Hədislər toplusu İbrət al

Cənnətə gedən yol – Hədislər silsiləsi ilə

CENNETE_

Dəyərli oxucu, səni Allahın salamı ilə salamlayırıq:

Əssələmu aleykum va rəhmətullahi və bərəkətuhu.

Hər birimizin qayəsi uca və nöqsansız Allahın rizasını qazanıb əbədi cənnətə qovuşmaqdır. Peyğəmbərimiz Muhəmməd (ona Allahın salavatı və salamı olsun) qısa və dolğun sözləri ilə, cənnətə gedən yolu bizim üçün açıqlamışdır. Əslində Allahın müvəffəq etdiyi kimsələr üçün bu yol asan və rahatdır. Yetər ki, insanda iman və istək olsun.

Sizə getidiyiniz bu asan yolda daha bir asanlıq olsun deyə, Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) “Cənnətə aparan” gözəl kəlamlarını təqdim edirik.

Cənnətə gedən yolu göstərən HƏDİSLƏR

  1. “Kim heç nəyi Allaha şərik qoşmadan Allahın hüzuruna gələrsə, cənnətə daxil olar.” (Buxari).
  2. “Kim Allaha və Peyğəmbərinə iman gətirər, namaz qılar, Ramazan ayını oruc tutar, onu cənnətə daxil etmək Allaha borc olar.” (Buxari).
  3. “Kim Allahın üz-camalını görmək üçün məscid tikərsə, Allah da onun üçün cənnətdə həmin evin mislini tikər.” (Buxari).
  4. “Kim Sübh və Əsr namazlarını qılarsa, cənnətə daxil olar.” (Buxari).
  5. “Kim səhər-axşam məscidə gedərsə, Allah təala hər dəfə onun üçün cənnətdə yer hazırlayar.” (Buxari).
  6. “Kim çənə sümükləri və iki ayağı arasında olana zəmanət verərsə, mən onun üçün cənnəti zamin duraram.” (Buxari). (Yəni, dilini və övrətini qoruyarsa).
  7. “Kim sutka ərzində on iki rükət namaz qılarsa, onun üçün cənnətdə ev tikilər.” (Muslim).
  8. “Kim elm öyrənmək üçün yola çıxarsa, bununla Allah onun cənnətə gedən yolunu asanlaşdırar.” (Muslim).
  9. “Kim müəzzinin dediklərini qəlbən iman edərək deyərsə, cənnətə daxil olar.” (Əbu Davud).
  10. “Kim gözəl şəkildə dəstəmaz alar, sonra iki rükət namaz qılar və hər iki rükətdə həm qəlbi, həm də diqqətini cəm edərsə, cənnət ona vacib olar.” (Əbu Davud).
  11. “Kim: “mən könül xoşluğu ilə Allahı özümə Rəbb, islamı özümə din, Muhəmmədi isə özümə peyğəmbər olaraq qəbul etdim!” — deyərsə, cənnət ona vacib olar.” (Əbu Davud). (Duanın ərəbcəsi: “Radiytu billəhi rabbən və bil isləmi dinən və bi Muhəmmədin nəbiyyən.”)
  12. “Kimin son sözü “Lə iləhə illəllah” kəlməsi olarsa, cənnətə daxil olar.” (Əbu Davud).
  13. Kim «Əzəmətli Allah nöqsanlardan pakdır. Onun həmdi ilə Ona həmd-səna edirəm.» – deyərsə, onun üçün cənnətdə bir xurma ağacı əkilər.(Tirmizi). (Duanın ərəbcəsi: “Sübhanallahil azim və bihəmdihi”).
  14. “Kim öldükdə bu üç şeydən: təkəbbürlükdən, ifratçılıqdan və borcdan – azad olarsa, cənnətə daxil olar.” (Tirmizi).
  15. “Kim iki qız övladını böyüdərsə, mən və o cənnətə (birlikdə) daxil olarıq.” (Tirmizi).
  16. “Kim on iki il azan verərsə, cənnət ona vacib olar.” (İbn Macə).
  17. “Kim üç dəfə Allahdan cənnəti istəyərsə, cənnət belə deyər: “Allahım onu cənnətə daxil et!” (Tirmizi).
  18. “Kim xəstəyə baş çəkərsə, yaxud Allah yolunda tanıdığı qardaşını ziyarət edərsə, bir carçı belə car çəkər: “Sən mübarəksən, qədəmlərin də mübarəkdir. Sən cənnətdə özünə yer qazanmısan.” (Tirmizi).
  19. “Sadiqlik insanı yaxşılığa, yaxşılıq isə cənnətə aparır.” (Buxari).
  20. “Allah Onun yolunda cihad edənə vəd etmişdir ki, əgər o yalnız Allah rizası üçün və Onun ayələrini təsdiq edərək cihada gedərsə, onu mütləq cənnətə daxil edəcəkdir.” (Buxari).
  21. “Ey insanlar, aranızda salamı yayın, yemək yedizdirin, insanlar yatarkən siz namaz qılın! Belə etsəniz cənnətə qorxusuz daxil olarsınız.” (Tirmizi).
  22. “Bir ümrə digər ümrəyə qədər olan günahlar üçün kəffarədir. Nöqsansız edilən həccin isə cənnətdən başqa mükafatı yoxdur.” (Buxari).
  23. “Allahın doxsan doqquz adı vardır. Kim bu adları sadalayarsa, cənnətə daxil olar.” (Buxari).
  24. “Mən bir kişinin cənnətdə gəzdiyini gördüm. Onu cənnətə daxil edən səbəb, yolun üzərində insanlara əziyyət verən bir ağacı kəsməsi olmuşdu.” (Buxari).
  25. “Kim gündüz vaxtı bu duanı iman gətirərək deyər və həmin gün ölərsə, cənnət əhlindən olar. Kim də axşam vaxtı bu duanı iman gətirərək deyər və səhərə çıxmamış ölərsə, cənnət əhlindən olar.
    “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Sənə verdiyim vədi və əhdi bacar­dıqca yerinə yetirəcəyəm. Sənin yaratdıqlarının şərindən Sənə sığınıram. Mənə verilən neməti Sənə qaytarıram və öz günahlarımı etiraf edirəm. Məni bağışla. Səndən başqa günahları bağışlayan yoxdur.
    (Duanın ərəbcəsi: “Allahummə əntə rabbi lə iləhə illə əntə, xaləqtəni və ənə abdukə, va ənə alə ahdikə va vadikə məstətatu, əuzu bikə min şərri mə sənatu, əbuu ləkə binimətikə aleyyə, va əbuu bizənbi fa-ğfirli fəinnəhu lə yəğfira-z-zunubə illə ənt.”) (Buxari).

 

Hər birinizə cənnətə daxil olmaq arzusu ilə…

Feqih.com heyəti