Məqalələr

Gözəllik salonu (2-ci hissə)

gozellik-salonu-2-ci-hisse
Müəllif - feqih

Üzə qulluq xidmətlərilə bağlı bəzi şəriət əhkamları

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Tarix boyu qadınlar yaradışlarından gələn ehtiyacı təmin etmək üçün müxtəlif gözəllik xidmətlərindən istifadə etmişlər. Günümüzdə bu xidmətlərdən adətən “gözəllik salonu” adlanan məkanlarda faydalanmaq mümkündür. Müsəlman qadının öz əri üçün gözəl görünməyə çalışması Şəriətlə ibadət hesab edilsə də, İslam alimləri qadınları yalnız yad kişilərdən, haramlardan, fitnədən uzaq, əmin və salamat gözəllik mərkəzlərindən istifadə etməyə və bu məsələdə olduqca ehtiyatlı olmağa səsləmişlər.

Mömin qadınlara da de ki, … zinətlərini (naməhrəmə) göstərməsinlər.” (Quran, Nur, 31).

Bu yazı gözəllik salonlarında tətbiq olunan bəzi bəzək proseduralarına İslam dininin münasibəti ilə müsəlman bacılarımızı tanış etmək məqsədilə tərtib edilmişdir.

Üzə qulluq xidmətlərilə bağlı bəzi şəriət əhkamları

İmam əl-Munəvi (Allah ona rəhmət etsin) qadının öz əri üçün bəzənməsi və gözəl görünmək istəməsinin mühüm və bəyənilən əməllərdən olduğunu bildirmişdir. “Fayd əl-Qadir” 3/190.

Qadın gözəlliyinin də əksər hissəsi onun üzündə toplandığından qadınların da üzlərinə xüsusi diqqət göstərdiklərinin şahidi olmaq mümkündür.

Makiyaj

Üzün müxtəlif hissələrinin istər təbii, istərsə də sintetik boyalarla qismən ya da bütövlüklə boyanması, makiyaj edilməsi ümumən icazəlidir.

“Qadının sürmə və digər makiyaj vasitələrilə boyanması, habelə saçlarını kafir qadınlara bənzəməmək şərtilə düzəltməsi icazəlidir. Lakin diqqət etmək lazımdır ki, bu bəzək vasitələrinin onun məhrəmlərindən başqa heç kim görməsin” Fətəva əl-Ləcnə əd-Dəimə” 17/129.

Şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: “Xüsusən evli qadınların dodaq boyası və ənlik kimi kosmetik vasitələrdən istifadə etməsində problem yoxdur” “Fətəva şeyx Useymin” 2/828.

Döymə etdirmək

Qadınlar arasında yayılmış, təhlükəli haramlar arasında, günümüzdə gözəllik salonlarında “daimi makiyaj” adı ilə qaşların, gözün və dodaqların və s. müxtəlif rəngli daimi döymələrin etdirildiyinin şahidi olmaq olar. Halbuki bu, böyük günahlardandır.

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “döymə edən də, etdirən də lənətlənmişdir”. Buxari, Muslim.

Xına kimi təbii yaxud sintetik vasitələrlə müvəqqəti olaraq həyata keçirilən döymələrə gəldikdə isə bu, icazəlidir. Lakin sintetik vasitələr dəriyə suyun keçirməyinin qarşısını alırsa, dəstəmaz və qüsl almamışdan əvvəl onların silinməsi vasibdir.

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) ayağında dirhəm qədər yerə su toxunmamış və namaz qılan adamı gördükdə, ona yenidən dəstəmaz almağı və namaz qılmağı əmr etmişdir. Əbu Davud, İmam Əhməd. Şeyx Albani səhihləmişdir.

Qaş almaq

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsn) qaşını alan və aldıran qadınları lənətləmişdir. Nəsai. Şeyx Albani səhihləmişdir.

İki qaş arasındakı tüklərin qaşlardan yaxud üz tüklərindən hesab edildiyinə gəldikdə isə səhih rəyə əsasən bu, üzün tükü hesab edildiyi üçün onların alınmasında problem yoxdur.

“Qaşlar arasındakı tükün alınması caizdir, çünki bu qaş tükü sayılmır.” “Fətəva əl-Ləcnə əd-Dəimə”, 5/197.

Xüsusən zərurət halında, dodaqların üstündə və çənədə bitən qalın və tünd tüklərin götürülməsinə gəldikdə isə İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu əməlin icazəli, hətta bəyənilən olduğunu bildirmişdir. “Şərh Səhih Muslim” 14/106.

Süni kirpiklərin taxılması, əlavə edilməsi

İslam Alimlərinin daimi fətvalar komitəsi Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) saçlara qaynaq etdirilməsinə dair gələn qadağaya əsasən Allahın yaratdığını dəyişmək, habelə bədənə ziyan vurmaq hesab edildiyindən süni kirpiklərdən istifadənin də icazəli olmadığını bildirmişlər“Fətəva əl-Ləcnə əd-Dəimə”,  17/13

Eləcə də bu vasitələrlə gözə müxtəlif infeksiyaların düşdüyünü, allergiyaların başlanğıcına səbəb olduğunu görmək mümkündür. Bu isə Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) hədisinə ziddir: “Nə özünə, nə başqalarına ziyan vermək olmaz”İmam Əhməd, Nəsai, Tabərani. Şeyx Albani səhihləmişidir.

Qaş və kirpiklərin boyanması

Qaş və kipriklərin boyanması da saçların boyanması ilə eyni hökm daşıyır. Belə ki, onların qaradan başqa istənilən digər rənglə həm təbii, həm süni vasitələrlə boyanması icazəlidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) Quran və Sünnədən bu əməlin haram yaxud məkruh (bəyənilməyən) olmasına dair heç bir dəlilin varid olmamasını bildirmiş, caiz olduğunu demişdir. “Əl-Dəvət” jurnali, 1741 sayı, səh. 36.

Ardı var.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı