Hədislər toplusu

Duanın qəbul olunmasının sirri

duanin-qebul-olunmasinin-sirri

Şeyx Muhəmməd bin Saleh əl-Useymin

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: ”Həqiqətən də Allah təalə Tayyibdir (pakdır) və yalnız təmiz olanı qəbul edir. Şübhəsiz ki, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmiş və buyurmuşdur: “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!” (əl-Muminun, 51). Başqa ayədə buyurur: ” Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!” (əl-Bəqərə, 172). Sonra o, uzun müddət səfərdə olan saçı dağınıq üstü toz-torpaqlı bir kişini xatırlatdı. Həmin kişi əllərini göyə açaraq: “Ey Rəbbim, ey Rəbbim” deyirdi. Onun yediyi də haram, içdiyi də haramdır. O, haramla bəslənibdir. Haradan duası qəbul olunsun?” Müslim rəvayət etmişdir.[1]

ŞƏRH

”Həqiqətən də Allah təalə Tayyibdir.” Tayyib sözü (ərəb dilində) pak, təmiz, naqisliklərdən uzaq və heç bir halda pisliklərə toxunmayan mənasını verir. Çünki tayyib kəlməsinin əksi, pislikdir (ərəbcə, xəbis). Necə ki, Allah təalə buyurur: “(Ey Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz.” (əl-Maidə, 100). Başqa ayədə buyurur: “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!” (ən-Nur, 26).
“Həqiqətən də Allah təalə Tayyibdir” ifadəsinin mənası, Onun eyib və nöqsandan uzaq olması deməkdir. O, Özlüyündə, adlarında, sifətlərində, hökmlərində, fellərində və Ondan başlayan bütün işlərdə ət-Tayyibdir. Onda heç bir vəchlə pislik yoxdur.

“və yalnız təmiz olanı qəbul edir.” Nöqsansız və uca Allah yalnız pak və təmiz sözləri, əməlləri və digər işləri qəbul edir. Hər bir pislik Allah qatında rədd olunur.
Əməllərdən pak və təmiz olan, şəriətə uyğun şəkildə Allah üçün (ixlasla) yerinə yetiriləndir.
Mal-mülkdən pak və təmiz olan, halal yolla əldə ediləndir. Haram yolla əldə ediləni isə xəbis adlanır.
“Şübhəsiz ki, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir” bu, möminləri ucaltmaq üçün belə deyilmişdir. Onlar, peyğəmbərlərə verilən əmrlərə layiq olanlardır.

Allah təalə peyğəmbərləri haqda buyurmuşdur: “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!” (əl-Muminun, 51). O, peyğəmbərlərə əmr etdi ki, təmiz olanlardan yesinlər. Onlar (yəni, təmiz olanlar) isə, Allahın halal etdikləri və şəriətə uyğun şəkildə əldə edilənlərdir. Buna iki misal çəkirəm:

Birinci: Bir kişi leş qoyun ətindən yedi. Bu adam təmiz olanlardan yemədi. Çünki Allah təalə leş ətini yeməyi haram etmişdir. Bu, özlüyündə haram sayılır.
İkinci: Digər bir kişi də quldurluq edərək ələ keçirdiyi qoyunu kəsib ətindən yedi. Bunun hökmü, təmiz olan deyil. Çünki o, haram yolla əldə edilmişdir.

“…və yaxşı işlər görün!” (əl-Muminun, 51). Yəni, saleh əməllər edin.
Onlara yeməyi əmr etdi. Çünki bu yolla bədən qüvvətlənir. Sonra yeməyin nəticəsi olaraq əməl etməyi əmr etdi. Lakin: “saleh əməl edin” – buyurdu. Saleh əməl isə, ixlas və tabeçiliyin vəhdəti ilə olur. Buna görə də bəzi sələflər demişlər: “Saleh əməl, səmimi və savabdır.” Yəni, yalnız Allaha məxsus edilən və Onun şəriətinə müvafiq olandır.
Allah təalə möminlər üçün buyurur: ”Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!” (əl-Bəqərə, 172). Necə ki, peyğəmbərlərə buyurur: “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!” (əl-Muminun, 51). Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir.
Onda deyə bilərik ki, möminlərə pak olanlardan yemək əmr edilmişdir. Həmçinin peyğəmbərlərə də bu əmr verilmişdir.
“Sonra o, uzun müddət səfərdə olan saçı dağınıq üstü toz-torpaqlı bir kişini xatırlatdı. Həmin kişi əllərini göyə açaraq: “Ey Rəbbim, ey Rəbbim.” deyirdi. Yəni, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu adamı misal çəkərək dedi: “uzun müddət səfərdə olan.” Səfər, xüsusən də uzun çəkərsə, duanın qəbul olunması üçün səbəblərdən sayılır.
“saçı dağınıq üstü toz-torpaqlı” yəni, o özünə fikir vermir. Onun üçün ən mühüm olan duasının qəbul edilməsidir.

“Həmin kişi əllərini göyə açaraq” əllərin göyə qaldırılması duanın qəbul edilməsi üçün səbəblərdən sayılır. Necə ki, hədisdə rəvayət edilmişdir: “Həqiqətən də Allah Həyiyyundur (həddən artıq həya sahibidir) və Kərimdir (səxavətlidir). Allah qulundan utanar ki, qulu əllərini Ona tərəf qaldıranda, əllərini boş qaytarsın.”  [2] “Ey Rəbbim, ey Rəbbim.” Bu, Allahı rübubiyyətlə vəsf edərək nida etməkdir. Çünki bu, duanın qəbulu üçün bir vəsilədir. Belə ki, duanın qəbul edilməsi rübubiyyətin tələblərindəndir.
“Onun yediyi də haram” Yəni, yediyi yemək ya özlüyündə, ya da qazanılmasında haramdır.
“içdiyi də haramdır” Yəni, içdiyi içki ya özlüyündə ya da qazanılmasında haramdır.
“O, haramla bəslənibdir” yəni, başqasının əli ilə qazanılan haramla bəslənibdir.
“Haradan” məqsəd, bu işi uzaqlaşdırmaqdır.
“duası qəbul olunsun?” yəni, bu cür adam duasının qəbul edilməsindən çox uzaqdır. Baxmayaraq ki, duanın qəbulu üçün səbəblər mövcuddur.
Bu, haram yeməkdən, haram içməkdən, haram geyinməkdən və haramla bəslənməkdən çəkindirmək üçündür.

Hədisdən çıxan faydalar:
1 – Allahın adlarından biri də ət-Tayyibdir. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdu: “Həqiqətən də Allah Tayyibdir.” Bu isə, Onun Özlüyündə, adlarında, sifətlərində, fellərində və hökmlərində Tayyib olmasıdır.
Allahın bütün adları gözəldir. Onun heç bir adında nə həqiqətən, nə xəyalən naqislik yoxdur. Çünki Allah buyurur: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır.” (əl-Əraf, 180).
Allahın sifətləri bölümü adları bölümündən daha genişdir. Çünki hər bir ad müəyyən bir sifət üçün şamil edilir. Allahın fellərinin isə sözlərində olduğu kimi sonu yoxdur. Ayədə buyurulur: “Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın sözləri tükənməzdi.” (Loğman, 27).
Nöqsansız və uca Allah Öz sifətlərində Tayyibdir. Onun heç bir sifətində naqislik yoxdur. Allah Quranda buyurur: “Ən yüksək sifət isə Allaha məxsusdur.” (ən-Nəhl, 60). Yəni, hər bir vəchlə ən yüksək sifət.

2 – Allahın Özünün, sifətlərinin, fellərinin və hökmlərinin kamil olması.

3 – Allah təalənin yaradılanlara ehtiyacı yoxdur və O, yalnız pak (halal) olanları qəbul edir. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “və yalnız təmiz olanı qəbul edir.” Şirkin[3] qarışdığı əməl təmiz (tayyib) sayılmadığı üçün Allah onu qəbul etməz. Həmçinin oğurluq malın sədəqə verilməsini də Allah qəbul etməz. Çünki o da təmiz sayılmır. Özü haram olanın sədəqə verilməsini Allah qəbul etməz. Belə ki, o, təmiz deyil.”

4 – Əməllərin qəbul olunan və rədd edilən tərəflərə bölünməsi. Çünki hədisdə buyuruldu: “və yalnız təmiz olanı qəbul edir.”

5 – Peyğəmbərlərə də əmr verilir və qadağalar qoyulur. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Şübhəsiz ki, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir.” Bu belədir. Peyğəmbərlər Allaha ibadətdə ən kamil qullardır. Buna görə də gecə namazları qılmaqdan Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun)  ayaqları şişmişdir. Ona dedikdə ki, axı sənin gələcək və keçmiş günahların bağışlanıb, O buyurdu: “Məgər mən şükür edən qul olmayım.” [4]  İndi isə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) halını bizim bugünkü halımızla müqayisə et. Allahın bizə saysız-hesabsız nemətlər verməsinə baxmayaraq bəzilərimiz səhər açılana qədər yatırıq.[5]

6 – Möminlərə də əmrlər verilir və qadağalar qoyulur. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Şübhəsiz ki, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir.” İnsan nə qədər güclü imana sahib olarsa, Allaha itaəti də bir o qədər çoxalar. Əgər nəfsində Allahın əmrlərinə qarşı bir zəiflik hiss etsən, özünü imanının azalmasında günahlandır.

7 – Əməl etməyə ruhlandıran işlərdən istifadə etmək. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdu: “Şübhəsiz ki, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir.” Əgər mömin ona əmr edilənin peyğəmbərlərə də əmr olunduğunu bilsə, buna riayət etməyə daha çox səy göstərəcəkdir.

8 – Möminlərə və peyğəmbərlərə təmiz (pak) olanlardan yemələrinin əmr edilməsi.
Buradan: “Şəriətə əsaslanan səbəb olmadan təmiz (tayyib) olanlardan imtina edən insanın qınanması” faydası alınır.

9 – Allahın verdiyi nemətlərə saleh əməl (yaxşı işlər) etməklə şükür edilir. Çünki Allah peyğəmbərlərə buyurdu: “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!” (əl-Muminun, 51). Möminlərə isə belə buyurdu: ” Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!” (əl-Bəqərə, 172).
Hər: “Allaha şükür”, “Əlhəmdulilləh” – deyən saleh əməl etməyincə şükür edən sayılmaz. Buna görə də bəzi alimlər demişlər: «Şükür nemət verilənin itaət etməsi ilə olur.»

10 – Əmri onun icraçısı kimi vəsf edilənə vermək. Çünki hədisdə buyurulur: ”və yaxşı işlər görün!” Burada saleh əməl etmək peyğəmbərlərə əmr edilir. Lakin şəkk yoxdur ki, onlar elə saleh əməllər edirdilər. Bu, Allahın Muhəmməd peyğəmbərə buyurduğu kimidir: “Ey Peyğəmbər! Allahdan qorx…” (əl-Əhzab, 1). Başqa ayədə buyurur: “(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır.” (əl-Əhzab, 37). Bu ayələrdə Allah, Öz Peyğəmbərinə (Ona Allahın salavatı və salamı olsun) Ondan qorxmağı əmr edir. Baxmayaraq ki, O, insanlar arasında Allahdan ən çox qorxandır. Bizdən birimizə “Allahdan qorx” deyəndə bərk əsəbiləşirik. Bizə “Allah sənə hidayət versin” dedikdə: “Mən nə etmişəm ki?!” – söyləyirik. Allah isə Öz Peyğəmbərinə (Ona Allahın salavatı və salamı olsun) deyir: “Ey Peyğəmbər! Allahdan qorx…” (əl-Əhzab, 1).
Peyğəmbərlərə saleh əməl etmək əmri verilməklə onların sabit formada bu işlərini davam etdirmələri nəzərdə tutulur.

11 – Xəbis (yəni, paklıqdan, təmizlikdən və halallıqda uzaq) olanların haram edilməsi. Çünki buyuruldu: “Təmiz (halal) nemətlərdən”. Möminlər barədə isə buyuruldu: “Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından” (əl-Bəqərə, 172).
Sual: Lakin paklıqdan uzaq sayılma nə deməkdir? Burada insanların xəbis hesab etdikləri nəzərdə tutulur? Hər bir insanın da özünəməxsus təbiəti var. Yoxsa deməliyik ki, xəbis şəriətdə pak hesab edilməyəndir.
Cavab: Xəbis şəriətdə pak sayılmayandır. Belə ki, bu məsələ insan ağlının ixtiyarına buraxıla bilməzdi. Əks təqdirdə kifayət qədər şər və ixtilaf baş verə bilərdi.
Məsələn, bəzi insanlar çəyirtkəni, digərləri varanı yeməyi iyrənc hesab edirlər. Baxmayaraq ki, onların ikisi də halaldır. Deməli, nəyin napak sayılmasına insan təbiəti ilə qərar verilmir. Çünki hər bir insan yeyə bilmədiyi bir şeyi ikrah hissi ilə qarşılayır.

12 – Duanın qəbul olunması səbəblərindən hər hansı birini etməsindən asılı olmayaraq, haram yeyən adam duasının qəbul edilməsindən uzaqdır. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) uzun müddət səfərdə olan saçı dağınıq üstü toz-torpaqlı bir kişini xatırlatdı… sonda isə buyurdu: “Haradan duası qəbul olunsun?” Bu sual belə adamın duasının qəbul edilməsinin uzaqlığı bildirir.
Lakin bu onun duasının qəbul edilməsinin mümkün olmadığını bildirirmi?
Cavab: Xeyr. Çünki insan bir işin baş verməsini mümkünsüz hesab etdiyi halda, görürsən ki, o iş baş verir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) insanları haram yeməkdən çəkindirmək üçün belə adamların duasının qəbulunu uzaq saydı.

13 – Səfər duanın qəbul olunması üçün səbəblərdən sayılır. Çünki müsafirin duasının rədd edilmədiyi barədə hədislər varid olmuşdur. [6] Həmçinin Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) səfəri zikr etməsi onun duaya təsir etməsinə dəlalət edir.

14 – Saçın dağınıqlığı və toz-torpaqlılığı duanın qəbul edilməsinin səbəblərindən sayılır.

15 – Əllərin qaldırılması duanın qəbul edilməsinin səbəblərindən sayılır.

16 – Allaha rübubiyyətlə vəsilə etmək duanın qəbul edilməsinin səbəblərindən sayılır. Çünki hədisdə buyurulur: “Ey Rəbbim, ey Rəbbim!”

17 – Qəti şəkildə haram yeməkdən çəkinmək. Çünki haram yemək, duanın qəbul edilməsinə səbəblər olsa belə onun rəddinə səbəb sayılır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdu: “Haradan duası qəbul olunsun?”

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Muhəmməd bin Saleh əl-Useymin
Fəqih.com
heyəti


[1] Müslim, “Zəkat” kitabı, “Təmiz (halal) qazancdan olan sədəqənin qəbul olunması” bölümü, 1015-ci hədisdə rəvayət etmişdir.

[2] Əbu Davud, “Namaz” kitabı, “Dua” bölümü, 1488-ci hədisdə, Tirmizi, “Dualar” kitabı, 3556-ci hədisdə rəvayət etmişlər. Hafiz İbn Həcər “əl-Fəth” əsərində sənədinin həsən olduğunu bildirmişdir.

[3] Allaha aid olan işlərdə başqasını Ona ortaq tutmaq. Bu ən böyük günahdır.

[4] əl-Buxari, “Təfsir” kitabı, “Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq” bölümü, 4836-cı hədisdə, Müslim isə, “Münafiqlərin çizgiləri” kitabı, “İbadətləri çoxaltmaq” bölümü, 2819-cu hədisdə rəvayət etmişlər.

[5] Sanki cənnəti qazanmış kimi arxayınlaşmışıq. Gecələr qalxıb ibadət etməyə səhlənkar yanaşırıq. Rəbbinin verdiyi nemətlər haqqında dərindən düşünüb məsuliyyət hiss edən insan gecə də rahat olmaz.

[6] “Üç dua məqbuldur. Bunda şəkk yoxdur. Atanın övladına olan duası, müsafirin duası və məzlumun duası.” İmam Əhməd: (2/258); Əbu Davud: “Namaz” kitabı, “Gizlində edilən dua” bölümü, № 1536; Tirmizi: “Dualar” kitabı, “Müsafirin duası barədə zikr edilənlər” bölümü, № 3442.