Məqalələr

Aşura günündə edilən bidətlərin tarixi

ashura-gununde-edilen-bidetlerin-tarixi

“…Hər bidət zəlalətdir. Hər zəlalət (sahibi) oddadır”

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

«Dində sonradan çıxarılan hər bir yenilik bidətdir. Hər bidət zəlalətdir. Hər zəlalət (sahibi) oddadır».(İbn Məcə)

Baxmayaraq ki, Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) müsəlmanların özlərinə istənilən formada xətər yetirməyini qadağan etmişdir, Aşura günü bəzi insanların zəncirlə, yumruqla döyməsi, xəncərlə başlarını yarması, üz-gözlərini cırması kimi İslamda olmayan əməllərin şahidi olmaq mümkündür: AbduLlah ibn Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyi rəvayət edilir:«Üzünə döyən, əynindəki paltarını cıran, cahiliyyə dövründəki kimi vay-şivən edərək qışqıran kəs bizdən deyil». (Buxari, Müslim) Bəs Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) qadağasına baxmayaraq, bu çirkin əməl nəyə görə bir çox hallarda qeyri-müsəlmanlarda yaxud dini ilə xüsusi tanışlığı olmayan insanlarda İslamla bağlı asossasiyalar yaradır?

İbn Kəsir (Allah ona rəhmət etsin) yazır: «Təxminən Hicrətin 400-cü ilində Banu-Buveyh dövlətində Bağdadda və digər şəhərlərdə Aşura günü təbil vurulmağa, yollar toz və samanla örtülməyə, dükanlara nimdaş, kobud parçalar asılmağa başlandı və insanlar matəm və kədərlərini nümayiş etdirməyə girişdilər. Onlardan bir çoxu Hüseynin (Allah ondan razı olsun) qətl edilərkən susuzluqdan əziyyət çəkməyinə həmrəy olduqlarını göstərmək üçün həmin gün və gecəsi su içməyi özlərinə qadağan edirdilər. Qadınlar hicablarını açaraq, üzlərinə və sinələrinə döyür, ayaqyalın küçə və bazarlarda gəzişirdilər. Bu və digər sonradan uydurulmuş biyabırçı və çirkin əməllərlə onlar hakimiyyətləri dövründə baş vermiş həmin qətl hadisəsi ilə bağlı olaraq, Əməvilər sülaləsini pisləmək məqsədi güdürdülər. Şamda isə nəsibilər onlara acıq vermək üçün qüsl alar, ətirlənər, ən gözəl geyimlərini geyərək, bayram edər, müxtəlif yeməklər bişirərək şadlanar, öz sevinclərini nümayiş etdirərdilər…»

«…Hər bir müsəlmanı Hüseynin (Allah ondan razı olsun) qətli kədərləndirməlidir, çünki o müsəlmanların əmirlərindən, elmi ilə seçilən səhabələrdən biri olmuşdur və Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) ən yaxşı qızının (Allah ondan da razı olsun) oğlu idi. O, daim Allaha ibadət edən, cəsur və əliaçıq bir müsəlman idi. Etiraz edilən onun ölümünə kədərlənmək yox, bu kədərin izhar formasıdır. Matəm və kədərin insanlara elan etmək üçün nümayişi əksər hallarda qeyri-səmimilikdən və riyakarlıqdan xəbər verir. Belə ki, Hüseynin (Allah ondan razı olsun) atası fəzilət baxımından ondan daha üstün olmaqla yanaşı, oğlu kimi o da qətl qurbanı olmasına baxmyaraq, onun ölümünün il dönümü qeyd edilmir..Babası Muhəmməd (Allahın ona salavat və salamı olsun) də hər iki dünyada Adəm övladlarının ən xeyirlisi olmasına baxmayaraq, heç kim nə onun nə də digər fəzilətli insanların ölümünü qeyd etmək niyyətində olmamışdır…»

«…Ona görə də bu və bu kimi faciəli hallarda müsəlman kədərini Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) elə Hüseynin (Allah ondan razı olsun) özündən rəvayət etdiyi hədisdə buyurulan formada izhar etməyi daha xeyirli olar: «Əgər müsəlman hətta üstündən uzun müddət keçsə də başına gələn hər hansı bir faciə haqda xatırlayaraq «istirca» sözlərini («İnnə liLLəhi va innə ileyhi raciun» (Həqiqətən biz Allaha məxsusuq və axır dönüş də Onadır)) deyərsə, Allah başına gələn həmin müsibətin dəyərində eynisi ilə onu mükafatlandırar». (İmam Əhməd, İbn Məcə Bidəyə və-n Nəhəyə)

Həmçinin İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: «Hüseynin (Allah ondan razı olsun) ölümü ilə bağlı şeytan iki bidət yaymışdır: birincisi, insanların özlərinə zərər yetirərək, vay-şivənlə və mərsiyələrlə nümayişkaranə şəkildə matəm saxlamaları…; ikincisi isə Aşura günü qüsl alaraq, bəzənərək, yeməklər hazırlayaraq, bayram etməyi…Halbuki istənilən bidət zəlalətdir və alimlər bu (sadalanan) iki əməli də qınamışdılar.» (Mənhəc əs-Sunnə)

Eləcə də qeyd etmək gərəkdir ki, bu kimi dində olmayıb, sonradan uydurulan əməllər İslam düşmənləri tərəfindən xüsusilə qızışdırılaraq, maliyələşdirilirilir ki, müsəlmanlar insanların gözlərində primitiv, barbarlardan fərqlənməyən məxluqlar kimi görünsünlər. Bu barədə Musa əl-Musavi öz kitabında yazaraq, bildirir ki, İngilis hökuməti İraqı güclə şəxsi maraqları üçün müstəmləkələşdirdikləri zaman öz əməllərinə sıravi ingilis xalqının və dünyanın gözündə bəraət qazandırmaq üçün Bağdadda Aşura günü keçirilən mərasimləri maliyələşdirər və bu barədə sənədli-filmlər hazırlayardılar. Müəllif bildirilir ki, İngilis işğalı zamanı İraqın baş naziri Yasin əl-Haşimi Londonda öz səlahiyyətlərinin bitməsinin şərtlərini müzakirə edərkən ingilislərin «Biz İraq xalqına kömək etmək və barbarizmlə mübarizə etmək üçün İraqdayıq» sözlərinə qəzəblənərək müzakirələr aparılan otağı tərk etdi. Lakin qarşı tərəf hörmətlə üzr istədikdən sonra ondan İraq barədə hazırladıqları sənədli filmə baxmağı təklif etdilər. Bu «əl-Hüseyniyyə» adlanan Aşura hadisələrindən bəhs edilən filmdə Nəcəf, Kərbəla və Kazimiyə şəhərlərində baş verən insanların bıcaq və xəncərlərlə başlarını yardığı, zəncirlərlə bədənlərinə döydükləri və kənardan özünə işgəncə verməkdən ləzzət alan insanların təəssüratını yaradan insanlar haqda söhbət açılır, sətiraltı şəkildə nazirə sivilizasiaya malik insanların özlərini belə aparmayacaqlarına işarə edilirdi.

Hazırladı: Ummu Abdul Aziz
03.11.2014

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha