Sual-cavab

MƏDİNƏ qrupundan ayın seçilmiş sualları — Mart (2014)

madina-mart

MƏDİNƏ qrupundan seçilmiş suallar

Sualları Beynəlxalq Mədinə İslam Universitetinin məzun və tələbələri cavablandırıb.
Öz suallarınıza da Allahın izni ilə cavab tapmaq üçün, qrupumuza baş çəkin:MƏDİNƏ GRUPU

1. İxtilaflı məsələlərdə tutulan mövqe
Sual: İxtilaflı məsələdə çoxluğa tabe olun çünki mənim ümmətim zəlalət üzre birləşməz məzmunlu hədis səhihdirmi?Səhihdirsə ixtilaflı məsələdə icma ilə getmək olarmı?

Cavab: Hədis belədir: إن الله لا يجمع أمتي على ضلالة — «Şübhəsiz ki, Allah — ümmətimi zəlalət üzərinə bir yerə cəm etməz/toplamaz..» (Tirmizi). Orada «çoxluq» sözü yoxdur. Ümumiyyətlə isə, İcma və çoxluq — ayrı-ayrı şeylərdir. İcma — hər hansı bir məsələdə bütün alimlərin eyni fikirdə olmasıdır və İcmaya tabe olmaq bu və buna bənzər hədislərə əsasən vacibdir, (bilə-bilə) müxalif olmaq isə küfrdür. Çoxluq isə (buna Cumhur deyilir), İcma kimi deyil. Cumhur`da alimlərin əksəriyyəti eyni rəydə olsalar da, bütün alimlər eyni rəydə olmaya bilərlər və bu, ixtilaf sayılır. Düzdür, avam bir müsəlman üçün elə Cumhura tabe olması daha əliverişlidir, çünki doğru rəyi təsbit edə bilmək üçün elmi olmadığına görə bu ixtilafların içərisindən çıxması mümkün deyil. Lakin, Cumhura tabe olmaq — İcmaya tabe olmaq kimi vacib deyil. Suala gəlincə, İcma olan yerdə ixtilafın olması mümkün olan bir şey deyil. İcmaya tabe olmaq mütləqdir. Daha doğrusunu Allah bilir.

2. Hamilə qadın ruku və səcdə etməyə çətinlik çəkərsə
Sual: Hamilə qadın əgər namaz qıldıqda ruku ve səcdədə çetin vəziyyətdə qalırsa o namazı necə qılmalıdır?

Cavab: Əyilməkdə əziyyət çəkən hərkəs oturduğu yerdə namaz qılır. Ayaq üstə dura bildiyi hissəni ayaqüstə qılır, əyilməkdə əziyyət çəkdiyi hissələri isə oturaraq qılır. Daha doğrusunu Allah bilir.

3. Vəsvələrdən qorunmağın yolları
Sual: Vəsvəsələrdən necə qorunmaq olar?

Cavab: Müsəlmanı öz dinində şəkkə aparan, onu narahat edən, incidən vəsvəsələr şeytandandır. Bunlardan xilas olmaq üçün Tövhidlə və ixlasla şeytanın şərrindən Allaha sığınmaq, ibadətləri vaxtı-vaxtında yerinə yetirmək, səhər-axşam zikrlərini etmək, namazda və başqa vaxtlarda Allaha dua etmək, Quran oxumaq lazımdır. Daha doğrusunu Allah bilir.

4. Nəsx və Mənsux
Sual: Əgər ayə nəsx olunubsa onun hökmü qalmalıdırmi? Əgər qalırdısa o zaman nə üçün nəsx olunurdu?

Cavab: Nəsxin 3 növü var:

1. Hökmün nəsx olub qiraətin qalması. misal olaraq Bəqara 240 göstərmək olar. İslamın əvvəlində əri ölmüş qadın 1 il gözləyirdi. Sonra Bəqara 234 ayəsi nazil olub birincini nəsx etdi və əri ölmüş qadının gözləmə müddəti 4 ay 10 gün oldu. Amma bununla belə həmin ayə Quranda var.

2. Qiraəti nəsx olub hökmün qalması. Buna da yuxarıda zikr etdiyim kimi zina edənin hökmü haqda olan ayəni misal göstərmək olar.

3. Həm qiraətin həm də hökmün nəsx olması. Buna misal olaraq da Aişədən gələn hədisdir ki, Biz Quranda bu ayəni oxuyurduq ki, 10 dəfə əmizdirməklə uşaq məhrəm olur.. sonradan bu ayə hədislə nəsx olub və 5 dəfə əmizdirməklə artıq qadın uşağa süd anası olur… Nəsxdə bir neçə hikmət var ki, bunlardan insanları hər hansı hökmə hazırlamaq (necə ki, içkinin haram olması mərhələ ilə oldu), Allahın hər şeyə qadir olduğunu qullarına bildirmək, bir hökmü nəsx edib ondan daha xeyirlisini vermək və bizim bilmədiyimiz bir çoz hikmətlər vardır. Daha doğrusunu Allah bilir.

5. Namaz üçün edilən niyyət
Sual: Namazdan öncə niyyət etmək lazımdırmı? Məsələn: Niyyət etdim sübh namazının 2 rükət fərzini qılmağa. Niyyət etmək lazımdırmı?

Cavab: Namaza niyyət dil ilə deyilmir qəlbdə olur, çünki, Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) bu barədə heçnə sabit olmayıb. Sadəcə ürəyinizdə niyyət edin ki, siz Allah üçün fəcr namazını qilacaqsız, dilinizlə isə heçnə deməyin. Bu ümumi bir qaydadır, niyyət hər zaman qəlbdə olur. Sadəcə həcc və ümrə istisnadır. Bu ikisində niyyəti dil ilə demək müstəhəbdir. Daha doğrusunu Allah bilir.

6. Dəstəmaz alarkən danışmağın hökmü
Sual: Dəstəmaz alarkən danışmaq olar yoxsa yox?

Cavab: Şeyx İbn Bəzzdən (Allah ona rəhm etsin) soruşurlar ki, dəstəmaz əsnasında danışmaq dəstəmazı pozur? Şeyx cavabında bildirir ki, danışmaq dəstəmazı pozmur. Daha doğrusunu Allah bilir.

7. “Uluv” sifəti ilə “İstiva” sifəti arasında fərq
Sual:Uluv” sifəti ilə “İstiva” sifəti arasında fərq nədir?

Cavab: İbn Teymiyyə (rahiməhullah) “Məcmuul-Fətəva” əsərində (5/ 122) demişdir ki: “Uluv” eşitməklə və ağılla bilinən bir sifətdir. Həmçinin, (bunu) təsdiqləyən imamlara görə şəridir (doğrudur). Ərşə isteva etmək isə yalnız: eşitməklə (ağılla yox) bilinən bir sifətdir. Elə isə fərqləri bunlardır:

1) «Uluv» zatı sifətdir, «İstiva» isə feli sifətdir.

2) «Uluv» eşitmək və ağılla məlum olan (bilinən) bir sifətdir. «İstiva» isə yalnız eşitməklə bilinir.

3) «Uluv» məxluqatların üzərinə ümumidir, «İstiva» isə yalnız ərşin üzərinə olur.

Daha düzünü Allah bilir!

8. Rafizilərin şübhəsinə cavab
Sual: Rafizilərin dəlil gətirdiyi ayə «Allah deyir mənə vasitə gətir» buna oxşar və ya belə ayə varmı? Varsa əhli sünnətə görə şərhi necədir?

Cavab: Belə bir ayə var lakin bu ayədə onların yozduqları kimi məna yoxdur, təfsir alimlərinin sözlərini də qeyd edəcəyik ki, aydın olsun! Ayə belədir:

«Ey iman gətirənlər! Allahdan qorxun, ona (yaxınlaşmaq üçün) vasitə axtarın və onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.» (əl-Maidə 35)

Bu ayədəki vasitə ayədən də göründüyü kimi iman, təqva və (şəriətə uyğun) Allah yolunda cihad etmək kimi saleh əməllərdir. Bu ayədəki «təvəssül» ün- (vasitə) mənasının Allaha itaət və Onu razı salan əməllə Allaha yaxınlaşmaq olması haqda Əhli Sünnənin təfsirçiləri arasında ixtilaf yoxdur. Məsələn:

İmam Təbəri bu ayədəki «vasitə axtarın» qövlünü «Onu razı salan əməllə yaxınlıq istəyin» şəklində təfsir etmişdir.

Əbu Vail isə demişdir: «Bu yaxınlıq əməllərlədir.»

Ata demişdir: «Bu, yaxınlıqdır.»

Suddiy demişdir: «Bu, (Allahdan) istəmək və yaxınlıqdır.»

Qatadə isə belə demişdir: «Allaha Ona itaətlə və Onu razı salacaq əməllə yaxınlaşın.»

Həsən və İbn Kəsir də «yaxınlıq»dır demişlər.

İbn Zeyd isə: «Allahı sevdirən (qəlbdəki) sevgidir demişdir.»

Bu təfsirlərin heç birində iddia olunan batil məna yoxdur, əksinə Allah birbaşa Özünə dua edilməsini istəyir. Bu ayədə isə saleh əməllərdən danılışılır. Birbaşa Allaha dua etmək haqqında isə əl-Bəqara 186-cı ayəni oxumağınızı tövsiyyə edirik. Allah müvəffəq etsin! Daha doğrusunu Allah bilir.

9. Həşəratları öldürməyin hökmü
Sual: Həşəratları öldürmək olarmı?

Cavab: Fəqihlər deyirlər ki, bir heyvan ki, onun nə zərəri vardır, nə də faydası onu öldürmək məkruhdur. əs-Suyuti heyvanların bu baxımdan dörd qismə ayrıldığını deyir:

1. O heyvanlar ki, onların zərəri var, faydası yoxdur; onları öldürmək müstəhəbdir, vacib deyildir. Misal üçün kərtənkələ, ilan və sair..

2. O heyvanlar ki, onların həm zərəri, həm də faydası var; onları öldürmək nə haramdır, nə də vacibdir, nə müstəhəbdir, nə də məkruhdur, sadəcə mübahdır (caizdir). Əgər zərərindən ehtiyat edirsə öldürə bilər.

3. O heyvanlar ki, onların nə zərəri var, nə də faydası var; belələrini öldürmək məkruhdur, haram deyil.

4. O heyvanlar ki, onların zərəri yoxdur, faydası var; belələrini öldürmək haramdır.

Daha doğrusunu Allah bilir!

11. Qurana “Müqəddəs” demək
Sual: Qurani Kərimə müqəddəs demək düzgündürmü? Bir çoxları hətta kitabı oxumamışdan qabaq və ya oxuyandan sonra kitabı öpür və gözünun üstünə qoyur.

Cavab: Müqəddəs sözü ərəbcə «qadusə» felindən olub və «təmiz, pak, mübarək, nöqsandan uzaq» mənalarını verir. Müqəddəs Quran deməkdə bir problem yoxdur, Quran Allahın kitabıdır, nöqsanlardan uzaqdır. Müqəddəs Quran deyildikdə də burada «pak kitab» nəzərdə tutulur. Bir insan Qurana nə qədər hörmət etsə o qədər yaxşıdır. Lakin, hörmət o demək deyil ki, Quranı əlçatmaz bir yerə qoyub oxumayasan və s. Quranı öpmək haqqında sualın cavabında İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir ki, «bunu etməkdə bir problem yoxdur, lakin bunu tərk etmək daha üstündür.» — gözün üstünə qoymaq da həmçinin, belədir. Hörmət üçün edilən bu kimi əməllərin adat etməmək şərtilə edilməsində bir problem yoxdur. Daha düzünü Allah bilir.

12. Nə üçün məhz Əsr namazı
Sual: əl-Bəqara surəsinin 238-ci ayəsində Allah bele buyurur: «(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)» sualım bələdir ki, niyə orta namaz, yəni Əsr namazı başqa namazlardan ayrılıb, xüsusilə yazılır? Bunun bir təfsiri varmı?

Cavab: Bu orta namaz əsr namazıdır, bundan əvvəl və sonra iki namaz vardır. Bu namaz isə insanların gündəlik işlərinin ən aktiv vaxtlarından birinə düşür, bu namazın ötürülməsi və ya vaxtında qılınmaması ehtimalını aradan qaldırmaq üçün bu namaz xüsusilə qeyd olunmuşdur. İbn Kəsir Muslimdə də eynilə varid olan rəvayəti İmam Əhməddən rəvayət edir: Yəhya ibn İshaq Luhey`adan, o da Abdullah ibn Hubeyradan, o da Təmimdən, o da Əbu Basra əl-Ğifaridən rəvayət edir ki: Allahın Elçisi vadilərdən birində (Muxamməs vadisində) bizə əsr namazını qıldırdı, sonra belə dedi: «Həqiqətən bu namaz əsr namazıdır. Bu namaz sizdən əvvəlki ümmətlərə ərz edildi, onlar da bu namazı zay etdilər…» ləfzi keçir. Yenə ibn Kəsirin səhih olaraq rəvayət etdiyi hədisdə Allah elçisi buyurmuşdur: «Əsr namazını ötürən kimsə sanki, malını və əhlini itirmişdir.» — (İbn Kəsir — həmin ayənin təfsirindən). Hədislərdən də göründüyü kimi bu namaz çox mühimdir və itirilmə, vaxtı qılınmama təhlükəsi var. Ona görə də xüsusi olaraq qeyd olunmuşdur. Daha düzünü Allah bilir!

13. Sosial şəbəkələrdə profil şəkilləri
Sual: Facebook`da profilə öz şəkillərini qoyanlara nə nəsihət edərdiniz?

Cavab: Bu mövzunu iki qismə bölmək olar: 1-cisi kişilərin öz şəkillərini qoyması, 2-ci qadınların öz şəkillərini qoyması. Kişilər öz şəkillərini əksər halda iki formada qoyurlar: 1-cisi Dost və yoldaşlarının onu tanıması üçün adi şəkil, 2-cisi müxtəlif üsullarla bəzədilmiş cəlb edici şəkil. Qadınlar üçün isə hər ikisi eynidir (cəlb edicidir və fitnədir).

İndi isə bu qismlər haqqında biraz təfsilatla: Kişilərə öz dostları üçün qoyduqları adı şəkillər məsləhət deyil. Şəkil çəkməyin haram olması icmadır. Müasir cihazlarla çəkmək isə ixtilaflıdır. Lakin ixtilaflı olmaq icazəli olmaq kimi deyil. Həmçinin ola bilsin həmin kişi öz şəkli vasitəsi ilə başqa qadını fitnəyə salsın və beləcə onun həlak olmasına səbəb olsun. Axı biz bir-birimizlə xeyir işlərdə yardımlaşmağa əmr olunmuşuq, şər işlərdə deyil. O ki, qaldı kişilərin və qadınların cəlb edici şəkillərinə. Onlar Allahdan qorxsunlar. Belə şəkillər vasitəsi ilə neçə-neçə insan həlak olub. Həmin kişi və qadınlar belə əməlləri xeyirə qıfıl, şərrə isə açar olurlar. O, sadəcə evində oturur, lakin qoyduğu şəkil səbəbi ilə neçə -neçə insanları yoldan çıxarır.

Elm əhli buyurur ki, onlar bu əməlləri ilə yer üzərində fitnə fəsad törədirlər. Allah Təalə buyurur: «… və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!». Həmçinin başqa ayədə belə buyurur: «… yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir.» . Bu ayələr ilə onları qorxuduruq və deyirik: “Əgər sizdə bu ayələrdə danışılanlara aid edilsəz, onda vay sizin halınıza.” . Bu qədər.

Sonda Allahdan istəyirik ki, bütün müsəlmanları islah etsin. Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə.

14. Elmsiz əməl etmək
Sual: Elmsiz əməl etmək necə olur? Yəni sən (və ya başqa elm tələbəsi və ya elmli bir qardaş) mənim suallarıma cavab versə lakin mənbəni (filan hədise görə, filan ayəyə görə) qeyd etməsə, mənim buna əməl etməyim və ya başqalarını aldığım cavablara dəvət etməyim elmsiz əməl sayılır? Çünki hər halda mənbəni bilmirəm.

Cavab: Elmsiz əməl etmək dəlil sübutun olmadan «məncə bu belədir» və s. kimi sözlərlə öz nəfsindən havasından gələnlə əməl etməkdir. Əslində bu mövzu genişdir. Xülasə, bir elm tələbəsinə sual verib cavab alsanız kifayətlənə də bilərsiniz, dəlil də tələb edə bilərsiniz. Mühüm odur ki, siz bilmədiyinizi bilənlərdən soruşasınız. Çünki, bu qrupda da tələbələr hər biri öz bildiyi suala cavab verir, bilmədiyindən isə yan keçir. Lakin bu qrupda suallar çox olduğundan bəzən ola bilər ki, cavab verən tələbə müxtəsər hökmü yazsın, və ya dəlil tələb edilmədiyindən olar-olmazı soruşulduğundan o birbaşa hökmü yazsın. Daha düzünü Allah bilir!

15. Kainatın partlayış nəticəsində yaranması fərziyyəsi
Sual: Alimlər təsdiqləyiblər ki kainat partlayış nəticəsində 1 neçə saniyəyə yaranıbdır, bunu sübuta yetirəcək Quranda ayələr, sürələr varmı?

Cavab: Birinci bu batildir, bunu darvinçilər fərziyyə kimi irəli sürürlər. Amma isbat etməyiblər. Bir çox dünyəvi alimlər də bunu inkar edirlər. İkinci belə şeyə inanmaq Quranı təkzib etməkdir. Allah Quranda yeri və göyləri 6 gündə yaratdığını xəbər vermişdir. Kim bunu təsdiq etsə Quranı yalanlamışdır. Bu da insanı dindən çıxaran bir küfrdür. Ateistlər bu fərziyyəsi o zaman irəli sürüblər ki onlar Bu böyüklükdə kainatın öz özünə necə formalaşdığını şərh edə bilməyiblər və bu nağılla guya suala cavab tapıblar.

16. Faizə götürülən maşın
Sual: Bir qardaş var idi. Onunla tələbəlik illərində bir yerdə qalmışıq. Mənim tövhidə gəlməyimə o səbəb olub.

O, əsgərlikdən qayıdandan sonra xaricə getdi. Bu səbəbdən imanı zəiflədi və namazı tərk etdi. Hətta bankdan faizə pul götürüb özünə maşın aldı. Allaha şükür olsun ki indi tövbə edib. Məndən öyrənməyimi istədi ki, qardaş maşını faizə götürülmüş pul ilə alıb. O, kredit götürdüyü zaman bunun haram olduğunu da dəlilləri ilə bilirdi. Lakin namazı tərk etmişdi. İndi onun bu maşından istifadə etməsi haramdırmı? Əgər haramdırsa nə etməlidir? Satmalıdırmı? Yoxsa istifadə edə bilərmi?

Cavab: Faizlə mal almaq haramdır, həmçinin malı, mülkü zay etmək, israf etmək də haramdır. Ona görə də sadəcə tövbə etsin və maşını xeyir işlərdə istifadə etsin. Satması vacib deyil, daha doğrusunu Allah bilir!

17. Kim imam durmalıdır
Sual: Namazda imam kim durmallıdır? İmama durmalı olan şəxs imam durmaqdan imtina etsə bu əməl sünnəyə müxalif sayılırmı? Hansı hallarda imamlıqdan imtina etmək icazəlidir? Qiraəti və əzbəri yaxşı olan cunub olarsa imam kim durmalıdır? Cunub olduğu halda qiraəti yaxşi olan, yoxsa dəstamazı olan, təcvidi bilməyən başqa biri?

Cavab: Ümumiyyətlə dəstəmazsız heç kim imam dura bilməz, namazları səhih olmaz belə bir halda. Ona görə də dəstəmazı olmayan birini hesaba almayın. Əgər namazın fiqhini yaxşı bilən ilə qiraəti çox olan biri arasına seçim etməli olsaq bu zaman alimlərin görüşləri fərqlənir. Lakin təbii ki, Quranı ən çox bilən biri yoxdursa o zaman namazın fiqhini ən yaxşı bilən biri önə keçirilməlidir. Əgər kiminsə evində qılırsızsa o zaman ev sahibi buna daha layiqdir. Daha doğrusunu Allah bilir.

18. Dırnaqları uzatmağın hökmü
Sual: əsSalamu Aleykum. Qadın dırnaqlarını uzada bilərmi? Bu haqda zəhmət olmasa Quran və Sunnədən dəlilləri ilə yazardız.

Cavab: Va aleykumussalam va rahmətullah. Aişənin (Allah ondan razı olsun) hədisində Rasulüllah (Allahın ona salavat və salamı olsun) buyurur: «Fitrət 10-dur, və onlardan biridə dırnaqları tutmaqdır…», və eləcədə Ənəsin (Allah ondan razı olsun) hədisində bunları 40 gündən artıq uzatmamağı əmr etdi. Və bu hədisdə gələn əmr kişilərə də qadınlara da aiddir. Yəni nə kişiyə nə də qadına dırnaqlarını 40 gündən artıq uzatmaq icazəli deyildir. Daha doğrusunu Allah bilir.

19. Kostyum, qalstuk və s. bu kimi geyimləri geyinməyin hökmü
Sual: Kostyum — şalvar və qalstuk — bantik ve s.-dən istifadənin hokmu nədir?

Cavab: Bu, örfdən, adətdən asılıdır. Əgər yaşadığın yerdə insanların bu cür geyinməsi normaldırsa, məqbuldursa geyinməkdə bir problem olmamalıdır. Lakin paltarların ətəkləri uzun olmamalıdır, əzaları göstərəcək şəkildə dar olmamalıdır. Qadağan edilmiş zəfəran rəngində olmamalıdır, xalis ipəkdən olmamalıdır. Xülasə, adətə aid bir şeydirsə, haram olduğunu iddia edən açıq-aydın dəlil gətirməlidir.

Sual: Deyirlər «Bu geyimlər, əsasən kafirlərə xasdır və biz belə geyinsək kafirlərə oxşamış olarıq ki, bu da qadağandır.» Deyirsiz ki, yuxarıda qeyd etdiklərimi müsəlmanların istifadə etməsində bir problem yoxdur?

Cavab: Əvvəla, kostyum, qalstuk — kafirlərin simvol, onlara məxsus geyimlərdən hesab olunmur, bütün dünya bu cür rahatlıqla geyinir. Onlara xas olan geyimlər — misal üçün, rahiblərin bellərinə bağladıqları, çiyinlərinə atdıqları müxtəlif geyimlərdir. İkincisi isə, bir geyimin kafirlərə aid olması, onu avtomatik olaraq haram etmir. Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) peyğəmbərlik gəldiyi zaman bütün səhabələr elə Məkkə müşrikləri geyindikləri kimi — o adət üzərə geyinirdilər və yeni bir geyim də icad etmədilər. Bununla yanaşı, yahudilərə xas olan «Teylasam» deyə bir geyim var idi (çiyinlərinə atdıqları şal idi). Buna görə də, Sələf — bu cür geyinməyi məkruh hesab edirdilər. Lakin sonralar bu geyim ətraf bölgələrə, hətta müsəlmanların arasına yayıldı və hər kəs bu cür geyinməyə başladı. Alimlər də bunu mübah (caiz) hesab etdilər. Misal üçün İbn Həcər «Fəthul-Bari»-də bu haqda danışarkən demişdir ki, artıq bu geyim yahudilərə xas hesab olunmadığı üçün bunu geyinmək məkruh yox, mübahdır, çünki artıq hamı tərəfindən qəbul olunmuşdur. Kostyum, qalstuk kimi geyimlər də həmçinin.. Bu cür geyimlər də kafirlərə xas olan bir mahiyyət qalmamışdır və buna görə bu cür geyinmək məkruh hesab olunmaz — qalmışdı ki, haram. Daha doğrusunu Allah bilir.

20. Dindən çıxaran amillərdə cəhalətin üzürlü olub-olmaması
Sual: As salam aleykum va rahmatullah. Sualım belədir: Dindən çıxaran amillərdə Cəhalət üzrdürmü? Və biz onları təkfir etməliyikmi? (Şeyx Fovzan və islam alimlərinin rəyi nədir bu barədə?)

Cavab: Va aleykum salam. Şeyx Fovzan və islam alimləri (Allah onlara rəhm etsin) deyirlər ki, hal-hazırda müsəlman gənclər özlərinə fayda verən və onlara aid olan mövzuları bir kənara qoyub, belə məsələlərə girişirlər. Eləcə götür «tövhid» məsələsini. Gənclər bu mövzuda bir iki cümlədən artıq heçnə danışa bilməzlər. Hələ digər məsələləri demirəm. Əgər həqiqətən Şeyx Fovzanı və digər alimləri (Allah onları qorusun) sevirsənsə və onlara tabe olursansa elm öyrənməyə başla. Əvvəla ədəbdən başla. Elm tələbəsinin ədəblərindən. Sonra üç əsas kitabını öyrən və beləcə yavaş-yavaş elm topla. Allah müsəlmanları öz dinlərində fəqih etsin.

ELM TƏLƏBƏSİNİN ƏDƏBLƏRİ

ÜÇ ƏSAS KİTABI

21. Namazda saçları yığmağın hökmü
Sual: Hədisə görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) namazda saçları hörüylü halda namaz gilmağı qadağan etmişdir. Bu qadınlara da aiddirmi?

Cavab: İbn Abbas (Allah ondan razı olsun) demişdir: «Allahın elçisi (Allahın ona salavat və salamı olsun) yeddi üzv üzərinə səcdə edilməsini, nə paltarın, nə də saçların yığılmamasını əmr etmişdir.»

Bu və bənzəri hədislərdə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) səcdəyə gedərkən paltarın ətəyini yığmağı, saçları yığmağı qadağan etmişdir. Məqsəd budur ki, namaz qılan şəxs səcdəyə gedərkən saçlarının toza bulanmaması məqsədi ilə saçlarını yığırsa bu, namazın ədəblərinə qarşıdır. İbn Abbas, İbn Məsud (Allah onlardan razı olsun) və digər səhabələr bu cür edənlərə deyərdilər ki, səcdəyə gedərkən qoyun saçlarınız da sizinlə səcdə etsin.

Alimlər bu hədislərin izahında fərqləniblər. İmam Malik`ə (Allahın ona rəhməti olsun) görə əgər namazdan əvvəl adətən saçını hörürsə o zaman namazda da bu halda səcdə etməsində heç bir problem yoxdur. Lakin əksər alimlər, Əbu Hənifə, əl-Əvzai, əl-Leys, əş-Şafii, Əhməd (Allahın onlara rəhməti olsun) və başqaları belə bir fərq qoymayıblar və deyiblər ki, əgər adətən saçı hörüklüdürsə namazda saçlarını açmalıdır ki, saçları da onunla birlikdə səcdə etsin və yerə dəysin.

Dörd məzhəbin dördü də ittifaq edib ki, namazda bunu etmək haram deyil, lakin «tənzihi məkruh»dur (yəni, halala yaxın məkruhluq qəsd edilir). Bəzi zahirilər bunu haram sayıblar.

Qadınlara gəldikdə isə əksər alimlər burada qadın ilə kişi arasında fərq qoymurlar, lakin bəzi şafi fəqihləri (əl-Ğazzəli, əl-İraqi, əz-Zərkəşi və s.) bunun kişilərə xas olduğunu deyirlər. Daha doğrusunu Allah bilir!

22. Rəsmi nigah (zaks)
Sual: Assalamu aleykum va rahmətullahu va bərakətuhu. Zaksla bağlı nə deyə bilərsiniz? Eşitdiyimə görə haramdır. Onsuz keçinmək olarmı ölkəmizdə? Dəlillərlə izah edərdiniz zəhmət olmasa. Allah sizlərden razı olsun!

Cavab: Aleykum salam və rahmətullahi və bərakətuh. Zaks etdirməkdə bir problem yoxdur. Amma mütləq kəbin də kəsdirmək lazımdır, zaksla kifayətlənmək olmaz. Haram deyənlərə deyin onlar dəlil gətirsin ki olmaz. Daha doğrusunu Allah bilir.

23. Niqabın hökmü
Sual: Niqab vacibmi olunub? Çünki Quranda əldən və üzdən başqa hər yer qapalı olmalıdır deyə oxumuşdum.

Cavab: Niqabın vacib olub olmaması alimlər arasında ixtilaflıdır. Bəzi alimlər sünnət, bəziləri isə vacib olduğunu deyiblər. Amma hər halda Qadın nə qədər bağlı olsa təqvaya bir o qədər yaxındır. O ki qaldı quranda sizin dediyiniz kimi ayə yoxdur. Siz oxuduğnuz ola bilsin mötərizənin içi olub ki, o da tərcüməçinin əlavəsidir. Daha doğrusunu Allah bilir.

24. Yer kürəsinin günəşin ətrafında fırlanması
Sual: Mən bu yaxınlarda eşitmişdim ki, Seyx Useymin (Allahın ona rəhməti olsun) Quran ayələri ilə sübut etmişdir ki, yer kürəsi günəşin ətrafında fırlanmır, əksinə günəş yer ətrafında fırlanır. Bu doğrudurmu?

Cavab: Bəli, Şeyx İbn Useymin, İbn Baz (Allahın onlara rəhməti olsun) və başqaları deyirlər ki, Yer kürəsi Günəşin ətrafında fırlanmır, Yer sabitdir və Günəş onun ətrafında fırlanır və bu alimlərə görə Quranın zahiri bunu tələb edir.
Lakin Şeyx əl-Albani, əl-Alusi və İbn Bədran (Allahın onlara rəhməti olsun) göstəriblər ki, Quran qəti olaraq bu mənanı tələb etmir, əksinə digər ayələrin işığında göstərmək olar ki, həm Yer kürəsi, həm də Günəş hərəkət edir.

Üstəlik Yerin Günəşin ətrafında fırlanması nisbi bir məsələdir, çünki mərkəzi nöqtəni Yer Kürəsinin üzərinə keçirsək görəcəyik ki, Günəş yerin ətrafında fırlanır. Bunların hamısı nisbidir, müasir elmə görə planetlərin hamısı Günəşin ətrafında fırlanır və bunu bu cür qəbul etməkdə heç bir problem yoxdur, çünki Quran astronomiyanı öyrətmək üçün nazil olmayıb. Daha doğrusunu Allah bilir!

25. Qadının məhrəmsiz səfərə çıxması
Sual: Salamaleykum qardaşlar. Bir bacı məhrəmsiz başqa ölkəyə səfərə çıxa bilərmi? Deyir bacılar və bir kişi də var. Bu nə dərəcədə düzgündür?

Cavab: Va aleykumussalam va rahmətullah. Xeyr qadın heç bir halda məhrəmsiz səfərə çıxa bilməz çünki Rasulüllah (Allahın ona salavat və salamı olsun) buyurubki: «Qadın məhrəmsiz səfərə çıxmasın.» (Buxari 1858). Və hədisdə gələn nəhy (qadağa) haramlıgına dəlalət edir. Daha doğrusunu Allah bilir.

26. Dilənçiyə pul verməyin hökmü
Sual: Salam aleykum ve rahmətullah. Dilənçiyə pul verməmək günahdır? O yaşlı əlil olsa beləmi? Çünki sənin öz imkanında yaxşı deyil…

Cavab: Va aleykum salam. Dilənçiyə pul verib- verməmək sizin ixtiyarınızdadır. Lakin əgər verməyəcəksinizsə ona qarşı kobud davranmayın. Allah Təalə «əd-Duhə» sürəsində kömək istəyən insana qarşı kobud olmağı qadağan edir. Daha doğrusunu Allah bilir.

Sual: Bəs yolda heç nə vermədikdə adamdan əl çəkməyən dilənçilərlə də kobud olmaq olmaz? Ümumiyyətlə onlara nəsə vermək olar yoxsa verməməliyik?

Cavab: Hər bir halda bacardığınız qədər kobud olmaqdan çəkinin. Elm əhlinin buyurduğrna görə, madam ki, belə insan sizə ağız açıb, ona kömək edə bilərsiz. Siz zahirə görə hökm verirsiniz, onun həqiqətəndə ehtiyaclı olub olmaması isə Allahla onun arasındadır. Daha doğrusunu Allah bilir.

27. Müsəlman övladın kafir atadan miras alması məsələsi
Sual: İbn Teymiyyə (Allahın ona rəhməti olsun) hansi dəlilə əsaslanaraq müsəlman övladın kafir atadan miras ala biləcəyinə dair fitva vermişdir?

Cavab: İbn Teymiyyə (Allahın ona rəhməti olsun) müsəlmanın hər kafirdən miras ala biləcəyinə fitva verməyib, lakin deyib ki, 1) münafiqlərdən, 2) zimmilərdən və 3) mürtədlərdən miras ala bilər.

Dəlili isə budur ki, Muaz bin Cəbəl, Muaviyə bin Əbi Sufyan (Allah onlardan razı olsun) bu cür fitva veriblər, həmçinin riddət müharibələrində səhabələr mürtəd olmuş qohumlarından miras almışdır. İbn Teymiyyə (Allahın ona rəhməti olsun) həmçinin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) «Müsəlman kafirə, kafir də müsəlmana miras olmaz» hədisini təvil etmiş və burada «kafir» ilə qəsd olunanın — hərbi kafir — yəni döyüşən, ədavət göstərən kafir olduğunu demişdir. Lakin İbn Teymiyyənin və tələbəsi İbn əl-Qayyimin (Allah hər ikisinə rəhmət etsin) bu görüşünü əksər alimlər xətalı hesab ediblər, dörd məzhəbin ittifaqına əsasən bu görüş xətalıdır. Daha doğrusunu Allah bilir!

28. Dişləri ağartmağın hökmü
Sual: Gözəl görünməsi üçün dişləri ağartdırmaq olarmı? Dişlərin arasını bəzək üçün aralayanlara lənət gəlib, bu ağartmağa da aiddirmi?

Cavab: Dişləri ağartmağı qadağan edən xüsusi bir xəbər gəlməyib və bunu dişləri yonmaq ilə müqayisə etmək doğru deyil. Çünki yonmaq dişlərin formasını dəyişməkdir, lakin ağartmaq isə saralmış dişlərin təbii ağlığını geri qaytarmaqdır. Daha doğrusunu Allah bilir!

29. Ərinin imanı zəifləmiş qadına nəsihət
Sual: Ərinin imanı zəifləmiş qadın nə etməlidir? Məs. əgər kişi namazlarına nsəhlənkar yanaşırsa, qəzaya qalmış namazını qılmırsa, cüməni səbəbsiz yerə tərk edirsə. Qadın nəsihət etdikdə, «Mənim işimə qarışma», deyirsə, qadın bu halda kişidən ayrıla bilərmi? Və ya onu özünə yaxın buraxmaya bilərmi? Kişini qorxutmaq niyyəti ilə?

Cavab: Qadının belə halda kişini özünə yaxın buraxmamağa haqqı yoxdur, istərsə lap bunu qorxutmaq niyyəti ilə etsin. Lakin qadın evdə imanı artıracaq bir mühit qurmağa çalışsın. Quran oxutsun və imanı artıracaq söhbətləri dinləyib və ya oxuyub kişiyə danışsın. Bunları edərkən xoş xasiyyət ilə etməlidir. Axirətdən danışsın və Axirət ayələrini oxusun, bunları da doğru məqamda, uyğun tərzdə etsin…

Quranın Azərbaycan dilində səsləndirilmiş audio yazısını qoysun ki, həyat yoldaşı eşitsin. Lakin hər şeydən əvvəl və əsas isə Allaha ixlas ilə dua etsin.

Bu səbəblərdən istifadə etsin və boşanmaq haqqında düşünməsin, boşanmaq onsuz da bizim məmləkətdə çətindir, bəlkə də qadın üçün imkansız bir şeydir, çünki boşamaq haqqı kişinin əlindədir. Ona görə də ayrılmaq insanın düşünəcəyi ən sonuncu addım olmalıdır. Daha doğrusunu Allah bilir!

30. Süd anası olmaq üçün
Sual: Assalamaleykum. Allah sizdən razi olsun. Mən bilmək istəyirəm ki, qadın uşağın süd anası olması üçün onu neçə dəfə əmizdirməlidir? Bir dəfə yetər yoxsa ki, müəyyən say var?

Cavab: Aleykum salam. Süd anası olmaq üçün 5 dəfə əmizdirməlidir. Uşağı doyana qədər əmizdirmək 1 dəfə sayılır. Bu hal 5 dəfə baş verərsə artıq süd anası olur. Daha doğrusunu Allah bilir.