Ailə və Uşaq tərbiyəsi Əxlaq Məqalələr Qadınlar üçün

Ər və arvad arasında olan xəlvətdəki münasibətlər haqda danışmağın qadağan olması

قثي

Uca Allah (subhənəhu və təalə) buyurur: «..Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız.» (əl-Bəqara surəsi, 187).

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allah (subhənəhu və təalə) buyurub: «…Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar…» (ən-Nisa surəsi, 34).

Başqa bir ayədə isə Uca Allah (subhənəhu və təalə) buyurur: «..Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız.» (əl-Bəqara surəsi, 187). Burada “libas” sözü “örtük” mənasında işlənmişdir. Bu örtük, hər şeydən, eləcə də, ərlə arvad arasında olan xəlvətdəki münasibətlərin danışılmasından qoruyan bir örtükdür. (Təfsir ər-Razi 5/115)

Həmçinin Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayətində Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) belə nəql etdiyini söyləyir: «Şübhəsiz, Qiyamət günündə Allah yanında ən pis insanlar, öz zövcələri ilə yaxınlıq edib, bu sirri başqalarına açan kimsələrdir.» (Muslim 1437) Şeyx Şəmsul-Həqq ‘Azim Əbədi öz “Əun əl-Mə`bud” adlı əsərində qeyd edir ki, “sirr” kəlməsi altında nəzərdə tutulan, “xəlvət münasibətləri”dir. Həmçinin İmam əs-Sənəni deyir ki, bu hədis həm kişilərə və həm də qadınlara nisbət olunub.

Əsma bint Yezid (Allah ondan razı olsun) rəvayət edir ki: «Bir gün Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına toplaşmışdıq. Orada həm qadınlar həm də kişilər var idi. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) üzünü onlara tutub soruşdu: “Yəgin ki, kişilərdən kimsə bəzən öz zövcəsi ilə nə etdiyini, və qadınlardan bəziləri isə öz əri ilə nə etdiyini danışır?”. Camaatdan heç bir cavab gəlmədi. Bu zaman Əsma bint Yezid (Allah ondan razı olsun) dedi: “Allaha and olsun, ey Allahın Rəsulu. Həqiqətən də qadınlar və kişilər bu barədə danışır”. Onda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Bunu etməyin! Həqiqətən bu, iki şeytanın cammat önündə etdiklərinə bənzəyir”» (Əhməd 2/540, Əbu Davud 1/339, İbn əs-Sunni 609, Albani səhih olduğunu deyib).

Lakin öyrənmək və müəyyən məsələləri aydınlaşdırmaq üçün bəzi istisnalar vardır ki, bu barədə Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) zövcələrindən bir neçə hədis varid olmuşdur. Aişa bint Əbi Bəkrdan (Allah ondan və atasından razı olsun) rəvəyət olunan hədisdə belə deyilir: «Mən heyz olduğum vaxt, Peyğəmbər (Allahın salavatı və salamı olsun) mənə izar geyməyini buyurdu, və sonra isə məni oxşamağa başladı.» (əl-Buxari 300, Muslim 293).

Və ya hədislərdən birində rəvayət olunduğu kimi, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) oruc zamanı zövcəni öpməyin caiz olub olması barəsində suala cavab verərkən, bunu zövcələri ilə etdiyini deməsini də, misal gətirmək olar. Başqa bir misal isə Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək, cinsi əlaqə zamanı hansı hərəkətin caiz, hansı hərəkətin isə caiz olmamasını soruşması rəvayət olunur.

Bütün bu hallar ər-arvad arasında olan xəlvətdəki münasibətlər haqqındadır. Lakin, bunlar, dərinliyə varmadan, ümmətə nəyin caiz olub nəyin caiz olmamasını çatdırmaq üçün danışılıb.

Əfsuslar olsun ki, indiki zamanda, “xəlvət münasibətlərini” danışıq dili ümumiləşmişdir, Allah bizi bunlardan qorusun!

Hazırladı: Ummu Muqbil

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment