Əxlaq Məqalələr

Fitnələrdən qorunmağın səbəbləri

fitne
Müəllif - feqih

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İlk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyyə edirəm.

Fitnələrin baş qaldırıb, surətlə yayıldığı bir dövrdəyik. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) «Xoşbəxt o kəsdir ki, fitnələrdən uzaq durar.» (Əbu Davud) hədisini xatırlatmağa ehtiyac vardır.

Hər bir kəs xoşbəxt olmaq arzusunda olsa da xoşbəxtliyi tapanlar çox azdır. Bunun səbəblərindən biri məhz bu hədisdən xəbərsiz olmaları və ya bilsələr də əməl etməmələridir.

Fitnələr baş verdiyi zaman iman və əməlinin dərəcəsindən asılı olmayaraq heç bir müsəlman fitnəyə düşmə təhlükəsindən arxayın olmamalıdır. Fitnələrdən maksium uzaq durmalı və duaları ilə Allaha sığınmalıdır. Səhabələrinə fitnələrdən uzaq durub, Allaha sığınmağı tövsiyə edərək Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyərdi: «Açıqda və aşkarda olan fitnələrdən Allaha sığının».

Müsəlmanın fitnələrdən kənar qalması yalnız Quran və sünnənin göstərdiyi yollara əməl etməsi ilə mümkün ola bilər. Bunun üçün bəzi səbəbləri bilmək lazımdır:

Birinci səbəb: Təqvadır.

İlk olaraq müsəlman Allahdan qorxmalıdır. Nəfsinin istəyi ilə deyil, Allahdan qorxaraq Onun dediyi kimi hərəkət etməlidir. Fitnə baş qaldırdığı zaman imanını və təqvasını qaldrmağa cəhd etməlidir. Hər bir şeydən çıxış yolunun təqva olduğunu unutmamalıdır. Necə ki Allah Təala buyurur: «Allahdan qorxana, (Allah) çıxış yolu göstərər». (ət-Taləq 2)

Tabiinlərin vaxtında fitnə çıxdıqda bir qism insanlar yığışaraq o dövrün alimlərindən olan Talq ibn Həbibin (Allah ona rəhmət etsin) yanına gəlir ondan fitnədən necə uzaq olmağın yolunu soruşurlar. Talq (Allah ona rəhmət etsin) cavabında buyurur: «Allahdan qorxaraq fitnədən qorunun». Ondan təqvanı daha geniş şərh etməsini istədikdə Talq (Allah ona rəhmət etsin) buyurur: «Allahdan savabı umaraq Allahın nuru ilə Ona itaət etmək, Allahın əzabından qorxaraq Allahın nuru ilə asiliklərdən uzaq durmaq». 

Burada o, Allahın nuru dedikdə elmi nəzərdə tuturdu. Çünki müsəlman yalnız elmlə Allaha yaxınlaşıb günahlardan uzaq ola bilər.

Təqvanın yeri isə qəlbdir. Necə ki Peyğəmbər (Allahın ona salavat və salamı olsun): «Təqva bax burdadır» — deyərək üç dəfə sinəsinə işarə elədi. Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Cəsəddə ət parçası vardır. O islah olarsa bütün bədən islah olar. O xarab olarsa bütün bədən xarab olar». Qəlb islah olduqda yəni, təqva ilə dolduqda bütün bədən islah və əməllər islah olur. Beləliklə insan Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinir.

Həmçinin hədislərdən birində Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Allahı qoru ki, Allah da səni qorusun».

Burada «Allahı qoru» , dedikdə, «Allahın dinini yaşatmaq, Onun istədiyi kimi yaşamaq», «Allah da səni qorusun», dedikdə isə «Allah da sənə kömək olar» nəzərdə tutulur . Hədisin sonu isə «Əgər bütün insanlar və cinlər sənə xeyir vermək üçün yığışarlarsa, o xeyiri Allah yazmadığı halda sənə xeyir verə bilməzlər. Əgər bütün insanlar və cinlər sənə zərər vermək üçün yığışarlarsa, o zərəri Allah yazmadığı halda zərə verə bilməzlər.»

İkincisi səbəb: Elmdir.

Müsəlmanın elmi olmadıqca fitndən uzaq durması mümkün deyildir. Çünki elmi olmayan kəs nəyin fitnə olub-olmadığını ayırd edə bilməz . Necə ki Allah Təala buyurur: «Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.» (Əli İmran 101)

Digər bir ayədə buyurur: «Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!» (Əli İmran 103)

Həmçinin İmam Malik (Allah ona rəhmət etsin) demişdir: «Sünnə Nuhun gəmisi kimidir. Kim ona minərsə nicat tapar kim minməzsə bataraq həlak olub gedər».

Fitnə baş verən zaman insanların özlərini necə aparmalı olduğunu Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrinə belə tövsiyyə etmişdir: «Kim məndən sonra yaşayacaqsa çoxlu ixtilaflar görəcəkdir. Sizə sünnəmi və raşidi xəlifələrinin sünnəsindən tutunmağı əmr edirəm».

Ona görə müsəlman həyatının hər anında davamlı olaraq elm almağa yönəlməlidir. Çünki fitnə ilə nə zaman üzləşəcəyi ona məlum deyildir.

Elm alarkən isə düzgün mənbəyə yönəlmək lazımdır. Əks halda insan nura deyil, zəlalətə irələliləyə bilər. Düzgün mənbə isə Allahın kitabı — Quran və və Peyğəmbərimizin hədisləri olan — sünnədir. Sünnədə olan hökmləri isə Qurandan ayırmaq olmaz. Çünki sünnə də vəhydir. Allah Təala buyurur: «O, öz istəyi ilə danışmır.Bu, ona təlqin edilən bir vəhydir.» (ən-Nəcm 3-4)

Qeyd etmək lazımdır ki, Quran və sünnəni insan öz ağılı ilə deyil, səhabələrin başa düşdüyü kimi başa düşməlidir.

Quran, sünnə və sələfin fəhmindən kənar qalan kəs haqdan uzaq düşər və fitnə zamanı fitnələrə düşməsi qaçılmaz olar.

Üçüncü səbəb: Camaatla bir yerdə olmaq və parçalanmamaq.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Camaatla olmaq rəhmət, parçalanmaq isə əzabdır». Bu xüsusdan olan başqa bir hədisdə isə buyurur: «Camaatla bir yerdə olun parçalanmaqdan çəkinin».

Parçalanmaqda şər, bərəkətin qalxması və s. fəsadlar vardır. Bunu Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) «Allahın əli camaatın üzərindədir» hədisi də təsdiq edir.

Camaatdan ayrılanın məsəli sürüdən ayrılmış qoyuna bənzəyir. Nə qədər qoyun sürüdən uzaqlaşarsa, bir o qədər qurda yem olma təhlükəsi artar.

Dördüncü səbəb: Alimlərə qayıtmaq.

Alimlər dərin elmə malik olduqları, bu elmin səbəbi ilə imanlarını qaldırdıqları, əməllərini artırdıqları üçün Allaha yaxınlaşır və adi insanların güman etmədikləri xeyri və zərəri görə bilirlər. Ona görə də bir iş barədə fətva verdikdə öncədən hər şeyi götür-qoy edirlər. Heç bir kəsin təsiri ilə deyil, nəfslərinin istəyi ilə deyil, gördükləri haqq ilə fətva verirlər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Bərəkət böyüklərinizlədir». Burada böyük deyildikdə, dində elmi olanlar nəzərdə tutulur. Allah Təala buyurur: «Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (hamınız) şeytana uyardınız.» (ən-Nisə 83)

Ayədə «Özlərindən olan nüfuz sahibi» deyildikdə, ümmətin alimləri nəzərədə tutulur.

Beşinci səbəb: Ağılnan hərəkət etmək, mülayim, və səbirli olmaq, tələsməmək.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Hansı şeydə mülayimlik olar o şeyi bəzəyər, hansı şeydə sərtlik olarsa o şeyi korlayar».

Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «İnsanlar içərisində xeyiri açıb, şəri isə bağlayanlar vardır. Həmçinin insanlar içərisində şəri açıb xeyiri bağlayanlar vardır. Xoşbəxtdir o kəslər ki, Allah onların əli ilə xeyiri açar. Vay olsun o kəslərə ki şər onların əlləri ilə açılar.» (İbn Məcə, Şeyx əl-Albani səhih olduğunu bildirmişdir).

Əli (Allah ondan razı olsun) haqq əhlini xatırlayarkən onların xüsusiyyətləri barədə deyərdi: «Onlar tələskən deyillər.»

Altıncı səbəb: Allaha dua etmək.

Allah Təala buyurur: «Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!» (Ğafir 60)

Başqa bir ayədə isə buyurur: «Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.» (əl-Bəqara 186)

Müsəlman heç bir zaman özünə arxayın olmamalı, fitnəyə düşməməsi üçün daima dua etməldir. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) «Bir nəfər özünə əmin olaraq Dəccala yalançı olmasını sübüt edəcəyinə əmin olan bir kəs onun yanına Allaha imanla gəlsə də, geri qayıtdıqda Dəccala iman gətirmiş olacaqdır.» xəbərini xatırlamalıdır.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrinə fitnələrdən Allaha sığınmaları üçün , «Allahım açıqda və gizlidə olan fitnələrdən sənə sığınırıq» duasını öyrədərdi. (Muslim)

Çünki İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurduğu kimi, «Dua dünya və axirətdə bütün xeyirlərin açarıdır.»

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment