Səhabələr Sira

Onlar Allahdan qorxardılar…

photo10

“kaş ki, savab bir tərəfə, günahlarsız əzabdan qurtula bilsəydim”

Rəhimli və Mərhəmətli Allahın adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əbu Bəkr Siddiq (Allah ondan razı olsun). Axirət günü haqq-hesab verməyin məsuliyyətindən qorxaraq deyərdi: “Kaş ki, bir möminin bədənindəki tük olaydım”. “Kaş ki, heyvanların yediyi ot olaydım” Dilini tutaraq:”bax, məni bəlalara bu saldı” deyərdi.

Ömər ibn Xattab (Allah ondan razı olsun): Tur surəsinin oxuyub, 7-ci ayəsinə (“Rəbbinin əzabı hökmən vaqe olacaqdır.”) çatdıqda Allah qorxusundan hönkür-hönkür ağlayaraq, xəstələnər, insanlar da ziyarətinə gələrdilər. Gecə Quran oxuyarkən ayəni düşünüb dəhşətə gələr, günlərlə Allah qorxusundan evdən çıxa bilməz, insanlar da xəstələndiyini zənn edib ziyarətinə gələrdilər. Üzündə ağlamaqdan iki qara cizgi əmələ gəlmişdi. Bir dəfə İbn Abbas (Allah ondan razı olsun) ona “Allah sənin səbəbinlə şəhərlər qurdu, fəthlər etdirdi » — dediyi zaman “kaş ki, savab bir tərəfə, günahlarsız əzabdan qurtula bilsəydim”cavabını vermiş, haqq-hesab gününün ağır məsuliyyətinə işarə etmişdi.

Osman bin Avfan (Allah ondan razı olsun) Bir qəbrin başında dursa saqqalı yaşaranadək ağlayar və “Cənnətlə Cəhənnəm arasında dursam, hansına girəcəyimi bilmədən əvvəl qul olmağı üstün sayardım”.

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) “Uzun əməl Axirəti adama unutdurur, nəfsinin istəklərinə uymaq isə haqqa mane olur. Diqqətli olun! Dünya bizdən uzaqlaşır, Axirət isə bizə doğru yaxınlaşır. Hər ikisinin də öz adamları var. Siz dünyanın deyil, Axirətin adamlarından olun. Çünki bu gün əməl var, haqq-hesab isə yoxdur, sabahsa haqq-hesab olacaq, əməl isə olmayacaq”.

Əbu Dərda (Allah ondan razı olsun): “Qiyamət günü ən qorxduğum sual mənə “Ey Əbu Dərda, bilirdin. Bəs niyə əməl etmədin?”deyilməyidir. “Ölümdən sonra nəylə qarşılacağınızı bilsəydiniz, iştaha ilə yemək yeməz, su içməz, kölgələnmək, dincəlmək üçün evlərinizə çəkilməz, (əvəzində) dağlara çıxar sinənizə vurub öz halınıza ağlayardınız. Ah… kaş ki, əkilən və meyvəsi yeyilən bir ağac olardım.” 

İbn Abbas (Allah ondan da atasından da razı olsun): Gözlərinin altında ağlamaqdan əmələ gəlmiş qara ləkə vardı.

Əbu Zərr (Allah ondan razı olsun) “Kaş ki, əkilən bir ağac olaydım, kaş ki, yaradılmayaydım” deyərdi. Beytül Maldan maaş təklif edildiyi zaman:”Evimdə südünü içdiyimiz bir keçi, yüş daşımaq üçün istifadə etdiyimiz bir qatır, işlərimizdə kömək edən bir qulluqçu və bir əba var. Mən onlara görə Axirət günü nə cavab verəcəyimi bilmədiyim halda, maaşın hesabını necə verim?”

Bu o insanların Yaradıcıları qarşısında qorxusu, qəlb səksəkəsi idi ki,gecələri ibadətdə, gündüzləri xeyir əməllər görməklə keçərdi. Onlardan hansı birinin təcümeyi-halına müraciət etsən, Allahın insanı yaradılış səbəbi olan ibadətdən kənar bir işdə görməzsən. Bununla belə, əməllərini kiçik görər, arxayınlaşmaz, Rəbblərindən qorxar, Allahın razı qaldığı işlər görməkdən bircə an belə kənar düşməzdirlər. “Allahdan qorxun ki, nicat tapasınız!”(Quran, Bəqərə, 189)

İbn Məsud (Allah ondan razı olsun) deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər» Buxari.

Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) deyərdi: “Allahdan ancaq mömin qorxar. Və ancaq münafiq özünü Onun qəzəbindən rahat hiss edər”. Ey qəlb! Bəs səni belə əmin-amanlığa, qayğısızlığa salan nədir? Nəyə arxayınsan? Hansı əməlinə bel bağlamısan?

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment