Əxlaq

Hər işdə yaxşı və gözəl davranaq

gozel-davranaq

Aləmlərin rəbbi olan Allaha həmd-səna olsun. Sonuncu Peyğəmbər və Rəsulullah olan Muhəmmədə, onun ailəsinə, cəmi əshabələrinə Allahın salavatı və salamı olsun.

Uca Rəbbimiz bizə hər bir işdə yaxşı davranmağı əmr etmişdir. Allahın sevdiyi müsəlman o kimsədir ki, hər bir yaxşılıqda daim öndə adı çəkilsin. Bizim saleh sələflərimiz belə idilər. Onlar hər bir yaxşı işdə bir-biriləri ilə yarışardılar. Uca Allah buyurur: 58 — Rəbbinin ayələrinə inanlar; 59 — Rəbbinə şərik qoşmayanlar; 60 — Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər – 61 — Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər.” (əl-Muminun surəsi).

Gördüyünüz kimi, bu ayələr Quran nazil olan qövmə, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  əshabələrinə xitabən deyilmişdir. Uca Rəbbimiz ən xeyirli Peyğəmbərə, ən xeyirli ümmət bəxş etmişdir. Ümmətin əvvəli sahabələr, ardıcılları isə sələflərimizdir.

Biz də öz gözəl əxlaqımız, dəyərli işlərimizlə cəmiyyətimizə və ümmətimizə fayda verməliyik. Bu baxımdan Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  hər bir müsəlmanı xeyirə çağırmış və belə gözəl kəlamla bizə xitab etmişdir:

«Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. (Düşməni) öldürdükdə yaxşı öldürün, heyvanı kəsdikdə yaxşı kəsin. Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin». (Müslim rəvayət etmişdir).

Diqqət etsəniz, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  hətta düşmənə qarşı mərhəmətli olmağı, döyüş meydanında öldürərkən işgəncəsiz öldürməyi əmr edir. Bundan böyük mərhəmət nə ola bilər?! Bunun əksinə olaraq biz qeyri-müsəlmanların davranışlarına baxsaq tükürpədici hallarla rastlayarıq. Elə Xocalı soyqırımı bizim üçün yaxın keçmişin ağrı-acılı nümunəsidir.

Beləliklə biz Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  ümməti olaraq onun kəlamına baxıb bunları öyrənə bilərik:

1 – Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahın yaratdıqlarının halına acıyardı. Çünki o, hər şeyə yaxşı davranmağı vacib etmişdir.

2 – Hər işdə yaxşılıq etməyə təşviq edərdi. Bunu Allah vacib yazmış, zamanla dəyişməyən bir qayda-qanun etmişdir.

3 – İcazə verilən nəyisə öldürdükdə, yaxşı şəkildə etməlisən. Məsələn, heyvanı kəsərkən ona əziyyət vermədən kəsmək lazımdır.

4 – Əmr vermək Allaha məxsusdur. Çünki buyurur: Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. Allahın yazısı iki cür olur: Qədər yazısı və şəriət yazısı.

Qədər yazısının baş verməsi zəruridir. Şəriət yazısı isə insanlar tərəfindən ya edilər, ya da edilməz. Qədər yazısı mütləq baş verir. Çünki bu Allah tərəfindən qəti qərar olaraq qəbul edilmişdir. Şəriət yazısına gəlincə, Allah insana seçim etmək imkanı vermişdir. Məsələn, haram bir iş görməyi qadağan edib, bu haqda xəbərdarlıq göndərib. Lakin edib-etməmək seçimini insanın öhdəsinə buraxıb. Amma insanın əcəli onun istəyi ilə olmur. Bu işdə onun seçimi yoxdur və bu yalnız qədər yazısı ilə ixtiyarsız olur.

Birinciyə misal, Allahın bu kəlamıdır: “Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.” (əl-Ənbiya, 105). Bu, qədər yazısıdır.

İkinciyə misal isə bu ayədir: “Döyüş xoşunuza gəlmədiyi halda, sizə vacib edildi…” (əl-Bəqərə, 216). Yəni, şəriət yazısı yazıldı.

Şəriət yazısı barədə başqa ayədə buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi…” (əl-Bəqərə, 183).

5 – Yaxşılıq hər şeyi şamil edir. Hər şeyə yaxşılıq etmək olar. Çünki buyurulur: Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir.

6 – Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) misal çəkməklə ən asan dildə fikrini çatdırırdı.

7 – Bıçağı itiləmək. Çünki belə etdikdə, heyvanı daha rahat kəsmək olur.

Dəyərli qardaş və bacılar, bu hər birimizə xatırlatmadır. Hər gün neçə-neçə insanlarla ünsiyyətdə oluruq. Bu deyilən vəhy kəlamlarını xatırlayaraq ətrafımızdakı insanlarla xoş davranaq.

Hörmətlə, Feqih.com heyəti