Məqalələr

Dəvətin əsasları nədir?

devet

Dəvətin əsasları kəliməsinin istilahı mənada iki məfhumu (anlamı) vardır: Mövzusu və mənhəci.

Mövzusu deyildikdə: məqsədləri və hədəfləri nəzərdə tutulur. Başqa sözlə ifadə etsək, insanları nəyə dəvət etməliyik?

Allahu Təalanın bu kəliməsi, dəvətin mövzusunu açıqlayır:

{قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي ۖ وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ}

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən (şərik qoşanlardan) deyiləm”(Yusuf surəsi, 108).

“Allaha tərəf çağırırıq”, yəni Allahı təkləşdirməyə və ibadəti yalnız ona məxsus edib onadan başqa ibadət olunanları inkar etməyə dəvət edirik.

Peyğəmbərin (Sallahu aleyhi və Səlləm) bu hədisi də dəvətin mövzusunu öyrədir:

Muaz (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Sallahu aleyhi və Səlləm) məni Yəmənə göndərdikdə belə dedi: “Həqiqətən, sən kitab əhlindən olan bir qövümün yanına gedirsən. Qoy sənin ən birinci dəvətin Kəlimeyi şəhadət (Şəhadət edirəm ki, Allahdan başqa haqq Məbud yoxdur və şəhadət edirəm ki, Muhəmməd Allahın Rəsuludur) – olsun. Əgər bunu qəbul etsələr, onlara öyrət ki, Allah onların üzərinə hər gün beş vaxt namaz qılmağı fərz etmişdir. Əgər bunu da qəbul etsələr onlara bildir ki, Allah onların üzərinə varlılarından imkansızları üçün zəkat götürməyi fərz etmişdir. Əgər bunda da itaət etsələr, zəkat yığarkən mallarının ən yaxşı hissəsini götürmə (orta olsun, nə ən yaxşısı, nə də ən pisi olmasın) və məzlumun duasından qorx. Həqiqətən onun duası ilə Rəbbi arasında heç bir maneə yoxdur.” (Müslim,19; Buxari, 1395).

Bu hədis bizə dəvətin əsas məqsədini, hədəfini bəyan edir, o da tövhiddir. Tövhid, ibadətdə Allahı təkləşdirməyi gerçəkləşdirmək və doğrultmaqdır.

Dəvətin mənhəci deyildikdə, üslubları və vasitələri nəzərdə tutulur:

Buna əsas isə Allah Təalanın bu kəlməsidir:

ادْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ ۖ وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

“İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır”. (ən-Nəhl surəsi, 125).

Bu ayə bizə dəvətin üç əsas üslubunu və vasitəsini öyrədir:

1 — Hikmət;

2 — Gözəl öyüd nəsihət;

3 — Gözəl tərzdə mübahisə aparmaq.

 

Məqalədən çıxan ümumi nəticə:

1) Dəvətin əsasları kəliməsinin iki məfhumu (anlamı) vardır: mövzusu və mənhəci;

2) Mövzusu deyiləndə: hədəfləri və məqsədləri nəzərdə tutulur;

3) Mənhəci deyildikdə: üslubları və vasitələri nəzərdə tutulur;

4) İnsanları nəyə və necə dəvət etməyin qısa məzmunu.

 

Elvin Movlayev

Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi