Məqalələr

Alimin sənə məktubu var

alimin-sene-mektubu-var

Abdullah bin Əbdüləziz bin Bəzdən onu görən və haqqında eşidən hər bir müsəlmana!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Abdullah bin Əbdüləziz bin Bəzdən onu görən və haqqında eşidən hər bir müsəlmana!

Allah sizi razı qaldığı işlərə müvəffəq etsin, sizin elm və imanınızı artırsın.

Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!

Bildiyim qədər bir çox müsəlmanlar əqidədə səhvlərə yol verirlər. Onlar dinə əlavə edilmiş yenilikləri dinin əsası kimi qəbul edirlər.

Belə məsələlərdən biri uca Allahın yüksəkdə olmasını və ərşə istiva etməsini inkar etməkdir.

Bilmək lazımdır ki, uca Allah hörmətli kitabında bu məsələni sənə belə izah etmişdir: “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən (yüksələn), Allahdır…” (əl-Əraf: 54).

Uca Allah Kitabının yeddi ayəsində bu haqda bildirmişdir, onlardan biri də bu ayədir.

İmam Malik bin Ənəs (Allah ondan razı olsun) Allahın ərşə yüksəlməsi haqda soruşulduqda belə cavab vermişdir: “Yüksəlmək (ərəb. istiva) məlum, keyfiyyəti məchul, ona iman etmək isə vacibdir.” Digər sələf alimləri də eyni fikri bölüşüblər.

“Yüksəlmək (ərəb. istiva) məlumdur.” sözünün dilçilikdə mənası, yüksəlmək, ucalmaq deməkdir. Uca Allah buyurur: “…İndi isə hökm uca, böyük olan Allahındır!” (əl-Mumin: 12).

Digər ayədə deyilir: “Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (əl-Bəqərə: 255).

Başqa ayədə isə belə deyilir: “Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar.” (Fatir: 10).

Qurani-Kərimdə Allahın uca və yüksəkdə olmasını açıq ifadə edən, Allahın ərşin və bütün məxluqatın üzərində olmasını bildirən ayələr vardır. Bu, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) əshabı və onlardan sonra yaşayan Əhli Sünnə və Camaatın rəyidir.

Bu etiqadı yaşamaq, onu tövsiyə etmək və insanları bu etiqada zidd olmaqdan çəkindirmək vacibdir.

Müsəlmanların digər səhvi qəbirlər üzərində məscid inşa etmək, orada namaz qılmaq və qəbirlərin üzərində qübbələr tikməkdir.

Bütün bunlar şirkə səbəb olan əməllərdəndir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu əməlinə görə yəhudi və xaçpərəstləri lənətləmiş, bu kimi işlər görməyi qadağan etmiş və demişdir: “Allah yəhudi və xaçpərəstlərə lənət etsin. Onlar peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər.” (Buxari və Muslim rəvayət etmişdir).

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizdən əvvəlkilər peyğəmbərlərinin və əməlisaleh insanların qəbirlərini səcdəgah edirdilər. Siz isə qəbirləri səcdəgah etməyin! Mən bunu sizə qadağan edirəm.” (İmam Muslim Cundubdan rəvayət etmişdir).

İmam Muslim əs-Səhih kitabında Cabir bin Abdullah əl-Ənsaridən (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qəbiri əhənglə ağartmağı, onun üstündə oturmağı və üzərində tikili tikməyi qadağan etmişdir.”

Bu mənada olan hədislər çoxdur.

Müsəlmanlara bu kimi əməllərdən çəkinmək, bu işdə bir-birinə tövsiyə etmək vacibdir. Çünki Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) bu işdən çəkindirmişdir. Həm də ona görə ki, bu əməl qəbirdəkiləri Allaha şərik qoşmağa, onlara dua etməyə, onlardan kömək və yardım istəməyə və şirk sayılan digər əməllərə səbəbdir.

Allaha şərik qoşmağın ən böyük, ən təhlükəli və ən qəbahətli günah olması hər kəsə məlumdur. Hər kəsə bu əməldən, səbəblərindən və ona aparan ilk addımlardan uzaq durmaq vacibdir. Uca Allah çox ayələrdə bəndələrini bu əməldən çəkindirmişdir. Misal olaraq bu ayələri qeyd etmək olar: “Allah ona şərik qoşmağı əsla bağışlamaz, ondan başqa günahları istədiyinə bağışlayar.” (ən-Nisa: 48).

“(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!” (əz-Zumər: 65).

“Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.” (əl-Ənam: 88).

Bu mənada olan ayələr çoxdur.

Böyük şirkə aid olan əməllərə ölülərə, qeybdə olanlara, cinlərə, bütlərə, ağaclara və ulduzlara dua etmək, onlardan kömək istəmək, xəstələrə şəfa, düşmən üzərində qələbə istəmək aiddir. Qureyşli müşriklərin dini elə bu idi. Uca Allah onlar haqqında buyurur: “Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər.” (Yunus: 18).

“… Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! 3 — Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər: 2-3).

Bu mənada olan ayələr çoxdur və hamısı bildirir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) vaxtındakı müşriklər Allahın yaradan, ruzi verən, xeyir və zərər toxunduran olduğunu bilirdilər. Amma onlar öz ilahları onlar üçün Allah qarşısında şəfaətçi olsunlar və onları Allaha yaxınlaşdırsınlar deyə onlara ibadət edirdilər. Bu əməllərinə görə də Allah onları kafir adlandırmış, onların kafir və müşrik olmasını bildirmiş, ibadət yalnız Allaha məxsus olana qədər Peyğəmbərinə (Ona Allahın salavatı və salamı olsun) onlara qarşı döyüşməyi əmr etmiş, demişdir: “(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun…” (əl-Ənfal: 39).

Müsəlmanların etiqadda yol verdikləri digər səhv Allahdan başqasına and içməkdir. Məsələn, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun), yaxud kiməsə, nəyəsə and içmək kimi.

Bütün bunlar xoşagəlməz iş və Allaha şərik qoşmaqdan sayılır. Hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Kim Allahdan başqasına and içibsə, şərik qoşmuşdur.” (İmam Əhməd Ömər bin əl-Xəttabdan səhih sənədlə rəvayət etmişdir.)

Əbu Davud və Tirmizi səhih sənədlə Abdullah bin Ömər bin əl-Xəttabdan rəvayət edirlər ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Kim Allahdan başqasına and içibsə, küfr və ya şirk etmişdir.” Digər rəvayətdə isə belə deyilir: “Kim əmanətə and içərsə, bizdən deyildir.” Bu haqda deyiləcək hədislər çoxdur.

Elm adamlarının qənaətinə görə, Allahdan başqasına and içmək kiçik şirkdir. Kiçik şirk insanın islamını pozmur, lakin böyük günah hesab olunur. Bizə vacib olan bu əməldən uzaq durmaqdır. Çünki bu əməl böyük şirkə aparan əməllərdəndir. Həmçinin “Allah və filankəs istəsəydi”, “Allah və filankəs olmasaydı”, “Bu Allahın və filankəsin lütfüdür” kimi cümlələr də kiçik şirkə aiddir. Əslində doğru olan budur ki, biz bu kimi cümlələri “Allah və sonra  filankəs istəsəydi”, “Allah və sonra filankəs olmasaydı”, “Bu Allahın. sonra filankəsin lütfüdür” qaydası ilə deməliyik.

Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Allah və filankəs istəsəydi” deməyin, “Allah, sonra filankəs istəsəydi” – deyin.

Müsəlmanların etiqadda yol verdikləri digər səhv həmayil (tilsim) taxmalarıdır. Bu gün çox müsəlmanlar sümükdən, parçadan və ya bu kimi şeylərdən düzəldilmiş həmayillər taxırlar. Şəriətdə buna “Təmimə” (tərcümədə həmayil, tilsim) deyilir.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim təmimə taxarsa, Allah onun işini tamamlamasın. Vədə – gözmuncuğu gəzdirənə Allah rahatlıq verməsin. Kim həmayil gəzdirərsə, şirk etmişdir.” “Ruqyə (ovsun), Təmimə (amulet) və Tivələ (kişi qadını sevmək üçün edilən sehr) şirkdir”.

Bu hədislər Quran ayələrindən və digər sözlərdən yazılan ovsunların da qadağan olduğunu bildirir. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) heç bir ovsun taxmağa icazə verməmişdir. Həmçinin Qurandan olan ovsunu taxmaq, başqa növ ovsunları taxmağa səbəb olur. Ona görə də şəriət bütün növ ovsunları taxmağı qadağan etmişdir ki, şirkə aparan səbəblərin qarşısı alınsın, tövhid tam yaşansın. İstisna olunan yalnız bir adamın Quran ayələrini və duaları oxuyaraq qarşısındakı adamı ovsun (ərəb. Ruqyə) etməsidir. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) şirk olmayan bu növ ovsunları icazəli saymış və demişdir: “Əgər şirk deyilsə, ruqyə emtək olar.”

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) özü bəzi səhabələri ruqyə etmişdir. Belə ki, əgər ruqyə Qurandan, səhih sünnədən və şirk olmayan açıq-aydın sözlərdəndirsə, icazəlidir.

Müsəlmanların məruz qaldıqları digər bir bidət, dində yenilik, mövlud etməkdir. İstər Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) mövludu, istərsə də başqasının, fərqi yoxdur hamısı bidətdir. Çünki nə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun), nə raşidi xəlifələri, nə əshabələri (Allah onlardan razı olsun), nə də üç əsrdə onların ardıcılları olmuş sələflərimiz mövlud qeyd etməyiblər.

İlk dəfə mövlud Fatimilər dövləti tərəfindən qeyd edilib. Sonra dini haqqında cahil olan və bidətçilərə təqlid edən bəzi Əhli Sünnə mövlud qeyd etməyə başlayıb.

Halbuki hər kəsə bu kimi əməllərdən uzaq durmaq vacibdir. Çünki bunlar hamısı dinimizə əlavə edilmiş bidətlərdir.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Dində yeniliklər etməyin! (Din adı ilə edilmiş) hər bir yenilik bidətdir, hər bir bidət isə zəlalətdir.”

“Kim bizim dinimizə ondan olmayan bir şeyi əlavə edərsə, rədd olunar.”

“Kim bizim əmrimiz olmayan bir işi edərsə, rədd olunar.”

O həmçinin xütbələrində belə deyərdi: “Ən doğru kəlam Allahın kəlamı, ən dəyərli yol Muhəmmədin yoludur. Ən şər əməllər dinə edilmiş yeniliklərdir. Hər bir bidət isə azğınlıqdır.”

Bu xüsusda hədislər olduqca çoxdur.

Mövlud etmək həmçinin şirkə səbəb olan mübaliğə və şirk qapısını açır. Bundan çəkinmək və insanları çəkindirmək vacibdir. Biz bir-birimizə sünnə ilə getməyi tövsiyə etməli, sünnəyə zidd olanları tərk etməliyik.

Allahdan diləyirik ki, bizi və cəmi müsəlmanları razı qaldığı işlərə müvəffəq, dinimizdə anlayışlı və sabitqədəm olmağı nəsib etsin. Bizi və cəmi müsəlmanları fitnələrin azğınlığından və şeytan həmlələrindən qorusun. Həqiqətən, buna qadir olan Odur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti