzədir”.

9.  Elm öyrətməklə.

Əli (Allah ondan razı olsun) demişdir: «Elm paylaşdıqca artan xəzinədir».

Hər bir müsəlmanın üzərində haqqdır ki bildiyi elmi digərlərinə çatdırsın. Elm dedikdə müsəlmanın bir şeyi tam olaraq bilməsi nəzərdə tutulur. Yəni əgər müsəlman hər hansı bir şeyi bildiyi iddiasındadırsa bu elmi tam olaraq bilməlidir. Bildiyi elm isə onun üçün hüccətdir. Bildiyini çatdırmaq isə onun üzərində haqdır.

Uca Allah bu barədə buyurur:

«Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifə-sini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz». (Maidə , 67)

Ramazanda savab əməlləri artırmaq üçün yollardan ən faydalı olanı malik olduğu elmi paylaşmaqdır. Belə ki, Quran oxumağı bacaran kəs bilməlidir ki, bir nəfərə bunu öyrədərsə onun hər oxumasında o kəsə Qiyamətə qədər savab vardır. Elə isə bu fürsəti necə qaçırmaq olar?  Bunun üçün Ramazan ayını fürsət bilib ətrafındakıları elm almağa həvəsləndir, bunu lap öz ailə üzvlərindən başla….

Həmçinin ərəb dilini bilən kəs bunun öyrətməklə öyrətdiyi şəxsin şəriət elmi almasına, Quran oxuyarkən başa düşməsinə səbəb olacağını düşünərsə bu fürsəti də qaçırmaz. Axı Quranı anlayaraq oxumaq yatmış qəlbi oyadar, imanı artırar.

Qeyd: Əgər bir kəs xəstəlik səbəbi ilə oruc tuta bilməzsə, xəstəliyi sağalan olarsa (elə bir xəstəlik ki bir müddət sonra sağala bilər) o zaman sağaldıqdan sonra tutmadığı orucların əvəzinə oruc tutmalıdır. Heyzli qadın da buna aiddir. Həmçinin hamilə və ya süd verən qadın (əslində bu kəslərin oruc tutması ilə Allahın izni ilə səhhətlərində bir problem yaşana bilməz) sağalan xəstənin hökmü kimi hamiləlikdən azad olduqdan sonra oruc tutmalıdırlar. Yox əgər bir kəsin xəstəliyi sağalan deyilsə (məsələn öd, mədə və  s. orqanlarında həyatı ilə riskli məqamların olduğunu həkim söyləmişsə) o zaman fidyə verməli , yəni hər gün bir nəfəri yedizdirməlidir.

Uca Allah hər birimizibu ayda vaxtını dəyərli keçirənlərdən etsin.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti

Leave a Comment