Hədislər toplusu

İslam qardaşlığı

qardashliq

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  xidmətində dayanan Əbu Həmzə Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  buyurmuşdur: “Sizlərdən biri özünə istədiyini qardaşına istəməyincə, iman gətirmiş sayılmaz.” Buxari və Müslim.

Hədisin şərhi 

“Sizlərdən biri… iman gətirmiş sayılmaz.” Yəni, imanı tam sayılmaz. Burada imanın əsli deyil, onun kamilliyi və tamlığı inkar edilir.

Əgər sual verilsə ki, cümləni zahirən dəyişdirən bu yozuma (təvilə) dəliliniz nədir?

Deyəcəyik: Dəlilimiz budur ki, həmin əməllə insan imandan çıxmır və dindən üz çevirən hesab edilmir. Bu, nəsihət fəslindən sayılır. Burada imanın kamil olması inkar edilir.

Əgər deyilsə ki, siz özünüz yozum edənlərə etiraz etmirsiniz?

Cavab: Biz onların hər yozumunu deyil, dəlilsiz olanlarını inkar edirik. Çünki dəlil olmadıqda o, təvil deyil təhrif sayılır. Lakin dəlili olan yozum sözə verilən təfsirdir. Necə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbn Abbas haqqında buyurmuşdu: “Allahım onu dini başa düşən et və ona yozumu öyrət.”[1]

Əgər deyilsə ki, Allah buyurur: (Ey Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!) (ən-Nəhl, 98). Bu ayədə məqsəd, (“Əgər Quran oxudun” deyil,) Quran oxumaq istədiyin zamandır. Bu yozum düzgündür ya yox?

Cavab: Bu, düzgün yozumdur. Çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əməlindən götürülmüş dəlil var. Belə ki, O sav,, oxuduqdan sonra deyil, oxumaq istədiyi zaman şeytandan Allaha sığınardı.

Əgər deyilsə ki, Allah buyurur: “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü…” (əl-Maidə, 6). Bu ayədə məqsəd, (“Əgər namaza qalxdınız” deyil,) namazı qılmaq üçün qalxmaq istədiyiniz zamandır. Bu yozum düzgündür ya yox?

Cavab: Bu, düzgün yozumdur.

Buna görə də biz yozum edənlərə mütləq olaraq etiraz etmirik. Biz, dəlilsiz yozumları inkar edir və onları təhrif adlandırırıq.

“Sizlərdən biri.., iman gətirmiş sayılmaz.” İman lüğətdə qəbul və itaət tələb edən iqrara deyilir. O, şəriət mənasına uyğundur. Bəziləri onun təsdiq mənasında olduğunu desələr də bu şübhə doğurur. İman və təsdiq sözləri işlədilmiş iki cümləyə fikir verin: «mən Qurana iman gətirdim.», «mən Quranı təsdiqlədim.» İkinci cümlədə «təsdiqlədim» sözünün əvəzinə «Quranı iman gətirdim» deyə bilmərik.

Şəriətdə iman lüğətdəki məna ilə eynidir.

Kim qəbul və itaət etmə olmadan iqrar edərsə, mömin sayılmaz. Buna görə də yəhudi və xaçpərəstlər bu gün mömin sayıla bilməzlər. Çünki onlar İslam dinini nə qəbul etmiş, nə də itaət etmişlər.

Əbu Talib Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) elçiliyini iqrar və elan etsə də, mömin sayılmırdı. Çünki o dini qəbul etmədi və itaət göstərmədi.

İman qəlb, dil və əzalarda olur. Yəni, dilin danışdığı və əzaların etdiyi iman adlanır. Dəlil olaraq Allah təalə buyurur: “Allah sizin imanınızı əvəzsiz buraxmaz.” (əl-Bəqərə, 143). Təfsirçilər demişlər: “imanınız yəni, Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınız.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdu: “İmanın yetmişdən çox şöbəsi var. Onların ən yüksəkdə olanı “Lə iləhə illəllah” kəlməsi, ən aşağıda olanı isə yoldan (insanlara) əziyyət verən əşyanı götürməkdir. Həya da imanın bir şöbəsidir.”[2]

Ən yüksəyi “Lə iləhə illəllah” kəlməsidir. Bu da dilin dediyi sözdür.

Ən aşağıda olanı, yoldan (insanlara) əziyyət verən əşyaları götürməkdir. Bu isə əzaların əməlidir.

Həya da qəlbin əməlidir. İmanın yalnız qəlbdə olmasını və iqrar edənin iman gətirdiyini demək səhvdir və bu düzgün sayılmır.

qardaşına” yəni, mömin qardaşına.

“özünə istədiyini” yəni, xeyir, şəri dəf etmək, şərəfini qorumaq və s. Səhih bir hədisdə buyurulur: “Kim Cəhənnəmdən uzaqlaşmaq və Cənnətə girmək istəyirsə… özü ilə necə rəftar edilməsini arzulayırsa, insanlarla da o cür rəftar etsin.”[3]

Hədis bizə nəyi öyrədir?

1 – Kamilliyi inkar etmək üçün bir şeyin özünü inkar etməyin icazəli olması. Çünki hədisdə buyurulur: “Sizlərdən biri.., iman gətirmiş sayılmaz.” Bu, Peyğəmbərin digər kəlamının oxşarıdır: “Qonşusu şərindən əmin olmayan kəs iman gətirmiş sayılmaz.”[4]

Kamilliyi inkar etmək üçün bir şeyin özünün inkar edilməsinə misallardan biri də, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  bu kəlamıdır: “Yemək verilərkən namaz yoxdur.”[5] Yəni, kamil namaz yoxdur.

2 – İnsanın özünə istədiyini qardaşına istəməsinin vacib olması. Çünki özünə istədiyini qardaşına istəməyənin imanın inkar edilməsi, məsələnin vacibliyini bildirir. Belə ki, iman yalnız onun üçün vacib sayılan amil olmadıqda, yaxud ona zidd amil olduqda inkar edilir.

3 – Həsəddən çəkindirmək. Çünki həsəd aparan özünə istədiyini qardaşına arzulamaz. Əksinə qardaşında Allahın verdiyi nemətin qurtarmasını istəyər.

4 – Cümləni əmələ yönəldən sözlə ifadə etmək onu daha bəlağətli etməkdir. Çünki hədisdə buyurulur: “qardaşına…” Bu isə mehribançılıq və xoş davranış tələb edir.

————————————————————————-

[1] İmam Əhməd, (1/266).

[2] əl-Buxari: “İman” kitabı, “İman məsələləri” bölümündə, Müslim, “İman” kitabı, “İmanın şöbələri” bölümü, № 35.

[3] Müslim: “Əmirlik” kitabı, “Xəlifələrə sədaqət andı verdikdən sonra vəfalı olmağın vacibliyi” bölümü, № 1844.

[4] əl-Buxari: “Ədəb” kitabı, ”Qonşusunun şər etməyəcəyinə əmin olmayanın günahı” bölümü, № 6016.

[5] Müslim: “Məscidlər” kitabı, “Yemək verilərkən namaz qılmağın məkruh olması” bölümü, № 560.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Muhəmməd bin Saleh əl-Useymin


Fəqih.com
 heyəti