Hədis Hədislər toplusu

Müsəlman şübhə qarşısında nə etməlidir?

shubhe

Şeyx Muhəmməd bin Saleh əl-Useymin

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) nəvəsi və onun reyhanı Əbu Muhəmməd Həsən ibn Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: Mən, Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) bu sözləri əzbərləmişəm: ”Səni şübhələndirən işi tərk et, şübhələndirməyəni götür.” (ət-Tirmizi və ən-Nəsai rəvayət etmişlər. ət-Tirmizi demişdir: Hədis həsən səhihdir).

ŞƏRH

Həsən ibn Əli ibn Əbu Talib (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) nəvəsidir.
“və onun reyhanı” reyhan gözəl iyi olan çiçək adıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Həsəni (Allah ondan razı olsun) və Hüseyni (Allah ondan razı olsun) Özünün reyhanları kimi vəsf etmişdir. (əl-Buxari: “Əshabələrin fəziləti” kitabı, “Həsən və Hüseynin fəzilətləri” bölümü, № 3753).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) şübhələrdən uzaq durmağı tövsiyə edir.

”Səni şübhələndirən işi tərk et” Yəni, sənin şəkk etdiyin və ya səni narahat edən məsələni tərk et. “şübhələndirməyəni götür” Şəkk etmədiyini və ya narahatçılıq törətməyəni et.
Biz deyirik: «Şəkk və narahatçılığı olan bütün işlərdən əl çəkib şəkk və narahatçılığı olmayan işləri et. Amma vəsvəsə həddinə gəlib çatarsa, ona diqqət vermə.»

Bu, ibadətlərdə, davranışlarda, nikahda və bir sözlə elmin bütün sahələrində ola bilər.
İbadətlərdə olan vəsvəsə halına misal, bir kişi dəstəmazı pozulduqdan sonra namaz qılır. Lakin o, dəstəmazı pozulduqdan sonra dəstəmaz alıb-almadığında şəkk edir. Əgər dəstəmaz alıbsa, namazı səhih (yəni, düzgün qılınmış) sayılır. Yox əgər dəstəmazsız qılıbsa, namazı batildir. Beləcə də narahatçılıq içində qalır.
Ona deyirik: Səni şübhələndirən işi tərk et. Şübhələndirməyəni götür. Burada şübhə namazın səhihliyindədir. Şəkki yox etmək üçün dəstəmaz alıb namazı qılmaq lazımdır.
Əks misalda isə, bir kişi dəstəmaz alıb namaz qılır. Sonra dəstəmazının pozulub-pozulmadığı barədə şübhəyə düşür.
Deyirik: Səni şübhələndirən işi tərk edib şübhələndirməyəni götür. Sənin yəqin etdiyin bir şey var ki, o da dəstəmazdır. Sonra şəkk etməyə başladın ki, bu dəstəmazdan sonra onu pozan nə isə edilib, ya yox? Tərk edilən, dəstəmazın pozulub-pozulmadığı barədə şəkkindir. Özünü sakitləşdir və şübhəni tərk et.

Hədisdən çıxan faydalar:

1 – İslam dini öz davamçılarının şəkk-şübhə və narahatçılıq içində olmasını istəmir. Çünki hədisdə buyurulur: “Səni şübhələndirən işi tərk et. Şübhələndirməyəni götür.”
2 – Əgər arxayınçılıq və rahatlıq istəyirsənsə, xüsusən də ibadəti bitirdikdən sonra şübhəli olanı tərk et. Məsələn, bir nəfər Kəbəni təvaf etdikdən sonra məqam İbrahimdə namaz qılmağa gedir. Lakin o, yeddi yoxsa altı dəfə təvaf etməsi barədə şübhəyə düşür. Bu halda nə etməlidir?
Cavab: Heç nə etmir. Çünki ibadət qurtardıqdan sonra şəkk əmələ gəlibdir. Yalnız altı dəfə təvaf etməsini yəqinləşdirdikdə aradan uzun müddət keçməyibsə, təvafı tamamlayır.
3 – Peyğəmbərə gözəl danışıq qabiliyyəti verilmişdir. Ona görə də onun sözləri müxtəsər, lakin əhatəli idi. Baxın hədis iki cümlədə deyilmişdir: “Səni şübhələndirən işi tərk et. Şübhələndirməyəni götür.” Amma insan onların mənalarını açıqlamaq istəsə bir cild kitaba yerləşdirə bilməz.

 

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Muhəmməd bin Saleh əl-Useymin
Fəqih.com
 heyəti