Aktual Əxlaq İbrət al Məqalələr Sira

Əsl zahidlik nümunəsi — Səhabə və Tabiin nəsli

zuhd

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əbubəkr əs-Siddiq

Möminlərin anası Aişə (Allah ondan razı olsun) buyurur:

— Allaha and olsun ki, Əbubəkr əs-Siddiq vəfat etdikdə, özündən sonra nə bir dinar, nə də bir dirhəm qoymadı.

Həmçinin Aişə (Allah ondan razı olsun) buyurur:

— Əbubəkr ölüm yatağında ikən dedi: “Əbubəkr ailəsində dəvə və qılınc ustası olan kölədən başqa bir mal yoxdur. Bu kölə müsəlmanların qılınclarını düzəldər, həmçinin bizə də xidmət edərdi. Mən öldükdən sonra onu Ömərə ver.”

Onu Ömərə göndərdiyim zaman isə, o dedi: “Allah Əbubəkrə rəhmət etsin. Özündən sonra gələnləri yordu!” (yəni, özündən sonra gələn möminlər ona bənzəməyə çalışacaq və bu yolda yorulacaqlar! – tərc.)

Həsən rəvayət edir ki, Əbubəkr (Allah ondan razı olsun) ölüm ayağında ikən Əbu Hureyra onun yanına girdi və dedi:

— Ey Rəsulullahın xəlifəsi! Mənə nə nəsihət edirsən?!

Əbubəkr əs-Siddiq dedi:

— Allah (subhənəhu və təalə) dünyanı önünüzə sərdikdə, ondan yalnız öz payınızı götürün. Sübh namazını qılan hər kəs, Allahın tərəfindədir. Allahın tərəfində olduğun zaman isə Onun əhdini pozma, yoxsa Uca Allah səni üzü üstə oda sürükləyər!

Aişə (Allah ondan razı olsun) buyurur:

— Əbubəkrdən başqa yediyini öz istəyi ilə qusan digər bir kəs tanımıram. Ona bir yemək gətirildi, yedikdən sonra ona “bunu ibn Numən gətirdi!” dedilər. Bunu eşitdikdə Əbubəkr dedi: “İbn Numənin kahinliklə qazandığını mənə yedirtdinizmi?”
Sonra da yediyini qusdu.

Həsən Əbubəkrin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Vallahi ki, kəsilən və doğranan bu ağacın yerində olmaq istəyərdim.”

Qatadə rəvayət edir ki, Əbubəkr (Allah ondan razı olsun) deyərdi: “Kaş ki, heyvanların yediyi bir ot olardım!”

Qasim (Əbubəkri) qəsd edərək belə demişdir: “Elə insanlar vardır ki, onların zikr ediləcək bir nöqsanları yoxdur!”

Müaviyə ibn Əbi Sufyən (Allah ondan razı olsun) demişdir:

— Dünya Əbubəkri istəmədi, heç o da dünyanı istəmədi. Dünyə Ömər ibnul Xattabı istədi, fəqət o dünyanı istəmədi.

Ömər ibnul Xattab

Yəhyə ibnul Cədə rəvayət edir ki, Ömər demişdir:

— Bu üç şey olmasaydı, Allaha qovuşmağı seçərdim: Allah üçün səcdəyə getmək olmasaydı, ən gözəl meyvələr seçildiyi kimi, ən xeyirli sözlərin seçildiyi məclislərdə iştirak etməsəydim və Allah yolunda cihada çıxmasaydım.

Həsən rəvayət edir ki, bir gün Ömər ibnul Xattab bir zibilliyin yanından keçərkən orada dayandı və zibilliyə baxmağa başladı. O qədər baxdı ki, yanında olanlar narahat olmağa başladılar. Sonra isə dedi: “Baxın, şəhvətlə uğrunda çalışdığınız
dünyanız budur!”

Osman ibnul Əffan buyurur:

— Ömər ibnul Xattabın ölüm ayağında ikən üç dəfə bu sözləri təkrar etdiyinin şahidi oldum: “Əgər Allah məni bağışlamasa vay mənim halıma”

Zeyd ibnul Eyşəm babasından rəvayət edir ki, İnsanlara qıtlıq üz vermişdir. Ömər zeytun yeyirdi və bu səbəbdən qarnı quruldadı. Ömər qarnına vuraraq dedi: “İstədiyin qədər qurulda, Allaha and olsun ki, insanlar yağ yemədikcə, sən də yeməyəcəksən!”

Huzeyfə danışır ki, insanların qabağında ətlərin olduğunu gördüm. Ömər məni çağırdı, mən də gəldim. Ömər çörəklə yağ istədi. Ona dedim: “Məni ət yeməkdən məhrum edib, bunları yeməyə dəvət etdin?” Ömər mənə dedi: “Mən səni öz yeməyimə dəvət etdim. O isə gördüyün müsəlmanların yeməyidir.”

Müaviyə rəvayət edir ki, Ömər demişdir:

— Ey Müaviyə, mən gündüzlər yatsam xalqımı itirərəm, gecələr də yatsam özümü itirmiş olaram.

Həsən rəvayət edir ki, bir gün Ömər ibnul Xattab oğlu Abdullahın yanına girdi və gördü ki, onun yanında bir parça ət var. Bu nədir? –deyə soruşdu. Abdullah dedi: Nəfsim istədi!
Ömər ibnul Xattab dedi: “Sən hər nəfsin istəyəni yeyirsənmi? Bir kəsə nəfsinin hər istədiyini yemək – israf üçün kifayətdir.”

Əbu Məzin deyir ki, Ömərin əynində yamaqlı bir köynək gördüm, baxdım ki, düz on iki dənə yamağı var.
Həsən rəvayət edir ki, Ömər ibnul Xattab xəlifə ikən on iki yamağı olan bir köynəkdə xütbə verdi.

Qatadə rəvayət edir ki, Cümə günlərinin birində Ömər gecikdi. Tələsik gəldi, gecikdiyi üçün üzrxahlıq edərək dedi: “Məni gecikdirən əynimdəkinin yuyulması oldu. Mənimsə ondan başqa bir geyimim yoxdur”

Osman ibnul Əffan

Həsən deyir ki, Osman həyasından dolayı qapıları bağlı olan bir evdə olsa da, yuyunarkən paltarını tam soyunmazdı.

Humeyd rəvayət edir ki, Ömər ilə Osman yeməyə dəvət edildilər. Yedikdən sonra çıxıb gedərkən, Osman Ömərə dedi: “Bir yemək gördük ki, kaş görməyərdik.” Ömər: Nə üçün? – deyə soruşduqda, Osman dedi: “Qorxuram ki, bu yemək lovğalanmaq
üçün bişirilmiş olsun!”

Zubeyr ibn Abdullah deyir ki, babam (Əbu Xalid, Osmanın köləsi idi) mənə demişdir:
— Allah ona rəhmət etsin, Osman ibnul Əffan gecə ikən ev əhlindən heç kəsi oyatmazdı. Fəqət, kimin oyaq olduğunu görərdisə, dəstəmaz almaq üçün suyu tökməyə çağırardı. Əksər günlərini isə oruclu keçirərdi.

Həmədani xəbər verir ki, Osmanı xəlifə ikən qatır üzərində gördüm, arxasında köləsini mindirmişdir.

İbn Sirin rəvayət edir ki, Osman öldürüldüyü zaman zövcəsi demişdir: “Siz onu öldürdünüz, hərçənd ki, o, gecələri bir rükətdə Quranı xətm edərək keçirərdi.”

Amrə bintul-Qeys buyurur:

— Osman öldürüldüyü il Aişə ilə birlidkə Məkkəyə getdik. Mədinəyə çatdıqda Osmanın öldürüldüyü an oxuduğu mushafı gördük. Qan damlası bu ayənin üzərinə axmışdır: “Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir! (Bəqərə
surəsi, 137)”

Əbu Hureyra (Allah ondan razı olsun) buyurur:

— Osman evində qırx gün mühasirə altında qaldı. Məndən sahur vaxtı onu oyatmağımı istədi. Səhər olduqda gəldim və “Ey möminlərin əmiri, Allah sənə rəhm etsin, sahurdur”- dedim. O üzünü (əlləri ilə) ovuşduraraq dedi: SubhənAllah! Ey Əbu Hureyra. Yuxumu kəsdin. Yuxuda Rəsulullahı görürdüm. Mənə: “Sabah bizimlə iftar edəcəksən dedi.” Və elə ertəsi gün də (Osman) öldürüldü!

Osmanın köləsi Həni buyurur:

— Osman hər hansısa bir qəbrin başında durduğu zaman saqqalı islanıncaya qədər ağlayardı. Ona “Cənnəti (və cəhənnəmi) xatırlayırsan ağlamırsan, buna görə ağlayırsan?” –deyildi. O dedi: “Rəsulullah (sallAllahu aleyhi və səlləm) demişdir: “Qəbr Axirət məskənlərinin ilkidir. Əgər insan ondan qurtularsa, ondan sonrakılardan da asan qurtular. Əgər qurtula bilməzsə, ondan sonkarılar daha şiddətli olacaqdır!”

Abdullah ər-Rumi rəvayət edir ki, Osman demişdir:
— Hansına yerləşdiriləcəyimi bilmədən Cənnətlə Cəhənnəm arasında olsam, hara düşdüyümü bilənə qədər kül olmaq istəyərdim.

Zubeyr ibn Abdullah nənəsi Zuheyyənin belə dediyini rəvayət edir: “Osman gündüzləri orucla, gecələri isə ibadətlə keçirərdi. Yalnız gecənin əvvəlində yüngül yuxuya dalardı.”

Əli ibn Əbu Talib

Yezid ibn Mihcən rəvayət edir ki, Rahbədə Əli ilə birlikdə idim. Bir qılınc istədi və onu qınından çıxararaq “Bunu kim alar?”-dedi. Sonra isə buyurdu: “Vallahi, üstümdə bir geyim ala biləcək qədər pulum olsaydı, heç bunu satmazdım.”

Amr ibnul Həbəşi rəvayət edir ki, Əli ibn Əbu Talib öldürüldükdən sonra oğlu Həsən bir xütbə verdi və buyurdu: “Öncəkiləri elmi ilə keçdiyi, sonrakıların da ona yetişə bilmədiyi bir insan sizdən ayrıldı. Əgər Rəsulullah (sallAllahu aleyhi və səlləm) ona bayrağı verər və göndərərdisə, göndərildiyi yeri fəth etməyincə geri çəkilməzdi. (Lakin) o, nə qızıl, nə də gümüş qoyub getmədi. Özündən sonra ancaq yeddi yüz dirhəmi qaldı. Əhlinə xidmət göstərəcək bir kəsi də yoxdur!”

Abdullah ibnuz-Zubeyr

Urvə rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) mənə dedi: “Şübhəsiz ki, sənin atan böyük sıxıntıya düçar olduqdan sonra Allah və Rəsuluna icabət edib, gözəl əməllər edən, təqva sahibi olan və böyük mükafata nail olanlardandır. ”

Hişəm ibnul Urvə deyir ki, Muhəmməd ibnul Munkədir mənə dedi: “Abdullah ibnuz-Zubeyri namaz qılarkən qiyamda görsəydin, “Bu küləyin əsdirdiyi bir ağacdır!” deyərdin.”

Abdullah ibn Məsud

Abdullah ibnul Utbə rəvayət edir ki, Abdullah ibn Məsud insanların yuxuya getdiyi vaxt qalxar və ondan arının səsi kimi bir səs eşidilərdi.

Məsruk rəvayət edir ki, Abdullah ibn Məsud demişdir: “Oruclu olduğunuz zaman dodaqlarınıza yağ sürtün ki, heç kim oruc tutduğunuzu hiss etməsin!”

Mənsur danışır ki, Abdullah ibn Məsud namaz qıldığı zaman, sanki atılmış bir paltarı xatırladardı.

Məin rəvayət edir ki, Abdullah ibn Məsud demişdir: “Bacarsan özünü Quran ilə həmsöhbət eylə! Allahın (subhənəhu və təalə) “Ey iman gətirənlər!” dediyi zaman (xitabın sənə olunduğunu düşünüb) qulağını geniş aç, çünki bu an ya xeyir əmr ediləcək, ya da şərdən çəkindiriləcəkdir!”

Abdurrahmən ibnul Həmid rəvayət edir ki, Abdullah ibn Məsud cənazədə gülən bir kəsi gördü və ona dedi: “Cənazədə gülürsən? Səninlə daha danışmaram!”

Abdullah ibn Məsud buyurur: “Quran əhli – insanlar yatdıqları zaman gecənin qiymətini, insanlar yeyib içdikləri zaman gündüzün dəyərini, xalq sevinc içində ikən hüznün gerçək mənasını, onlar gülərkən göz yaşın nə olduğunu, insanlar xəta edərkən susmağı, insanlar aldandıqları zaman isə xüşu içində olmağı bilməlidir. Quran əhlinə gözü yaşlı, hüznlü və ağır olmaq yaraşır. Onlara kobud, qafil, məzəli və sərt olmaq yaraşmaz.”

Məin ibnus Saad rəvayət edir ki, Abdullah ibn Məsud bir gün dəmirçilərin yanından keçərkən, köz halına gəlmiş dəmirləri gördü və hönkürtü ilə ağlamağa başladı.

Muhəmməd ibn Sirin rəvayət edir ki, Abdullah ibn Məsud bir nəfərə yardım edib, onun ehtiyacını ödədi. Evə gəldikdə bir hədiyyə gördü və onun nə olduğunu soruşdu. “Sənin yardım etdiyin adam göndərdi.” –dedilər. Bunu eşidən Abdullah ibn Məsud dedi: “Onu tez evdən çıxarın. Mən etdiyimin əvəzini bu dünyada almaram!”

Təmim əd-Dari

Rəvayət edilir ki, Təmim əd-Dari bir gün Casiyə surəsini oxuyurdu. “Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)” –ayəsinə çatdıqda ağlamağa başladı və səhər açılanadək ağlayaraq bu ayəni təkrar etdi.

Əbu Ubeydə ibnul Cərrah

Qatadə rəvayət edir ki, Əbu Ubeydə demişdir: “Kaş ki, bir qoç olardım. Sahibim məni kəsər və ətimi yeyərdi.”

Hişəm babasından (Urvədən) rəvayət edir ki, bir gün Ömər ibnul Xattab Şama səfər etmişdir. Şəhərin hakimləri onu qarşıladılar, Ömər soruşdu: “Qardaşım hanı?” Onlar dedi: “Ey möminlərin əmiri, qardaşın kimdir?” Ömər: “Əbu Ubeydə!” –dedi. Bu vaxt Əbu Ubeydə dəvə ilə gəldi və Öməri salamlayıb, hal-əhval tutdu. Sonra Ömər onun evinə getdi. Evində qılınc, mizraq və qalxandan başqa heçnə görməyib dedi: “Bir az əşya toplayardın!” Əbu Ubeydə dedi: “Cənnətə girməyimiz üçün bunlar kifayət deyilmi?”



Abdullah ibnul Mubərakın “Kitəbuz-Zuhd vər-Raqaiq” və Əhməd ibn Hənbəlin “Zuhd” kitabı əsasında…

Hazırladı: Ummu Suleyman

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment