Fiqh Məqalələr Önəmli günlər Qadınlar üçün Ramazan ayı

Heyzli qadın qədr gecəsi nə etməli?

haid

Bu barədə İbn Həcər (Allah ona rəhmət etsin) hədisə verdiyi şərhdə bildirərək belə deyir: «Gecələri yaşatmaq, yəni ibadətlə keçirmək deməkdir.»

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bir çox müsəlman qadınlar heyz səbəbi ilə, Ramazanın son on günü Qədr gecəsini tapmaq niyyətlərinin yerinə yetməyəcəyini düşünərək, ibadətdən çəkinir və beləcə də böyük bir savabdan özlərini məhrum edirlər. Halbuki əsl həqiqətdə heyzli qadın namazdan, Kəbəni təvaf etməkdən, oruc tutmaqdan və məsciddə etikaf etməkdən əlavə bütün digər ibadət növlərini yerinə yetirə bilər.

Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki: «Ramazan ayının son on günü yetişəndə Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı (oyaq qalardı) və ailəsini oyadardı.» (Buxari, Muslim).

Bu barədə İbn Həcər (Allah ona rəhmət etsin) hədisə verdiyi şərhdə bildirərək belə deyir: «Gecələri yaşatmaq, yəni ibadətlə keçirmək deməkdir.»

İmam Nəvəvi isə demişdir: «Gecələri yaşatmaq, yəni onları namazla, zikrlə, Quran oxumaqla keçirmək deməkdir.» (Əunul Mə`bud) 

Beləliklə aydın olur ki, hədisdəki “gecələri yaşadardı” ifadəsi ümumi məna kəsb etdiyindən, qəsd olunan təkcə namaz yox, həm də digər ibadət növləridir. Əlbəttə ki, Qədr gecəsində qiyamul-leyl qılmaq (gecə namazları) əməllərin ən əfzəlidir. Lakin heyzli qadına Şəriət baxımından namaz qılmaq icazəli olmadığından, o, Allahdan bu gecənin savabını umaraq, digər ibadət növləri ilə keçirə bilər.

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim Qədr gecəsini fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və itatətlə keçirərsə, keçmiş günahları bağışlanar.» (Buxari)

Beləliklə, heyzli qadın bu xeyirli gecədə namazdan başqa digər ibadət növlərinə üz tuta bilər. Məsələn:

Mushafa toxunmadan Quran oxuya bilər.

Buna dəlil Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Amr bin Hazma yazdığı məktubda, Yəmən əhlinə müraciətlə bildirdiyi kəlamlarıdır: «Qurana tahir (təmiz) olandan başqası toxunmamalıdır.» (İbn Hibbən, Nəsəi, Beyhəqi. Şeyx Albani hədisin səhih olduğunu bildirmişdir.) hədisində qadağanın məhz toxunmaq barədə olduğu aydın olur.

– Dua edə bilər.

Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Dua ibadətdir.» (Tirmizi. Şeyx Albani hədisi səhihləmişdir.)

– Zikr.

Məsələn, Subhənəllah, lə iləhə illəllah, əlhəmdulilləh zikrlərini yaxud Subhənəllah və bihəmdihi Subhənəllahil Azım və sair zikrləri deyə bilər.

– İstiğfar edə bilər.

Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “Qədr gecəsinin hansı gecə olduğunu bildikdə necə dua edim?” – deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) «Allahım, Sən Bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla. “Allahummə, innəkə Əfuvvun, tuhibbul Əfuə fə`fuənni”» – deyə cavab verdi. (Tirmizi, Şeyx Albani səhihləmişdir.)

Bu gecə Uca Allahdan bağışlanma diləmək üçün ən xeyirli gecələrdən biridir. Odur ki, müsəlman tam bir səmimiyyətlə“Əstəğfirullah” deyərək, günahlardan təmizlənməyə mümkün qədər çox çalışmalıdır. Və sair ibadət növləri.

Elə isə, ey müsəlman bacım! Yuxunu bir kənara ataraq, bu gecənin savabından payını almağa tələs! Bu gecədə oyaq qalmaq hamımız üçün yatmaqdan daha xeyirlidir.

Allah Subhənəhu və Tə`ələ bizi Ramazanın, xüsusən Qədr gecəsinin xeyirlərinə nail olanlardan etsin. Amin!

Hazırladı: Umm Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment