İslam tarixi

Bədr döyüşü

sahara
Müəllif - feqih

Və onun ardından da döyüşə izn verilən ayələr nazil oldu.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İslam tarixində ən önəmli yer tutan tarixi hadisələrdən biri də  Bədr savaşıdır. Bədr savaşı İslam dövlətinin Mədinədə qurulmasından sonra müsəlmanlarla müşriklər arasında meydana gələn ilk savaş olmuşdur. Bu döyüşün adı oradakı qəsəbənin adı ilə bağlı Bədr adlandırılmışdır.

Bədr qəsəbəsi Mədinənin 120 km-də yerləşir. Bədr Məkkədən gəlib Mədinədən keçərək Suriyaya qədər uzanan yol üzərində Məkkə-Mədinə arasındakı qonaq yerlərindən biri idi. Bədr camaatı qəsəbələrinə gələn ticarət karvanlarına etdikləri xidmətlər qarşılığında əldə etdikləri qazancla dolanırdılar. Bədr qəsəbəsinin İslam savaş tarixində önəmli bir mövqeyi vardır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müşriklərlə savaşmaq üçün bura üç dəfə gəlmişdi. Birincisinə ilk Bədr döyüşü deyilir. Savaşa hələ izn verilmədiyi zamanlarda Məkkəli müşriklər müsəlmanlara hücumlarını davam etdirirdilər. Fəqət hicrətin altıncı ayından sonra cihad izin verilincə artıq müsəlmanlar özlərini və İslam dövlətini qoruma imkanı tapdılar. Bir ara müşriklər hələ müsəlman olmamış olan Kurz b. Cabirin komandanlığı altında qoşunla Mədinənin ətrafını mühasirəyə almışdılar. Kurz və yanındakı müşriklər Mədinənin şərqində Cəmma deyilən yerə gəlib müsəlmanların sürülərinə hücum etmiş və onları qəsb etmişdi. Buna görə də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinədə Zeyd b. Harisəni dövlət başçılığına vəkil təyin edib bir qrup müsəlmanla Səfavan vadisinə qədər irəlilədi. Kurz və adamlarını təqib edən Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müşriklərin izlərinə rast gəlməyib Mədinəyə geri döndü. Bu döyüşə ilk Bədr döyüşü adı verildi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu səfərə hicrətin ikinci ilində Rəbiül –əvvəl ayının əvvəllərində çıxmışdı.

Müsəlmanların hər şeylərini Məkkədə buraxıb Mədinəyə hicrət etmələri müşriklərin İslama və müsəlmanlara olan kinlərini sakitləşdirməmişdi. Hətta müsəlmanların Mədinədə dövlətlərini qurub yerləşmələri məkkəlilərə çox ağır gəlmişdi. Müşriklər İslamın uğurlarının qarşısını almaq üçün yollar axtarmağa başladılar.

Hicrətdən öncə Abdullah b. Übey b. Selül adındakı qəbilə rəisi Mədinədə tac geyinib şah olmaq istəyirdi. Fəqət yaxınlarının və dəstəkləyənlərin böyük bir qismi müsəlman olub Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) şəhərlərinə dəvət edincə artıq burada bir ərəb dövləti deyil İslam dövləti qurulmuşdu. Bunu qəbul etməyən Abdullah b. Übey üzdə İslamı qəbul etsə də gizlində münafiq olaraq qalmışdı. Bunu fürsət bilən Məkkəli müşriklər keçmiş dostları olan İbn Übeyə bir məktub yazaraq belə demişdir: “Ya siz Məhımmədi öldürün və yurdunuzdan çıxardın, ya da biz gəlib sizin üzərinizə hücum edib kişilərinizi öldürüb, qadınlarınızı əsir götürəcəyik”.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) və əshabələrinin Mədinəyə gəlmələri ilə şahlığı əngəllənən Abdullah b.Übey ətrafındakı münafiqlərlə İslamı içdən yıxmağa çalışırdılar. Münafiqlər dünya və dünya mənfəətləri ardına düşmüş müşriklərlə iş birliyinə girərək İslamın Mədinədəki hakimiyyəti və dövlətini yıxmağa çalışırdılar.

Müsəlmanlar müşriklərlə, münafiqlərin qurduqları planlardan xəbərdar oldular. Məkkəlilərin göndərdiyi bir məktub onların və Mədinədəki münafiqlərin qayələrini açıq bir şəkildə ortaya qoyur. O baxımdan müsəlmanlar çox diqqətli idilər. Bu düşmənlərdən olacaq həmlələrə hazır idilər. Rəsulullah (Allahın ona salavat və salamı olsun) ilk öncə tədbir olaraq Mədinənin çevrəsinə gözətçilər qoydu. Gözətçilər Mədinənin təhlükəsizliyinə nəzarət edəcəkdilər.

Həmzə b. Abdulmüttəlib, Übeydə b. Haris və Sad b. Əbi Vəqqas (Allah ondan razı olsun) kimi səhabələr bu gözətçilərə başçılıq edirdilər. Bunlar qan tökməməyə çalışırdılar. Yalnız Abdullah b. Cahş Bədrdən öncə düşmənlə vuruşan ilk əshabə olmuşdur. Bu hadisənin döyüşmək haram olan aylardan Rəcəb ayının son gecəsində olması, müşriklərin dedi-qodusuna səbəb oldu. Bu hadisədən sonra haram aylarda döyüşmək haqqında ayələr nazil oldu. Bu ayələrdə müsəlmanlara cihad izninin veriləcəyinə dair müjdələr vardı. Və onun ardından da döyüşə izn verilən ayələr nazil oldu. «Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!» (əl-Həcc, 22:39) «(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir)»(əl-Ənfal, 8:39).

Bu ayələr müsəlmanları müşriklərdən illərcə gördükləri işgəncələrə qarşı intiqam almağa təşviq edirdi. Ayələrdəki istək əlbəttə ki, Allah Təalaya aid idi. Əgər insanlara və Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) aid olsaydı, zatən onlar illər öncə savaşmaq və zülmə üsyan etmək istəmişdilər. Ancaq zülmə üsyan Allahın qoyduğu ölçülərə və rizasına uyğun olmalı və bir zülm aradan qaldırılarkən yerinə başqa bir zülm gətirilməməlidir. Mədinədəki İslam toplumu da bunu anlayırdı. Müsəlmanlar bunun üçün müşriklərlə savaşmağı göz önünə almışdılar.

Məkkəli müşriklər dəfələrlə müsəlmanları hədələyib, onlara imkan düşdükcə Mədinə yaxınlıqlarında zərər vururdular. Son zamanlarda Əbu Süfyanın ortaqları ilə təşkil olunan bir karvan Suriyadan mallar gətirəcək və bununla da müsəlmanlara son və qəti zərbə endiriləcəkdi. Bunu xəbər alan Rəsulullah (Allahın ona salavat və salamı olsun) vəziyyəti əshabələri ilə məsləhətləşdi. Bu karvanın Məkkəyə çatmasına əngəl olunmasına qərar verildi. Bu qərarın tətbiq olunmasına gəlindiyində Əbu Süfyan vəziyyətdən xəbər tutdu və Damdam b.Əmr-əl Ğifarini Məkkəyə göndərərək Qureyşdən kömək istədi.

Əbu Cəhl bu fürsəti qaçırmaq istəmədiyindən Kəbəyə doğru qaçdı. Müşrikləri müsəlmanlara qarşı döyüşə təşviq etdi. Carçılar küçələrə çıxaraq qışqırmağa başladılar: Əli silah tutan hər kəs silahlansın. Hətta Rəsulullah (Allahın ona salavat və salamı olsun)-in müşrik olan əmisi Əbu Ləhəb özü xəstə olduğundan yerinə kirayə tutduğu bir döyüşçünü göndərdi.

Rəsulullah (Allahın ona salavat və salamı olsun) hicrətin ikinci ili ramazan ayının səkkizinci günü Abdullah ibn Ümmü Məktumu Mədinədə qalan yaşlı və xəstələrə namaz qıldırmaq üçün vəzifə ilə təlimatatlandırdı. Yahudilərin də qarışıqlıq çıxaracaqlarından şübhələndikləri üçün Əbu Lübabəni də Mədinədə idarə edici təyin elədi.

Müsəlman ordusunun sayı üç yüz beş nəfər idi. Bunların səksən üçü Mühacirlərdən, altmış biri Evsdən, geri qalanları da Həzrəc qəbiləsindən idilər. Mühacirlərdən yalnız Osman b. Affan (Allah ondan razı olsun) xanımı Rəsulullahın (Allahın ona salavat və salamı olsun) qızı Ruqiyyə (Allah ondan razı olsun)ağır xəstə olduğu üçün Mədinədə qalmışdır.

Müsəlmanların yalnız üç atı və yetmiş dəvəsi var idi. Miniklərinə növbə ilə minmək məcburiyyətində idilər. Zəfiran deyilən bir yerə gəldiklərində Məkkəli müşriklərin böyük bir ordu ilə üzərilərinə gəlməkdə olduqlarını öyrəndilər. Bir az dayanıb tərəddüd etdilər. Çünki onların böyük hazırlıqlarla gələn Məkkə ordusuna qarşı müqavimət göstərəcək qədər qoşunları yox idi. Buna hazır deyildilər. Rəsulullah (Allahın ona salavat və salamı olsun) yenə də əshabələri ilə məsləhətləşdi. Karvanın arxasınca mi gedilməli idi, yoxsa müşrik ordusuna qarşı mübarizə aparılmalı? Allah Rəsulu və Mühacirlər ordunun qarşısına çıxmağın tərəfdarı idilər. Ənsar isə, Əqəbə beyətində verdikləri sözə uyğun olaraq Mədinədə Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) qorumalı idilər. İndi isə Mədinə xaricində idilər. Rəsulullah (Allahın ona salavat və salamı olsun) onların rəylərini soruşdu. Ənsardan Sad b.Muaz  (Allah ondan razı olsun)belə dedi: “Ya Peyğəmbər, biz sənə inandıq. Allah tərəfindən gətirdiklərinin haqq olduğunu təsdiq etdik. Artıq siz nə diləsəniz əmr edin. Səni göndərən Allah haqqı üçün artıq dənizə belə girsən, biz də səninlə bərabər dənizə girəcəyik. Heç birimiz döyüşməkdən geri çəkilməyəcəyik. Bizdən məmnun qalacağın işlər nəsib etməsini Allahdan diləyirik.”

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) əshabələrinin bu birlik və bərabərliyinə çox sevindi. Allaha həmd ilə, müşriklərlə qarşılaşmaq üçün Bədr quyularına doğru yola çıxdılar…….

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sayt haqqında

feqih

Saytımızın əsas məqsədi adından da göründüyü kimi bu dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır. Daha ətraflı

Leave a Comment