Sual-cavab

MƏDİNƏ qrupundan ayın seçilmiş sualları — May (2014)

madina-postmay2014
Müəllif - feqih

MƏDİNƏ qrupundan seçilmiş suallar

Sualları Beynəlxalq Mədinə İslam Universitetinin məzun və tələbələri cavablandırıb.
Öz suallarınıza da Allahın izni ilə cavab tapmaq üçün, qrupumuza baş çəkin:MƏDİNƏ GRUPU

1. Heyzli halda Quran oxumaq
Sual: As salamu aleykum. Mümkünsə tez cavablandırın, vacib lazımdır. Əgər bu haqda feqih.com saytında məqalə varsa atardız. Heyzli qadın quran oxuya biler? Əgər olarsa hansı hallarda olar? Misal üçün Quranı hərdən bir oxuyan qadın, yəni davamlı yox heyz müddətində açıb Quran oxuya biler? Unutmaq qorxusu yoxdur. Eşitmişəm Şeyx Albaninin bu barədə (yeni olar deyə) fətvası var. Bu doğrudur? Mümkunsə tez cavablandırın. Allah razı olsun sizdən.

Cavab: Va aleykum Salam. Mәsәlә ixtilaflıdır bәli. Malikilәrә görә caizdir, lakin әksәr alimlәrә görә caiz deyil. Mushafa toxunmağa gəldikdə isə, ittifaq ilə qadın yalnız təmiz olduqda icazəlidir. Daha doğrusunu Allah bilir.

2. İşa namazını gecikdirmək
Sual: Salam aleykum, işa namazını gecikdirməyin hokmu nədir? İşa namazı üçün ən yaxşı (vaxt) son vaxtına qədər gecikdirməkdir. Bu namazı nə qədər gecikdirsən o qədər yaxşıdır. Əgər işa namazını gecikdirməklə camaat namazından məhrum olursa bu halda işanı gecikdirmək olmaz. Evdə olan qadınlar isə işa namazını nə qədər gecikdirsələr bir o qədər yaxşıdır. Lakin bu namazı gecənin yarısından o tərəfə saxlamaq olmaz. Bu həqiqətən də belədir? Yeni ki iwa namazini neye gore en son vaxtina kimi gecikdirmek lazımdır?

Cavab: Va aleykum Salam. Bəli, İşa namazını gecənin üçdə birinə qədər, bəzilərinə görə isə, gecə yarısına qədər gecikdirmək sünnə`dir. Gecə isə günəş batandan fəcr girənə qədər olan müddətdir. Lakin yuxulu olması istisnadır, çünki gecikdirdikdə yuxulu qılacaqsa o zaman yuxulu olmadıqda qılması sünnətdir.

Həmçinin camaat namazı ilə qılmaq imkanı varsa camaatla qılması daha doğrudur (hətta İmam Əhmədə görə vacibdir).

İşa`nı gecikdirmənin sünnə olmasının səbəbi budur ki, Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) bizə bu cür öyrədib. Daha doğrusunu Allah bilir.

3. Əmək müqaviləsi
Sual: Əssələmu aleykum. Əmək muqaviləsi caizmidir?

Cavab: Va aleykum Salam. Ümumən əmək müqaviləsi özlüyündə caizdir, lakin içində şəriətə müxalif bir şərt olmamalıdır. Daha doğrusunu Allah bilir!

4. Qüsl yoxsa təyəmmüm
Sual: Qüsul pozulduqda, əgər su varsa, lakin bir neçə maneə var qüsul almaq üçün, onda təyəmmümlə keçinmək olar? Yəni az bir sıxıntı olarsa təyəmmüm almaq olar yoxsa təyəmmüm ancaq ən çətin hallarda vacib olur?

Cavab: Azca sıxıntıya görə qüsl tərk edilməz. Yalnız xəstələnmək üçün əsaslı bir qorxu varsa və ya xəstəliyin ağırlaşması, sağalmanın gecikməsi üçün əsaslı bir qorxu varsa o zaman təyəmmüm ala bilər. Hər sıxıntıya görə təyəmmümə keçməzlər.

5. İslamda “Kirvə” anlayışı
Sual: İslamda uşağı sünnət edərkən kirvə tutmaq deyilən bir əməl və ya şərt varmı? Və ya İslamda kirvə anlayışı islamda varmı?

Cavab: Kirvə İslamdan deyil, bəzi türklərdə mövcud olan adətdir, İslamla əlaqəsi yoxdur. Daha doğrusunu Allah bilir.

6. Cahillikdə bankdan pul götürülüb
Sual: Assalamu aleykum va rahmətullahi va bərakətuh. Qardaşlar, sizdən elmli olana bir sualım var, inşəAllah. Cahillik vaxtında bankdan atamgil pul götürmüşdülər. İndi atamın işi yoxdur, Bankın pulunu mən ödəyirəm. Mənə haram olur? Başqa cür də alınmır. Bank da dayımın adınadır. Mən nə etsəm yaxşı olar?

Cavab: Va aleykum Salam va rahmətullahi va bərakətuh. Əgər pul geri ödənilməsə valideynlərinizin mülkü müsadirə ediləcəksə o zaman ödəyə bilərsiz. Lakin ödəmədiyiniz təqdirdə bank sizə heç bir şey etməyəcəksə və ya etməyə qadir deyilsə, o zaman ödəməyin, çəkinin. Daha doğrusunu Allah bilir.

7. Kim imam dursun?
Sual: Sələmun aləykum 3 nəfər şəxs var aralarında yalnız bir nəfər quran oxuya bilir ama həmin şəxsin xəstəliyi var dəstəmazı hərdən pozulur namazda bildiyim qədərilə dəstəmazı pozulanın namazda imam durması caiz deyil neynəmək lazımdı?

Cavab: Va aleykum Salam. Dəstəmazsız bir kimsənin namazda durması caiz deyil. Çünki dəstəmazsız namaz səhih hesab olunmur.

Lakin alimlər deyirlər ki, davamlı ifrazatı gələn, ara-sıra kəsilən və ya davamlı qarnından yel çıxan və bunları idarə edə bilməyən kimsə əlindən gələn tədbiri etməli, yəni əgər ifrazat gəlirsə, o zaman pambıqla, sarıqla övrət yerini bağlamalıdır ki, nəcasət minimum yayılsın. Ondan sonra namaz vaxtı girdikdə dəstəmaz almalı və hətta sidik axsa belə namazını qılmalıdır. Namazı səhihdir, çünki üzrlüdür.

Lakin belə xəstəliyi olan kəsin namazda imam durması haqqında ixtilaf ediblər. Hənbəlilərə görə belə birinin imamlığı səhih deyil. Çünki namazı özlüyündə səhih olsa da, yalnız özü ilə bağlı (yəni, fərdi) olan üzrə görə səhih sayılmışdır. Lakin digərlərinin onun arxasında durması caiz deyil. Şafilərə görə caizdir, malikilərə görə də caizdir, lakin belə birinin durması məkruhdur.

Amma sənin bu sualından həmin şəxsdə də belə bir problemin olması anlaşılmır. Əgər adamda sadəcə dəstəmazın pozulması riski varsa, amma dəstəmazı pozan şeylər davamlı gəlmirsə o zaman şübhəsiz ki, onun arxasında namaz qılmaq səhihdir. Çünki dəstəmazın hərdən pozulması onun imamlığının səhihliyinə xələl gətirməz. Daha doğrusunu Allah bilir.

Sual: Qardaş bəs belə halda, yəni onun vudu etməsinə ehtiyac yaranarsa, onun arxasındakı camaat nə etməlidir, onun yenidən vudu alıb qayıtmasını gözləməlidir, ya arxasında duranlardan biri önə keçib namazı qıldırmalıdır, yoxsa müstəqil şəkildə hər kəs ayrıca namazı tamamlamalıdır?

Cavab: Əksər alimlərə görə imam namazdan dərhal çıxmalı və arxa sıradan bir kimsənin əlindən tutaraq öz yerinə imam qoymalıdır, buna «istixləf» deyirlər, çünki Öməri qılıncla vurduqda onun yerinə Abdurrahmən bin Auf keçdi və namazı xəfifcə qıldı. Həmçini Əli b. Əbi Talib dəstəmazını pozduqda arxadan bir nəfəri tutaraq imam etdi. Lakin bu məsələ ixtilaflıdır və əgər hamısı namazı yenidən başlasalar daha ehtiyatlı davranmış olarlar, daha doğrusunu Allah bilir.

8. Günümüzdə çap edilən “İncil” və “Tövrat” kitablarını oxumağın hökmü
Sual: Assalamun aleykum va rahmatullahi va bərakətuh. Müsəlman Tövrat, İncil kitablarını evində saxlaya oxuya bilərmi?

Cavab: Va aleykum salam. . Tövrat və İncil kitabı Allahın (əzzə və cəll) endirdiyi kitablardandır. Onlara iman etmək imanın rüknlərindəndir. Lakin bu kitablar təhrif ediliblər. Buna görədə hal-hazırda ortada olan kitablar Tövrat incil deyil. Onları oxumaq məsləhət deyil. Dində, əqidədə güclü olmayan müsəlmanlar onları oxuyarsa şeytanın onlara vəsvəsə verməsi təhlükəsi var. Hər bir halda, Quran, hədis, salamat dini kitablar oxuyun. Dərslərə qular asın.

9. Donuz ətinin haram olması
Sual: Salam aleykum. Allah rizasi üçün sualımı cavablandıra bilərsiniz? Donuz əti barəsində mənə ətraflı məlumat verə bilərsiniz?

Cavab: Va aleykum Salam. Qurani Kərimdə beş ayədə donuzdan bəhs edilir:

«O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!» (əl-Bəqara, 173)

«Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismilləh deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!» (ən-Nəhl, 115)

«Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş — canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır — dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi.» (əl-Maidə, 3)

«(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!» (əl-Ən`əm, 145)

10. Cümə qüslunun hökmü
Sual: Səlam aleykum.cümə namazı üçün alınan qüsul vacib ya müstəhəb qüsuldur?

Cavab: Va aleykum salam. Bu məsələdə təfsilata ehtiyac var. Əgər insanın bədənində pis qoxu və s. ətrafdakıları narahat edəcək şeylər varsa, onda o qüsl almalıdır. Lakin adi vəziyyətdə isə vacib deyil, təkid olunan sünnətlərdəndir. Daha doğrusunu Allah bilir.

11. Müctəhid yoxsa təqlidçi
Sual: Müctəhid olmayan kəs mütləq şəkildə təqlid etməlidirmi?

Cavab: Burada təfsilata ehtiyac var. Əgər dörd mәzhәb tәqlidini nəzərdə tutursunuzsa, əksər alimlərə görə vacib deyil. Lakin, məsələ budur ki, alim olmayan birisi, istənilən halda təqlidçidir. Çünki, Quran və Sünnədən birbaşa hökm çıxara bilmir, alimlərin araşdırmalarına müraciət edir. Bunun adını istər təqlid qoyun, istərsə də tabeçilik.

12. Allahı, dini, Peyğəmbəri söymək
Sual: Allaha, Peyğəmbərə və ya Dinə söymək insanı birbaşa dindən çıxardır yoxsa hüccət çatdırılmalıdır?

Cavab: Allaha, dinə, Peyğəmbərə söymək məsələsində cahi llik yoxdur ki, hüccət olsun. Hər bir kəs söyüşün — söyüş olduğunu bilir. Öz valideynlərinə o söyüşün söyülməsinə razı olmayan bir insanın, o sözləri Allah, din haqqında deməsi açıq-aydın isbat edir ki, həmin insan cahil deyil. Daha doğrusunu Allah bilir.

13. Necə qurtulum?
Sual: Salam aleykum. Sizdən kömək istəyəcəm. Bəzi şeylər var ki, onlar günahdır. Onlara inanmaq filan günah və haramdır. Məsələn, bilirəm ki, haramdır. Onu dərk edirəm, amma özümdən asılı olmayaraq, inanıram ona. Halbuki, çox böyük günahdır. Bundan necə qurtula bilərəm?

Cavab: Va aleykum Salam. Dahi alim İbn əl-Qayyim (Allah ona rəhmət etsin) belə buyurur: «İnsana iki cür vəsvəsə gəlir: şübhələr və şəhvətlər (bura təkcə cinsi şəhvət aid deyil, bütün nəfsi arzular daxildir). Şübhələr — elmlə, şəhvətlər isə səbirlə dəf olunur.. «

Səbir isə, 3 növdür:

1) Allaha itaətdə olan səbir.
2) Haramlara qarşı edilən səbir.
3) Acı talehə (qədərə) qarşı edilən səbir.

Deməli səbirli olub, dua edərək Allahdan kömək istəmək və sadiq bir tövbə etmək lazımdır. Unutmayın ki, siz Allah xatirinə günahdan çəkinsəniz, Allah sizə rəhmət qapılarını açacaq, qəlbinizə rahatlıq və asanlıq lütf edəcəkdir. Allah köməyiniz olsun! Allah daha yaxşı bilir.

14. Bank kartı
Sual: Assalamu aleykum. Bank karti almaq olar?

Cavab: Va aleykum Salam. Güclü bir ehtiyac olduqda almaq olar. Lakin kartın kredit kartı olmaması şərtdir. Daha doğrusunu Allah bilir.

15. Nəfsin və şeytanın vəsvəsəsi
Sual: Salam aleykum. İnsanın içindən gələn nəfs və şeytan vəsvəsi bunları başa salardınız. Allah razı olsun.

Cavab: Va aleykum Salam. İnsanın nəfsi şəhvət ilə hərəkət etdiyi üçün insanı günahlara, dünya nemətlərinə sövq edir və buna cəlb edir. Bu, nəfsin vəsvəsəsidir. Şeytanın vəsvəsəsi isə əxlaqsız, facir, fasiq insanların və cinlərin mömin bəndəni pis işlərə çağırmasıdır.

16. Bir evdə eyni vaxtda ayrı-ayrı namaz qılmaq
Sual: Bir evdə eyni vaxtda ayrı-ayrı niyə namaz qılmaq olmaz?

Cavab: Əksər alimlərə görə camaat namazı fərz deyil, ona görə də ayrı-ayrı qılmaq icazəlidir. İmam Əhmədin məzhəbinə görə isə camaat namazı qılmaq fərzu-ayndır, ona görə də camaat qılmaq imkanı olduğu halda ayrı-ayrı qılmaq caiz deyil. Lakin qılarlarsa namazları səhihdir.

17. Səsli namazlarda bəsmələ`nin səsli yoxsa səssiz deyilməsi
Sual: Assalamu aleykum. Allah sizləri xeyirlə mükafatlandırsın. Bu qrupu təşkil etdiyiniz üçün Allah sizlərdən razı olsun. Sizə bir sualım var inşəAllah. Səsli namazlarda imam olduğun zaman Fatihə surəsindəki «Bismilləhir rahmənir rahim» səsli deyilir, yoxsa səssiz? Bu haqda ətraflı məlumat verərdiniz zəhmət olmasa? AsSalamu aleykum.

Cavab: Va aleykum Salam. Bir çox alimə görə səssiz deyilir. Burada məsələ — bəsmələ`nin Fatihə surəsinin ayəsi olub-olmaması məsələsinə qayıdır və bu, alimlər arasında ixtilaflıdır. Lakin, bir çox alimə görə, bəsmələ, Fatihə surəsinin ayəsi hesab olunmur və buna görə də, səssiz deyilir.

18. “Elə isə (səcdə əsnasında) duaları artırın” – hədisi
Sual: Əs səlamu aleykum.Bəndənin Rəbbinə ən yaxın olduğu vaxt məqam onun səcdə etdiyi vaxtdir. Elə isə dualarınızı artırın. (Muslimdə) keçən bu hədisə alimlər hansi şərhi vermişlər. Burda səcdələr deyildikdə bu fərz namazlarinin səcdələrinə ,sunnət namazlarının səcdələrinə yoxsa sadəcə sacdə eləyib səcdədə dua eləməyə aitdi? Bu duanin ən doğru hali necə olmalidir ?

Cavab: Va aleykum Salam. Fərq yoxdur, istər fərz, istərsə də nafilə namazları olsun hamısında səcdə dua yeridir. Ən doğru halı sünnədə varid olmuş duaları etməkdir.

19. Maidə surəsinin 55-ci ayəsinin təfsiri
Sual: Assalamu aleykum. Sualım Qurandan olan bir ayə haqqındadır. Maidə surəsinin 55`ci ayəsində Allahu Tə`ələ buyurur: «Sizin hamınız ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rukuda olduqları halda zəkat verirlər.» Bu ayənin geniş təfsirini yazardınız, zəhmət olmasa. Allah sizə xeyir nəsib etsin.

Cavab: Va aleykum Salam. Uca Allah o ayədə buyurur: «Sizin mövlanız yalnız Allah, Onun elçisi və iman gətirənlərdir, hansılar ki, boyun əyərək namaz qılır və zəkat verirlər.»

Bir təfsirə görə Mədinədə bəzi ənsarlar yəhudilərin ayrıldıqlarını, mədinəlilərə dəstək vermədiklərini və bundan narahat olduqlarını bildirirlər, Allah da bu ayəni endirir ki, sizin əsl mövlanız, sahibiniz, himayədarınız Allahdır, Onun elçisidir və iman gətirənlərdir. Yəni yəhudilər sizin dostunuz, himayədarınız deyil, dostunuz və himayədarınız Allah, elçisi və möminlərdir. Daha sonra Allah möminləri vəsf edir və onların böyun əyərək, tam mütilik ilə namaz qılıb zəkat verənlər olduğunu deyir. Daha doğrusunu Allah bilir.

20. Heyz müddəti
Sual: Assalamu aleykum. Mənim heyz müddətim adət üzrə 7 gündür. Mən həmişə 7 gün gözləyirəm. Daha sonra qüsl alıb namaza başlayıram. Amma neçə aydır ki, 7ci günün zöhr namazından başlayaraq təmiz olduğumu görürəm və axşama kimi gözləyirəm işa namazında dəqiq bilib qüsl alıram. Zöhr də daxil olmaqla, işaya qədər bütün namazlarımı qəza edirəm. Bu hal məni narahat etdiyi üçün bu ay mən 7ci gün asr namazında qüsl aldım və asr namazını qıldım. 20 dəqiqə sonra məğrib girdi və onu da qıldım. İşa namazının vaxtında baxdım ki, heyzim bitməyib. Ona gorə də qilmadım. Sübh namazında bitib heyz.

Mən necə edim? Bilmək istəyirəm ki, hər ay 7ci günü gözləyim, ya necə edim? Namazlar da qəzaya qalır. Hər heyzin sonu bu hal təkrarlanır. Ona görə bu ay dəyişiklik etdim ki, namaz qəzaya qalmasın. Onda da tələsdim. Zəhmət olmasa, mənə izah edərsiniz ki, necə etsəm, səhvə yol vermərəm.

Cavab: Va aleykum Salam. Heyz babında məzhəblərin görüşləri fərqlənir, alimlərin görüşləri fərqlənir. Biz sizə burada Əhməd ibn Hənbəlin görüşünü zikr edəcəyik və düşünürük ki, onunla əməl etsəniz qəlbiniz rahat olar və bir imama tabe olaraq bunu etdiyinizi bilmiş olarsız.

Əgər sizin heyz müddətiniz yeddi gündürsə və bu yeddi gün içində, misal üçün beşinci gün qan kəsilərsə, o zaman siz təmizlənmiş sayılırsız, İşa namazına qədər gözləməli deyilsiz. Qüsl alıb namazlarınızı qılmalısınız. Alimlər deyirlər ki, qanın kəsilməsini isə iki cür bilə bilmək olar: 1. Pambıqla. Bir əlamət olmasa təmiz sayılırsız, 2. Tamamilə quruma.

Lakin bir gün sonra, yəni altıncı günündə yenə qan gələrsə bu, hələ də heyz qanı sayılır, ona görə də namazı durdurmalısız və bir daha qan kəsildikdən sonra qüsl alıb namazlarınızı qıla bilərsiz.

Yəni yeddi günün bitməsini gözləməyiniz doğru deyil, əgər arada qan kəsilərsə o zaman qüsl alıb namazlarınızı qılmanız vacibdir. Bunlar çox önəmli məsələlərdir, müsəlman qadınlar bu məsələləri çox incəliklə öyrənməlidirlər. Daha doğrusunu Allah bilir.

21. Boksla məşğul olmaq
Sual: Assalamu aleykum va rahmətullahi va bərakətuh. Mən boksla məşğul oluram. Bəzi qardaşlardan boksun islamda haram olduğunu eşitdim. Amma buna dair dəlilim yoxdur. Sualım: Boksun islamda hökmü nədir? Zəhmət olmasa, ətraflı, dəlillərlə yazardınız. Assalamu aleykum va rahmətullahi va bərəkətuh.

Cavab: Va aleykum Salam va rahmətullahi va bərakətuh. Boksda bir neçə qadağan edilmiş tərəf var:

1. İslam bədənə xəsarət yetirməyi qadağan edir, əgər peşəkar boks burnun sınmasına, qabırğaların sınmasına, böyrəklərin zədələnməsinə, beynin silkələnməsinə səbəb ola bilərsə və belə bir risk varsa o zaman bunu qadağan edir. Bunun dəlili Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) hədisidir: «Nə zərər vermək var, nə də zərər görmə..»

2. Şəriətimiz ümumiyyətlə üzə zərbə endirməyi qadağan edir. Bu da peyğəmbərimizin hədisində qadağan edilib.

3. İslamda haram olan şeyləri reklam etmək üçün vasitəyə çevrilmiş şoularda iştirak etmək və buna şərait qurmaq bəyənilmir.

Daha doğrusunu Allah bilir!

22. Dünyavi elm öyrənmək
Sual: Salam aleykum. Dünyavi elm öyrenmıyin hökmü nədir (misal üçün: biologiya, xarici dillər və s)?

Cavab: Va aleykum Salam. Müsəlman, dünyavi elmləri də öyrənməlidir. Xüsusən də indiki dövrümüzdə buna çox böyük bir ehtiyac var. Din sahəsində müəyyən mütəxəssislər olsun, lakin hər kəs dini sahədə fəaliyyət göstərəsi deyil ki.. Bu ümmətin həkimə də, xarici dil bilənə də və digər sahələrdə bilikli şəxslərə də ehtiyacı var. Buna görə müsəlman şəxs, mütləq dünyavi elmlərə də maraq göstərməli, öyrənməlidir.

23. Özbaşına anlayaraq əməl etmək
Sual: Assalamu aleykum. Qardaşlar, Allah sizdən razı olsun. Mənə bir qardaş deyir ki, Səhih əl-Buxaridə səhih açıq hədis oxuyub ona əməl etmək düzgün deyil deyir, ya da ki, Qurandan bir açıq-aydın ayə sən mütləq soruşmalısan alimdən , ya da ki, elm tələbələrindən. Alimin rəyinə baxmalısan, bu nə dərəcdə düzgündür? Bir də mən bir hədis gətirəndə deyir ki, sənin işin deyil hədis gətirmək. Subhanallah. Bu qardaş nə demək istəyir? Heç nə başa düşə bilmirəm. Biz avamıq deyir. Allah razı olsun sizdən. Әmin!

Cavab: Va aleykum Salam. Bəli, biz şəriətə görə avam sayılırıq, yəni təqlid əhliyik, alimlərə tabeyik, bunu inkar etmək olmaz. Hədislərə gəldikdə isə hədisləri alimlərin anladıqları şəkildə anlamamız lazımdır. Çünki bəzi hədislər vardır ki, onların zahiri ilə əməl edilməmişdir. Misal üçün Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) səhih hədisdə buyurur ki, «kim günəş çıxmadan öncə sübhdən bir rükətə yetişərsə sübhə yetişmişdir.» Bu namazın zahirindən anlaşılır ki, əgər bir rükəti qıla bilsə namazı qılmış sayılır və ikinci rükəti qılmasa da olar. Lakin alimlərin ittifaqı ilə bu hədisin zahiri mənası tərk edilmişdir.

Hədislərin səhih və ya zəif olmasını da alimlər müəyyən edir, bizim kimi cahillər müəyyən edə bilməz. Burada suallara cavab verdikdə də biz alimlərə tabe olaraq, başqa dil ilə desək onları təqlid edərək cavab veririk. Bizim zamanımızda müsəlmanların bunu anlaya bilməməsi həqiqi bir problemdir, çünki elə güman edirlər ki, Quran ayələrindən və hədislərdən sərbəst şəkildə hökmlər çıxara bilərlər. Elə bu fikirlər, bir çox bidət əhlinə qapıları açmışdır..

İkinci tərəf isə budur ki, Quranda və hədisdə elə ləfzlər var ki, onları anlamaq üçün alimə ehtiyac yoxdur. Bu kimi hallarda alimdən soruşmaq vacib deyil. Daha doğrusunu Allah bilir.

24. Rafizilərin yalanı
Sual: Assalamu aleykum. Belə hədis varmı? İbn Həcər ət-Təhzib kitabında yazır ki, «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dünyadan getdikdən sonra beş nəfərdən savayı müsəlmanlar kafir oldular.» Mənbə: Təhzibut-Təhzib 8ci cild, səhifə 9, Әhli Sünnə vəl Cəməət alimi.

Cavab: Va aleykum Salam. Qardaşlar, biz bu rafizilərin yalanlarına cavab verməkdən, onları ifşa etməkdən yorulduq. Sizə məsləhət görürəm ki, bu rafizilərin ortaya atdığı hər bir şeyi götürüb bura gətirməyin, çünki dəfələrlə bunların yalan olduğunu göstərmişik . Rafizilər bu yalanlarından əl çəkməyəcəklər və bu, sadəcə bizim vaxtımızı alıb aparacaq..

Bəli, İbn Həcərin «Təhzib ət-Təhzib» kitabında var belə bir söz, lakin tam mətn belədir:

وقال الآجري عن أبي داود رافضي خبيث وقال في موضع آخر رجل سوء قال لما مات النبي صلى الله عليه وسلم كفر الناس إلا خمسة وجعل أبو داود يذمه

«əl-Əcurri (şeyxi) Əbu Davud`dan (Amr bin Sabit) haqqında belə dediyini nəql etdi: «Murdar rafizidir.» Bir başqa yerdə buyurdu: «Pis bir adamdır və o, demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öldükdə beş nəfərdən başqa insanların hamısı kafir oldu» və Əbu Davud onu qınamağa başladı.»

Buradan görürük ki, bu, hədis deyil. Rafizi ravi Amr bin Sabitin söylədiyi bir sözdür. Xahiş edirik ki, rafizilərin sözlərinə inanmayasınız. Çünki, onlar yalançı bir tayfadır. Onlar bizim vaxtımızı israf etməkdən başqa bir şey etmirlər. Daha doğrusunu Allah bilir.

25. Bu hədisləri necə anlayaq?
Sual: Assalamu aleykum uə rahmətullah, qardaşlar.

Peyğəmber (Allahın ona salavat və salamı olsun) namaz vaxtı alnını daşa qoyurdu.
(«Səhih Muslim» 2ci cild, səh.62, «Musnəd Әhməd» 1ci cild, səh.327)

Peyğəmber (Allahın ona salavat və salamı olsun) ilə zöhr namazı qılırdım. Yerdən bir ovuc qum götürüb ovucumda saxladım ki, soyusun və ona səcdə edim. (namaz qılanda alnımı ona qoyum) («Musnəd Әhməd» 1ci cild, səh.327; «əs-Sunnənul Kubra», 2ci cild, səh.105)

«Peyğəmbərin alnında və burnunda palçığın və suyun izinin qaldığını öz gözlərimlə gördüm.» («Səhih Buxari», 1ci cild, səh.163)

Bunların mənbəsini yoxlayın xahiş edirəm. Səhihdir? Əgər səhihdirsə, necə başa düşülür?

Cavab: Va aleykum Salam va rahmətullah. Qardaşlar, bu hədislərdə hər hansı bir problem yoxdur. Özünüz də gördüyünüz kimi qumu soyutmasının səbəbi onda olub ki, səcdə edəcəyi yer həddindən artıq isti olduğu üçün belə etmişdir.

Alnında və burnunda suyun və palçığın əsərinin qalması isə onu göstərir ki, məscidin içinə yağış yağıb və o şəkildə səcdə edib. Bu isə onu göstərir ki, səcdə həm alın, həm də burun üzərinə edilir. Möhürdə isə yalnız alın üstündə edirlər.

26. Namazdan sonra camaatla birlikdə dua etmək
Sual: Namazdan sonra əlləri açıb camaat şəklində dua edib (biri oxuyur qalanlar susur) axırda isə əlləri üzə sürtmək olarmı?

Cavab: Əgər namazdan sonra imamın dua etməsi və digərlərinin amin deməsini soruşursuzsa bu barədə alimlər ixtilaf ediblər. Əksər alimlər deyiblər ki, bu, caizdir, heç bir problem yoxdur və bu, şafilər ilə hənbəlilərin görüşüdür. Malikilərdə isə bu barədə iki görüş var.. Bir çox Maliki alimi bunun bidət olduğunu deyib. Ona görə də bu məsələdə ən orta və ehtiyatlı görüş budur ki, əgər bunu davamlı etmirlərsə, lakin müəyyən münasibətlərə görə edirlərsə heç bir problem olmamalıdır, əks təqdirdə isə məsələ ixtilaflıdır.

Əlləri duadan sonra üzə sürtməyə gəldikdə isə, məsələ ixtilaflı olsa da, dörd məzhəb bunun icazəli olmasında ittifaq etmişdir. Daha doğrusunu Allah bilir.

27. Sədəqə ilə hədiyyənin fərqi
Sual: Sədəqə və hədiyyənin fərqi nədir? Bir müsəlmana verdikdə hansını niyyət edib və necə vərsək daha çox savab əldə edə bilərik?

Cavab: Alimlər sədəqə ilə hədiyyə arasında bəzi fərqlər qeyd ediblər: Sədəqəni sırf Allahın razılığını qazanmaq üçün, savab qazanmaq üçün verirsən, lakin hədiyyəni isə hədiyyə verdiyin şəxsə hörmət, sayğı olaraq da verirsən.

Həmçinin hədiyyə verdikdə kiməsə qarşı duyduğun sevgi, bağlılıq səbəbi ilə verirsən, sədəqəni isə kiməsə yazığın gəldiyi üçün, möhtac olduğu üçün verirsən. Daha doğrusunu Allah bilir.

28. Ölülər eşidirmi?
Sual: Assalamu aleykum va rahmətullah! Ölülər eşidə bilir? 4 məhzəb və sələf əqidəsində buna dair məlumat varmı?

Cavab: Va aleykum Salam va rahmətullah. Əslində bu sualın ən çox verilmə səbəbləri — rafizilərin və digər bidət əhlinin gətirdiyi şübhələridir. Lakin, bilmək lazımdır ki, ölülərin eşitmə məsələsi əhli-Sünnə alimləri arasında ixtilaflıdır və bu məsələnin o «şübhələrlə» heç bir əlaqəsi yoxdur. Çünki, eşitsələr belə, axı nə edə bilərlər? Qardaşlar əslində burada gərək çaşqınlığa düşməsinlər..

Yəni, tutaq ki, eşidirlər, sonra? Bidət əhli sonrasını artıq özləri düz-qoş edirlər) Sualın təfsilatına gəlincə, bəli, sələf`dən əksər alimlərin görüşünə görə ölülər eşidir və bu, əksər səhabələrin görüşüdür. Digər görüşə görə isə ölülər eşitmir və bu, Aişə anamızın görüşüdür. Üçüncü görüş isə budur ki, ölülər bəzi hallarda eşidər, mütləq şəkildə eşitməz. Birinci görüş əksər alimlərin — Şeyxul-İslam İbn Teymiyyənin, İbn əl-Qayyimin, İbn Rəcəbin və müasirlərimizdən Şeyx Muhəmməd əl-Əmin əş-Şənqitinin görüşüdür.
Bu, malikilərin, şafiilərin və hənbəlilərin görüşüdür, yəni üç məzhəbin görüşüdür. Hənəfi alimlərinə görə isə ölülər eşitməz, bunu Kəməlud-Din İbn Huməm hənəfi şeyxlərindən nəql edirlər və bu məsələdə onlar Aişənin mövqeyinə əsaslanırlar. Xülasə, məsələ ixtilaflıdır. Lakin, təkrar-təkrar deyirik ki, bunun ölülərin eşidib diri üçün nəsə etməsi ilə bir əlaqəsi yoxdur. Bu təfsilatı qeyd etməmizin səbəbi, səhəri gün hər hansı bir bidət əhlinin, qardaşların əhli-sünnə alimlərinin görüşlərini bilməməsindən istifadə etməsinin və ardını da özləri qoşaraq qardaşları çaşqınlığa salmasının qarşısını almaqdır. Daha doğrusunu Allah bilir.

29. İmtahanları pulnan verilən diplom
Sual: Əssələmu aleykum. Bir adam var universitetdə imtahanların bir qismin özü bir qismin də pulnan verib. İndi o diplomu bit dəfəlik tullamalıdır yoxsa tövbə kifayətdir?

Cavab: Va aleykum Salam. Tövbə etsin kifayət edər. Əsas odur ki, işə düzələcəyi yerdə əxlaqlı, səmimi və sadiq biri olsun. Diplomu sadəcə universiteti bitirməsinə dair dəlil olaraq göstərsin, çünki bu, yalan olmur. Çünki həqiqətən də universiteti bitirmiş sayılır. Daha doğrusunu Allah bilir.

30. Pirsinq`in hökmü
Sual: Salam Aleykum, dostlar! Bir sualım var: Pirsinq etmək günahdır?

Cavab: Va aleykum Salam. Alimlər sırğa asmaq üçün qız uşağının qulağının deşilməsi barədə ixtilaf ediblər. Hənəfilər, malikilər və hənbəlilər buna icazə versələr də, şafilər və (bir görüşə görə) hənbəlilər bunu qadağan ediblər. Ümumən isə, pirsinq`in dərəcələri var. Onun qulağı deşmək kimi xəfif növlərinə gəldikdə müasir alimlərdən bəziləri burunun qırağını bəzək keçirmək üçün deşməyi caiz görüblər.

Lakin kobud pirsinqlər isə şübhəsiz ki, icazəli deyil, çünki qulağı deşməyə izn verənlər qadının bəzənməyə olan ehtiyacına görə buna izn veriblər. Ümid edirəm ki, bu miqdarda kifayət edəcək bir cavab var.. Daha doğrusunu Allah bilir.

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment