Məqalələr

Dəvətin hədəfləri və məqsədləri

devet-3

Tövhidi doğrultmaq və gerçəkləşdirmək

Dəvətin hədəflərindən və məqsədlərindən ən birincisi və ən böyüyü tövhidi doğrultmaq və gerçəkləşdirməkdir. Çünki, Allah öz qullarını məhz bunun üçün yaratmış və məhz bunu əmr etmişdir.

 

Allahu Təala buyurur:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

 «Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.» (əz-Zəriyyat ,56)

«Mənə İbadət etmək üçün yaratdım», yəni: Məni (ibadətdə) təkləşdirsinlər deyə yaratdım. (Təfsir Qurtubi)

Uca Allah başqa ayədə belə buyurur:

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ ۚ وَذَٰلِكَ دِينُ الْقَيِّمَةِ

«Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!» (əl-Beyyinə surəsi, 5)

Tövhid: Allahı ibadətdə, Özünə məxsus feillərində, ad və sifətlərində təkləşdirməkdir.

Lakin çox vaxt tövhid deyildikdə Allahı ibadətdə təkləşdirmək qəsd edilir. Çünki, insanlar Nuh Peyğəmbərin (Allahın ona salamı olsun) dövründən bu günə qədər məhz tövhidin bu növündə Allaha çox şərik qoşmuşdurlar.

Allahı ibadətdə təkləşdirmək: İbadətin hər hansı növünü (dua etmək, qurban kəsmək, və.s) Allahdan başqası üçün sərf etməməkdir.

Allah Təala buyurur:

وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا

 «Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!» (əl-Cinn surəsi,18)

Başqa ayədə buyurur:

قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ

«De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!» (əl-Ənam, 162)

Allahı özünə məxsus feillərində təkləşdirməyə misal İnsanın Allahdan başqa Yaradan olmamasına etiqad etməsidir.

Uca Rəbbimiz buyurur:

يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

«Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir Xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!» (əl-Fatir surəsi, 3)

Allahı ad və sifətlərində təkləşdirmək; məsələn: Allahın Eşidən və Görən adları var. İman gətiririk ki, Allah Eşidən və Görəndir. Həmçinin, iman edirik ki, Allahın eşitməsi və görməsi məxluqların eşitməsi və görməsi kimi deyildir. Habelə, (bunun) necəliyi haqda sual vermirik, (bunu) inkar etmirik və başqa mənaya yozmuruq. Beləcə digər ad və sifətlərdə də (Allahı) bu qayda ilə təkləşdiririk.

Buna dəlil Allahu Təalanın bu kəliməsidir:

لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ۖ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ

«Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.» (əş-Şura surəsi, 11)

«Onun heç bir bənzəri yoxdur.» ayəsi Allahın oxşarı olmasını inkar etməyi və necəliyi haqda soruşmamağı gərəkdirir və vacib edir.

«O, Eşidəndir, Görəndir.» də Allahın Eşidən və Görən olmasını təsdiq etməyi və başqa mənaya yozmamağı gərəkdirir və vacib edir.

Kim tövhidi doğruldar və gerçəkləşdirərsə, cənnətə haqq-hesabsız və əzabsız girər.

Bu barədə ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peğəmbər (Sallahu aleyhi və Səlləm) belə dedi: “Ümmətimdən yetmiş min nəfər cənnətə haqq-hesabsız və əzabsız girəcək»- sonra mənzilinə daxil oldu. Camaat bu yetmiş min nəfərin kimliyi barədə fikir yürütməyə başladılar. Bəzisi dedi: Ola bilsin ki, onlar Pəyğəmbərin (Sallallahu aleyhi və Səlləm) sahəbələridir. Bəzisi də dedi ki, ola bilsin onlar İslam dinində anadan olmuş və Allaha heç bir şeyi şərik qoşmayan kəslərdir. Beləcə bir neçə fikir yürütdüdülər. Sonra Peyəmbər (Sallallahu aleyhi və Səlləm) onların qarşısına çıxdı və onlar bu fikirləri barədə Ona xəbər verdilər və Peyəmbər (Sallallahu aleyhi və Səlləm) dedi: «Onlar ruqiyyə tələb etməyən, yaraya damğa basaraq müalicə etməyən, bədbinlik etməyən və yalnız öz Rəbbinə təvəkkül edən kəslərdir».

Tövhidi doğrultmaq və gerçəkləşdirmək isə əsasən üç şeyə qayıdır:

1- Şirkdən uzaq olmaq.

2- Bidət (dində yenilik) etməkdən çəkinmək.

3- Günahları tərk etmək.

 

Məqalədən çıxan ümumi nəticə:

1) Dəvətin ən böyük hədəfi və məqsədi tövhidi doğrultmaq, gerçəkləşdirməkdir.

2) Tövhidi doğrultmaq və gerçəkləşdirməklə cənnətə haqq-hesabsız və əzabsız girmək mümkündür.

3) Tövhidi doğrultmaq və gerçəkləşdirmək; Şirkdən, bidətdən, günahdan çəkinməklə mümkün olur.

 

Elvin Movlayev

Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi