Oruc Ramazan ayı

Oruc tutmaq hansı insanlara vacib deyildir?

kimeorucvcb
Müəllif - feqih

Musafirə oruc tutmaq vacib deyildir, amma orucunu pozmaq bəhanəsi ilə səfərə çıxarsa,..

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hər bir Müsəlmana, Ağıl sahibinə, Həddi buluğa çatmış və oruc tutmağa qadir olan şəxsə Ramazan ayında oruc tutmaq vacibdir, buna dəlil olaraq Allah təalə belə buyur: «İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar». (əl-Bəqara 186)

Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Əgər ayı görsəniz oruc tutun.» (Buxari, Müslim)

1. Həddi buluğa çatmayanlara oruc  tutmaq vacib deyildir, buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Üç insandan qələm qaldırılmışdır; yatandan oyanana,dəlidən ağıllanana, uşaqdan  həddi buluğa çatana qədər.» (Əbu Davud 4401, İbn Macə 2041)
Əgər uşağın taqəti oruc tutmağa çatarsa onda uşağın valideyini də ona oruc tutmağa əmr edə bilər, necə ki səhabələr (Allah onlardan razı olsun) övladlarına oruc tutmağı əmr edərdilər, onları məscidə aparardılar və onlar üçün oyuncaq düzəldərdilər, uşaq acılıqdan ağladıqda isə onlar başını oyuncaqlarla qatardılar.
2. Ağıl sahibi olmayan insanlara da oruc tutmaq vacib deyildir, buna dəlil yuxarda qeyd olunan hədisdir.
Elə insanlar da vardır ki, onların ağılları günün bir hissəsində yerində olur digər vaxta isə olmur. Səhih odur ki, o  günün hansı hissəsində ağılını istifadə edə bilirsə,onda ona həmin müddətdə oruc tutmaq vacib olur.Ağılı yerində olmadığı müddətdə isə ona orucun qəzasını tutmaq vacib deyil.
3. Oruc tutmağı bacarmayan insanlara(qoca, xəstə) oruc tutmaq vacib deyildir. Allah təalə belə buyurur: «Nə qədər bacarırsınızsa Allahdan qorxun.» (ət-Təğabun 16)
Həmçinin buyurulur:  «Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.» (əl-Bəqara 286)
Lakin oruc tuta bilməyən şəxs hər günün əvəzinə bir nəfər yedirtməlidir, buna dəlil olaraq Allah təalə belə buyurur: «Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər.» (əl-Bəqara 184)
4. Müsafirə oruc tutmaq vacib deyildir, amma orucunu pozmaq bəhanəsi ilə səfərə çıxarsa, ona orucunu açmaq haramdır. Amma səfərə çıxmaq məcburiyətində qalan insan  istər bu səfər yüngül və ya ağır olsa, qısa ya da uzun olsa belə orucu  ya aça bilər, ya da orucunu davam etdirə bilər,buna dəlil olaraq Allah təalə belə buyurur: «Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.» (əl-Bəqara 286)
Əl-Buxari və Müslimdə keçən hədisdə Ənəs İbn Məlik (Allah ondan razı olsun) belə deyir: «Bir zamanlar biz Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilə səfərə çıxardıq, aramızdan oruclu olanlar oruc tutmayanlara və oruc tutmayanlar oruc tutanlara eyib kimi baxmazdılar.»
Muslimdə keçən hədisdə isə Əbu Səid Əl-Xudri (Allah ondan razı olsun) deyir: «Qüvvəti çatıb oruc tutana biz yaxşı baxardıq, qüvvəti çatmayıb orucunu açana da biz yaxşı baxardıq.»
5. Xəstə-onun da üç növü var:
a) Xəstəliyin çətin gəlmədiyi və ziyan vermədiyi insana oruc tutmaq vacibdir!
b) Xəstəliyin ziyan vermədiyi lakin, çətin gəldiyi halda ona oruc tutmaq vacib deyildir, necəki Allah təalə buyurur: «Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.» (əl-Bəqara 186)
c) Xəstəliyin ziyan verdiyi halda isə ona oruc tutmaq icazəli deyildir, buna da dəlil olaraq Allah təalə belə buyurur: «Özünüz məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.» (ən-Nisa 29)
Həmçinin buyurulur: «Öz əllərinizlə özünüzü təhlükəyə atmayın.» (əl-Bəqara 195)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyir: «Həqiqətən canının sənin üzərində haqqı vardır.»
Əgər  insan oruc əsnasında xəstələnərsə orucunu açmalıdır.Hər tuta bilmədiyi gün üçün bir nəfər kasıb yedirtməli və Ramazandan sonra o günlərin qəza oruclarını tutmalıdır.
6. Heyzli qadınlara oruc tutmaq haramdır, oruc tutsa belə ondan bu oruc gəbul olunmayacaq. Buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  qadına belə deməsidir: Məgər qadın heyz olduqda namaz qılır və oruc tuturmuQadın: «Xeyr» — deyə cavab verir.
Artıq qadında istər günün başlanğıcında və ya axırında heyz başlayarsa onun orucu pozulur. Oruc tuta bilmədiyi günləri isə Ramazandan sonra tutmalıdır, necə ki Allah təalə buyurur: «Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar.» (əl-Baqara 184)
Aişədən (Allah ondan razı olsun) soruşdular: «Heyzli qadın orucu və namazı yenidən qəza etməlidirmi? O dedi: «Bizə heyzli vaxtda orucun qəzasını tutmaq,namazın da qəzasını qılmamaq əmr olunurdu.» (Muslim)
7. Hamilə və südverən qadınlar hansılar ki, özünə və uşağa ziyan dəyməsindən gorxursa ona oruc vacib deyildir. Onlar da hər günə görə Ramazandan sonra qəza orucu tutmalıdırlar və ya bir kəsıb yedirtməlidirlər.
8. Təhlükə anında olan insanı (boğulan, yanan, uçqun altında qalan) xilas edən şəxslər üçün oruc vacib deyildir, çünki onu xilas edən şəxs qidalanmasa onun qüvvəsi zəifləyər, hətta ona orucunu açmaq vacibdir. Ramazamdan sonra isə buraxdığı qəza oruclarını tutmalıdır.
Qeyd: Oruc vacib olmayan insanlar oruclarını aça bilərlər, lakin onların bunu elan etməsi icazəli deyildir,onlar iftarını gizli şəkildə açmalıdırlar.
Əziz qardaş və bacılar yuxarıda qeyd etdiklərimiz Allahın şəriətində bizim üçün olan bir hikmət və asanlıqdır, Allahın şəriətində hər bir insan üçün onun halına və məqamına münasib olaraq hökmlər vardır, Allahın şəriətindəki bu hikməti bilək və Rəbbimizin  bizim üçün verdiyi asanlıq nemətlərinə görə şükr edək.Allahdan Dinimizdə sabit qalmağımızı istəyirik.

Hazırladı:  Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Məcid Məmmədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment