Məqalələr

Gözəllik salonu (1-ci hissə)

gozellik-salonu-1-ci-hisse
Müəllif - feqih

Saçlara qulluqla bağlı Şəriət əhkamları

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Tarix boyu qadınlar yaradışlarından gələn ehtiyacı təmin etmək üçün müxtəlif gözəllik xidmətlərindən istifadə etmişlər. Günümüzdə bu xidmətlərdən adətən “gözəllik salonu” adlanan məkanlarda faydalanmaq mümkündür. Müsəlman qadının öz əri üçün gözəl görünməyə çalışması Şəriətlə ibadət hesab edilsə də, İslam alimləri qadınları yalnız yad kişilərdən, haramlardan, fitnədən uzaq, əmin və salamat gözəllik mərkəzlərindən istifadə etməyə və bu məsələdə olduqca ehtiyatlı olmağa səsləmişlər.

Mömin qadınlara da de ki, … zinətlərini (naməhrəmə) göstərməsinlər.” (Quran, Nur, 31).

Bu yazı gözəllik salonlarında tətbiq olunan bəzi bəzək proseduralarına İslam dininin münasibəti ilə müsəlman bacılarımızı tanış etmək məqsədilə tərtib edilmişdir.

Saçlara qulluqla bağlı Şəriət əhkamları

Salonlarda tətbiq edilən ən məşhur prosedurlardan biri məhz saçlara göstərilən bərbər xidmətindən ibarətdir.

Ümumiyyətlə bilmək gərəkdir ki, saçlara qulluq etmək Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) sünnəsidir: “Kimin saçı varsa, qoy, ona qulluq etsin” Əbu Davud.

Müsəlman qadınlar üçün bu xidmətlərdən istifadə etmək ümumən icazəli olsa da, saçlarla bağlı bir sıra Şəriət hökmlərini xatırlatmaq yerinə düşərdi.

Kafirlərə bənzəməmək
Müsəlmanlar inanc baxımından kafirlərdən fərqləndikləri kimi xaricən də bənzəməməyə çalışmalıdırlar. Bu qayda özünü həmçinin saç kəsimlərinin seçimində də özünü göstərməlidir.

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə demişdir: Kim bir qövmə bənzəməyə çalışarsa o da onlardandır” Əbu Davud.

Şeyx İbn Baz (Allah ona rəhmət etsin) qadınların saçlarının onlara  baxımda çətinlik törətməyəcək formada kəsilməsinin icazəli olduğunu bildirmiş, əksinə qadının öz ərinə gözəl görünmək istəməsinin bəyənilən əməl olduğunu söyləmişdir. Bu haqda qadağanın isə yalnız kafir qadınlara bənzəməyə və keçəl qırxılmağa aid olduğunu qeyd etmişdir. “Fətəva əl-Mərah əl-Muslimə” 2/515.

Saçları keçəl qırxmamaq
Dinimiz müsəlman qadına müalicə və s. kimi bir zərurət olmadan saçlarını qırxmağa izn verməmişdir: Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) qadınlara saçlarını qırxmağı qadağan etmişdir. Nəsai.

Qadınların kişilərə bənzəməsi haramdır
Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) “Kişiyə bənzəyən qadınlara və qadına bənzəyən kişilərə Allah lənət etsin”  (Buxari ) hədisi, saç kəsimində edilən seçimlərdə də nəzərə alınmalıdır.

Qadınların hansı həddə saçlarını qısalda biləcəklərinə gəldikdə isə Əbu Sələmə ibn ƏbdurRahmən söyləyir ki, Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) zövcələri saçların qulaqlarından bir az aşağıyadək qısaldardılar. Muslim.

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisin şərhində qadınların (hörüyə yığılmayacaq qədər) saçlarını qısaltmasının icazəli olmasını bildirmişdir.

Lakin Şeyx Şinqiti (Allah ona rəhmət etsin) bu məsələyə maraqlı əlavə edərək bildirmişdir ki, möminlərin anaları (Allah onların hamısından razı olsun) saçlarını icazəli həddə qısa kəsdirməyə yalnız Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) vəfatından sonra başlamış, bu da onların artıq gözəllik mənbəyi hesab edilən saçlarına qulluq etməklərinin mənasının, bəzənməyə ehtiyaclarının qalmamasından irəli gəlirdi. “Ədva əl-Bəyən”.

Kəkil saxlamaq
Həm kişilərin, həm də qadınların saçlarının bir hissəsinin qırxılaraq, digər hissəsinin saxlanması qadağandır.

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bir dəfə saçının bir hissəsi qırxılmış oğlan uşağı görərkən “ya hamısını qırxın, ya da hamısını saxlayın” deyə irad tutmuşdur. Buxari, Muslim.

İbn Qayyim (Allah ona rəhmət etsin) hədisin istər saçın ön hissəsi, istər yanları, istərsə də ortası və ya arxası qırxılaraq həyata keçirilən “qazə” adlanan bu saç kəsiminin hər növünün qadağan edildiyini bildirmişdir. “Əhkam əhlul-Dimməh “, 3/1294.

Saçlar dəvə hörgücünə bənzəməməlidir
Eləcə də hicabla yaxud məhrəmlər arasında hicabsız gəzərkən dəvə hörgücü şəklində saç düzümləri etmək barədə qadağa mövcud olduğunu xatırlatmaq gərəkdir.

“Atəş əhlindən iki sinif vardır. Hələ onları görməmişəm. Yanlarında inək quyruğuna bənzər bir şeylər daşıyıb onunla insanları vuranlardır.Geyinmiş çılpaq qadınlardır ki, bunlar Allaha itaətdən qırağa çıxmışlar. Bunlar başqalarını da başdan çıxarırlar. Başları sallanan dəvə hörgücü kimidir. Bu qadınlar cənnətə girmələri bir yana dursun, onun ətrini belə almazlar. Halbuki onun ətri filan qədər məsafədən duyulur.” Muslim.

Günümüzdə müsəlman qadınları nəinki saçlarını hicabın altından qabartdıqlarını hətta saçlarına və ya örtüklərinə əlavə material taxmalarının şahidi olmaq mümkündür ki, bu da əməl olaraq, ikiqat şiddətli hesab edilir.

Qara rəngli saç boyasından istifadə edilməməlidir
Saçların istər təbii vasitələrlə, istərsə də müasir kimyəvi tərkibli boyalarla sırf qara rəngə boyanması qadağandır.

İbn Abbas (Allah onlardan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini bildirir: “Qiyamətə yaxın saçlarını göyərçin sinəsi kimi qapqara boyayan insanlar peyda olacaqlar. Onlar Cənnətin iyini belə hiss etməyəcəklər.”  Səhih əl-Cami.

İbn Qayyim (Allah ona rəhmət etsin) demişdir: “Qadağa yalnız saçların məhz qara rənglə boyanmasına gəlmişdir. Əgər qara xınaya kətəm (qırmızı rəng verən bitki) əlavə edilsə, bunda problem yoxdur. Qara xına ilə kətəm qarışdıqda qırmızı ilə qara arasında bir rəngə çevrilir. Basma isə təmamilə qara rəng verir” Zədul-Məad, 4/336

Eləcə də Daimi Fətvalar Heyəti bildirmişdir: “Gənc yaxud (saçı ağaran) yaşlı arasında fərq qoymadan, saçların qaradan əlavə başqa rəngə böyanması icazəlidir” Fətəva əl-Ləcnə ədDəimə”, (5/168).

Parik taxmaq, qaynaq etdirmək qadağandır
Müasir dövrümüzün “gözəllik” anlayışlarından biri də pariklərin taxılması yaxud saça qaynaq əlavə edilməsi ilə bağlıdır. Dinimiz bütün bunları qadağan edir:

Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun): “Saç əlavə edəni də, saç əlavə etdirəni də lənətləmişdir” Buxari, Muslim.

Digər hədisdə isə deyilir: Əgər qadın saçına başqa saç əlavə edirsə— bu aldatmaqdır” Buxari, Nəsai, imam Əhməd.

Şeyx Fouzan (Allah onu qorusun) özünün “Mömin qadınlara aid bəzi Şəriət əhkamları qeydləri” əsərində parik taxmağın da aldatmaq olduğunu qeyd etmişdir.

Ardı var.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı